...

Fazil Mustafa: Beynəlxalq təşkilatlar səviyyəsində mülki şəxslərin girov götürülməsi ənənəsinə etiraz edilməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2014 13:18 (UTC +04:00)
Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş azərbaycanlılarla görüşlərin təşkil edilməsi və onların Azərbaycana qaytarılması məsələsində məsuliyyət Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) üzərində düşür.
Fazil Mustafa: Beynəlxalq təşkilatlar səviyyəsində mülki şəxslərin girov götürülməsi ənənəsinə etiraz edilməlidir

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlkin İzzət/

Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş azərbaycanlılarla görüşlərin təşkil edilməsi və onların Azərbaycana qaytarılması məsələsində məsuliyyət Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) üzərində düşür. BQXK bu məsələdə daha obyektiv davranış ortaya qoymalıdır. Lakin biz bunu müşahidə etmirik. Girov götürülmüş şəxslərlə davranış qaydalarını özündə əks etdirən Cenevrə Konvensiyanın tələblərinə uyğun olaraq, beynəlxalq təşkilatlar səviyyəsində mülki şəxslərin girov götürülməsi ənənəsinə etiraz edilməlidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa iyulun 11-də Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda 3 mülki azərbaycanlının Ermənistan hərbçiləri tərəfindən girov götürülməsi, ermənilərin onlarla hərbi əsir kimi davranaraq girovlara işgəncə verməsi və hələ də beynəlxalq təşkilatların nümayəndələri ilə görüşünə şərait yaratmaması məsələsinə münasibət bildirərkən deyib.

Millət vəkili hesab edir ki, artıq vəziyyət elə həddə gəlib çatıb ki, istər bu məsələdə, istərsə də ümumən Dağlıq Qarabağ probleminin həllində beynəlxalq təşkilatlara, nə də hegemon dövlətlərə bel bağlamağın mənası yoxdur: "İndi dünyanın şərtləri belədir. Fələstindəki vəziyyət göstərdi ki, məsələ hansı istiqamətdə yön alır və bir tərəfin marağına uyğun həll olunur. ABŞ kimi dövlət belə Fələstində az insan öldürülməsi təklifi ilə çıxış edir. Baxın, insan öldürmə vəhşiliyi artıq o həddə gəlib çatıb ki, daha az insan öldürülməsi hədd kimi tələb edilir. Kəlbəcərdəki hadisələrlə də bağlı eyni xəttin izlənildiyini görürük. Beynəlxalq təşkilatların da yanaşmasında eyni problem durur. Bu gün ən böyük beynəlxalq təşkilat Birləşmiş Millətlər Təşkilatıdır (BMT). Bu gün Fələstində yüzlərlə uşaq öldürülür, amma BMT bunu yalnız qınamaqla kifayətlənir və bir dənə də artıq söz deyə bilmir. Bu gün BMT "kukla qurum"a çevrilib".

Bu baxımdan, F.Mustafanın fikrincə, artıq Azərbaycan atacağı addımlarını özü müəyyənləşdirməlidir: "Beynəlxalq təşkilatlar nəyə göz yumursa yumsun, biz öz dərdimizə özümüz çarə tapmalıyıq. Əks halda, bizim bu proseslərdə uğur qazanmağımız mümkün deyil. Hər tərəfdən bizə təzyiqlər edildiyi də ortalıqdadır. İnsanlarımız anlayır ki, bu məsələ Azərbaycanın öz öhdəsində olan məsələdir. Bir-iki qurban verməyimiz hələ bu yolun başlanğıcıdır. Biz müharibə aparmaq istəyiriksə, bunun yollarını da özümüz düşünməli və beynəlxalq təşkilatlara ümid edərək addımlar atmamalıyıq. Artıq ümid etməyin mənası qalmayıb. Ermənistana qarşı müharibə aparmaq istəyiriksə, hazırlıqlı hərbi şəxslərin Ermənistanda müəyyən fəaliyyət göstərməsi, orada vahimə yaratması, torpaqlarımızın geri alınması üçün müəyyən addımların atılmasını təşviq etməliyik. Başqa yolu yoxdur".

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılıb.

Bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə bəyan edib ki, son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda, o cümlədən video və fotomateriallarda Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilən Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə deyib ki, ermənilər tərəfindən 2 nəfərin girov götürülməsi və bir nəfərin öldürülməsi ilə bağlı kütləvi informasiya vasitələrində haqqında məlumat yayılan azərbaycanlı şəxslərin ailələri rəsmən Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib. Hazırda BQXK bu məsələ ilə əlaqədar tərəflərlə dialoqu davam etdirir. Bundan daha öncə BQXK bəyan etmişdi ki, Azərbaycanın hakimiyyət orqanları Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə Azərbaycan vətəndaşının saxlanılması haqqında kütləvi informasiya vasitələrində gedən məlumatları dəqiqləşdirmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət ediblər. Onun sözlərinə görə, Azərbaycan tərəfi BQXK-dan məlumatın təsdiqləndiyi halda mandatına uyğun prosedurları həyata keçirməyi xahiş edib.

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı rəsmi açıqlama verərək bəyan edib ki, Ermənistan mediasında yayılan məlumatda adı çəkilən şəxslər Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir. Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, işğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddialaraına baxmayaraq, bu şəxslər heç bir dövlət sərhəddini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir.

Ermənistan tərəfi Kəlbəcərdə saxlanılan azərbaycanlıları "diversant" kimi qələmə verməyə çalışır və onların separatçı rejimin qanunları əsasında mühakimə olunacaqlarını bildirib. İyulun 17-də isə Ermənistanın müdafiə naziri Seyran Ohanyanın hökumətin iclasında çıxış edərək Azərbaycandan Kəlbəcərə gedən bütün yolların tapılacağını və minalanacağı bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti