...

Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması regiondakı vəziyyəti qabaqcadan müəyyən etməyə imkan verəcək - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Avqust 2011 13:50 (UTC +04:00)
Bu, Ermənistan Prezidenti Serj Sarkisyanın öz məsuliyyətini başqasının üzərində atmağa cəhd edərkən danışdığı məşhur nağıllardır.
Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması regiondakı vəziyyəti qabaqcadan müəyyən etməyə imkan verəcək - XİN

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir S.Ağayeva/

Bu, Ermənistan Prezidenti Serj Sarkisyanın öz məsuliyyətini başqasının üzərinə atmağa cəhd edərkən danışdığı məşhur nağıllardır. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev Ermənistan Prezidentinin bəyanatını şərh edərkən bildirib.

Çərşənbə axşamı Sarkisyan XİN mərkəzi aparatının və Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri ilə keçirdiyi müşavirədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına və Kazan görüşünün nəticələrinə dair bir sıra bəyanatlarla çıxış edib.

Abdullayevin sözlərinə görə, Sarkisyan özünün əsassız bəyanatları ilə diqqəti Azərbaycan tərəfə yönəltməyə çalışır və bu, həm də Kazan görüşü məsələsinə aiddir. Onun sözlərinə görə, Sarkisyanın belə bəyanatları daxili tələbata hesablanıb, xarici səviyyədə isə hər şey başqa cür müzakirə olunur.

"Bizim mövqeyimiz dəyişməzdir. Münaqişənin nizamlanması üçün Ermənistan əvvəlcə öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır. Bu addım regiondakı vəziyyəti qabaqcadan müəyyən etməyə imkan verəcək", - Abdullayev deyib.

Onun sözlərinə görə, status-kvonun qənaətbəxş olmadığını ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (Fransa, ABŞ və Rusiya) prezidentləri də öz bəyanatlarında bildiriblər ki, bu da beynəlxalq birliyin mövqeyinin Azərbaycanın mövqeyi ilə üst-üstə düşdüyünü bir daha göstərir.

"Erməni fobiyası barədə danışarkən qeyd etmək lazımdır ki, əvvəllər Ermənistanın ali rəhbərliyi azərbaycanlıların və ermənilərin etnik baxımdan bir araya sığmadığını qeyd edirdi. Ermənistandan fərqli olaraq, Azərbaycan bizdə erməni əhalinin olması və erməni kilsəsinin bərpası ilə həmişə öz tolerantlığını nümayiş etdirib", - Azərbaycan XİN-in nümayəndəsi bildirib.

Abdullayevin sözlərinə görə, Sarkisyan öz qeyri-konstruktiv bəyanatları ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına hazır olmadığını nümayiş etdirir, eləcə də regionda sülhün və sabitliyin bərpasının təmin olunmasına mane olur.

"Sarkisyan özünün pozucu yanaşmaları ilə artıq Ermənistanı iqtisadi tənəzzülə gətirib çıxarıb", - Abdullayev bildirib.

Prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər. Son üç il ərzində sayca doqquzuncu olan bu görüş nizamlamanın əsas prinsipləri üzrə razılaşma əldə olunmadan başa çatıb. Birgə bəyanatda tərəflər yalnız bu məqsədə doğru yolda irəliləyişin olduğunu qeyd ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti