...

Bayram Səfərov: Şuşalılar istər sülh, istərsə də müharibə yolu ilə olsun, torpaqlarına qayıdacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 May 2012 11:33 (UTC +04:00)
Ermənilər bilməlidirlər ki, şuşalılar istər sülh, istərsə də müharibə yolu ilə olsun, torpaqlarına qayıdacaqlar.
Bayram Səfərov: Şuşalılar istər sülh, istərsə də müharibə yolu ilə olsun, torpaqlarına qayıdacaq

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.Mehdiyev/

Ermənilər bilməlidirlər ki, şuşalılar istər sülh, istərsə də müharibə yolu ilə olsun, torpaqlarına qayıdacaqlar. Bunu cümə axşamı Trend-ə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

"Biz mütləq doğma torpaqlarımıza qayıdacağıq. Ermənilər öz yerlərini bilməlidirlər. Bütün Azərbaycan xalqı ali baş komandanın əmrini gözləyir. Xalqımız torpaqlarını geri qaytarmağa həmişə hazırdır. Azərbaycanın bu gün müasir silahlanmış ordusu var və Azərbaycan oğulları da torpaqlarını azad etməyə qadirdirlər", - Səfərov əlavə edib.

Onun sözlərinə görə, Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlanıb.

"Ölkəmizin bütün ərazisində Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşanın işğalı ilə bağlı tədbirlər, anım mərasimləri keçirilir. Mayın 8-də Şəhidlər xiyabanını ziyarət edəcəyik. Daha sonra tədbirlər planına uyğun digər tədbirlər keçiriləcək. Mayın 4-də resbublikanın bütün təhsil ocaqlarında Şuşanın işğalı ilə bağlı dərs keçiləcək. Beynəlxalq təşkilatlara müraciətlər hazırlanır", - Səfərov qeyd edib.

1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə başa çatan əməliyyat keçirib. Şəhərin kütləvi şəkildə artilleriya atəşinə tutulması mayın 8-də səhər saat 6-dək davam edib. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Hücum Rusiyanın əvvəldən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib.

Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarla mədəniyyət obyekti işğal altında qalıb.

Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb, işğal nəticəsində təxminən 22 minə yaxın insan qaçqın düşüb.

Xəbər lenti

Xəbər lenti