...

Britaniyalı deputat azərbaycanlı məcburi köçkünlərin məsələsinin parlamentdə qaldırılacağını deyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2014 15:04 (UTC +04:00)
Britaniyalı parlamentarilər Dağlıq Qarabağ münaqişəsinin həll olunması və məcburi köçkünlərin evlərinə qayıda bilməsi üçün Böyük Britaniya parlamentində məsələ qaldıracaqlar.
Britaniyalı deputat azərbaycanlı məcburi köçkünlərin məsələsinin parlamentdə qaldırılacağını deyir

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Səbinə Əhmədova/

Britaniyalı parlamentarilər Dağlıq Qarabağ münaqişəsinin həll olunması və məcburi köçkünlərin evlərinə qayıda bilməsi üçün Böyük Britaniya parlamentində məsələ qaldıracaqlar. Trend-in Avropa Azərbaycan Cəmiyyətinə istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın Tamvörs vilayətindən millət vəkilliyinə seçilmiş Kristofer Pinçer bildirib.

K.Pinçer qeyd edib: "Britaniyalı parlamentarilər məcburi köçkünlər üçün Şəkidə salınmış yeni qəsəbələrə baş çəkiblər. Bu tikililər didərginlərin həyat şəraitinin yaxşılaşdırılmasında böyük rol oynayır. Biz Dağlıq Qarabağ münaqişəsindən və onun Azərbaycana göstərdiyi təsirdən xəbərdarıq. Biz bu münaqişənin həll olunması və məcburi köçkünlərin evlərinə qayıda bilməsi üçün Böyük Britaniya parlamentində məsələ qaldıracağıq."

O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanları olan 1 milyondan çox qaçqın və məcburi köçkün haqqında "Many Happy Returns" (MHR) adlı təbliğat kampaniyasına qoşulduğunu da bəyan edib.

Böyük Britaniya parlamenti İcmalar Palatasının Enerji və iqlim dəyişiklikləri komitəsinin üzvü K.Pinçer 2012-ci ildən Azərbaycan-Böyük Britaniya Dostluq Qrupunun sədridir.

K.Pinçer Şəki və Qəbələ də daxil olmaqla Azərbaycanda qaçqın və məcburi köçkünlərin yerləşdikləri düşərgələrdə özü şəxsən olub. Azərbaycan-Böyük Britaniya Dostluq Qrupunun 2014-cü ilin mayında Azərbaycana səfəri zamanı o, Azərbaycan jurnalistləri qarşısında çıxış edərkən bildirmişdi: "Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilmiş MHR kampanıyasının başlığı "Many Happy Returns" deyə ingilis sayağı təbrik mesajının əsasında seçilib ki, bu da öz doğma yurd-yuvalarına qayıtmaq istəyən insanların arzularının həyata keçməsi üçün edilən duadır. Kampaniyanın internet səhifəsində (www.manyhappyreturnsidp.com) məşhur alman fotoqraf Filip Ratmer tərəfindən çəkilmiş, Azərbaycanın 76 rayonunda yerləşən qaçqın düşərgələrindən sadəcə 3-də yaşayan məcburi köçkünlərin fotoları yerləşdirilib".

MHR internet səhifəsi həm də öz istifadəçilərinə "Dünya Qaçqınlar Günü"nün əvəz edilib "Dünya Qaçqın və Məcburi Köçkünlər Günü" kimi qeyd edilməsi təklifini dəstəkləmək imkanı verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti