...

Diaspor təşkilatı Xocalı soyqırımı ilə əlaqədar Türkiyədə bələdiyyə sədrlərinə müraciət edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2014 16:39 (UTC +04:00)
Türkiyə Azərbaycan Dərnəyi (TürkAzDer) Xocalı soyqırımının tanıdılması ilə əlaqədar bir sıra bələdiyyə rəhbərlərinə müraciət məktubu göndərib.
Diaspor təşkilatı Xocalı soyqırımı ilə əlaqədar Türkiyədə bələdiyyə sədrlərinə müraciət edib

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Türkiyə Azərbaycan Dərnəyi (TürkAzDer) Xocalı soyqırımının tanıdılması ilə əlaqədar bir sıra bələdiyyə rəhbərlərinə müraciət məktubu göndərib.

Diasporla İş üzrə Dövlət Komitəsinindən Trend-ə verilən məlumata görə, Manisa şəhər bələdiyyəsinə və Turqutlu, Salihli, Alaşehir, Sarıgöl, Kula, Selendi, Aliağa bələdiyyələrinə ünvanlanmış məktubda Xocalı soyqırımı haqqında məlumat verilir. Bildirilir ki, 613 nəfər dinc sakinin işgəncələrlə qətlə yetirildiyi, 487 nəfərin ağır yaralandığı, 1275 nəfərin ermənilər tərəfindən girov götürüldüyü və 150 nəfərin itkin düşdüyü faciə beynəlxalq hüquq prinsiplərinə əsasən soyqırım kimi qəbul olunmalıdır: "Xocalıda yaşananlar BMT-nin "Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya"sının 2-ci maddəsində müəyyən olunan soyqırım anlayışı ilə tamamilə eynidir. Bundan başqa, Xocalı faciəsi Cenevrə Konvensiyası, İnsan Hüquqları Bəyannaməsi, Vətəndaş və Siyasi hüquqlar məsələsində Beynəlxalq Konvensiya, Atəşkəs dövründə və Hərbi Qarşıdurmalar Zamanı Qadın və Uşaqların Qorunması Bəyannaməsinə qarşı işlənmiş bir cinayətdir".

Türkiyə Azərbaycan Dərnəyinin bələdiyyə sədrlərinə ünvanladığı məktubda daha sonra deyilir ki, üzərindən 22 il keçmiş Xocalı soyqırımı tarixi hadisə olaraq deyil, zamanın reallığı kimi qəbul olunmalıdır: "Bir millət iki dövlət" olan Türkiyə və Azərbaycan arasındakı tarixi qardaşlıq bağları və M.K.Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" sözlərini rəhbər tutaraq Azərbaycan türklərinin ağrısını paylaşmaq və Türkiyədə bu mövzuya həssas yanaşan milyonlarla vətəndaşımızın ümidlərinə cavab vermək üçün konkret addımların atılması vacibdir".

Diaspor təşkilatı bələdiyyə sədrlərinə müraciətlə bildirir ki, bələdiyyə məclislərində Xocalıda yaşananların soyqırım olaraq tanınması ilə bağlı çıxarılacaq qərarlar, bələdiyyənin sərhədləri daxilində prospekt, küçə və parklara "Xocalı" adının verilməsi və Xocalı soyqırımının xatırladılması məqsədi ilə abidələrin ucaldılması soyqırımı izah etmək və ağrıları az da olsa paylaşmaq baxımından son dərəcə əhəmiyyətlidir.

Təşkilat bələdiyyə rəhbərlərini bu istiqamətdə fəaliyyətə keçməyə çağırıb və bu çərçivədə reallaşdırılacaq hər bir layihədə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti