...

Anjey Kaspşik: "Tərəflərə təkliflər vermişik"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Sentyabr 2014 10:55 (UTC +04:00)
ATƏT Dağlıq Qarabağ münaqişəsi tərəflərinin strukturlaşdırılmış və intensiv danışıqlar prosesində iştirakına ümid edir. Bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Trend-ə bildirib.
Anjey Kaspşik: "Tərəflərə təkliflər vermişik"

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/

ATƏT Dağlıq Qarabağ münaqişəsi tərəflərinin strukturlaşdırılmış və intensiv danışıqlar prosesində iştirakına ümid edir. Bunu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Trend-ə bildirib.

A.Kaspşik qeyd edib: "Ümid edirik ki, münaqişə tərəfləri ATƏT-in fəaliyyətdə olan sədrinin bu ilin əvvəlində regiona səfəri zamanı çağırdığı strukturlaşdırılmış və intensiv danışıqlar prosesində iştirak edəcək".

Onun sözlərinə görə, bu prosesi irəlilətmək üçün hər bir səy müsbət qiymətləndirilir: "Biz öz tərəfimizdən tərəflərə təkliflər vermişik və strukturlaşdırılmış danışıqlar prosesini başlatmağa çağırmışıq. İndi isə tərəflər bu prosesi irəlilətmək üçün bütün lazımi addımları atmalıdırlar".

ATƏT rəsmisinin sözlərinə görə, təşkilatın sədrliyi, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərin istəyi ilə hər bir köməyi göstərməyə hazırdır.

ATƏT rəsmisi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Soçidə və Uelsdə keçirilən görüşlərini müsbət qiymətləndirib və Fransa Prezidenti Fransua Ollandın dəvəti ilə prezidentlərin görüşərək dialoqu davam etdirəcəklərinə ümid etdiyini bildirib.

Qeyd edək ki, İsveçrə Konfederasiyasının Prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter iyunda Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi tərəflərini strukturlaşdırılmış sülh danışıqları aparmağa çağırıb.

ATƏT-in fəaliyyətdə olan sədri, həmçinin sülh naminə mühiti yaxşılaşdırmaq üçün tərəflərə tələb olunan mümkün hər şeyi icra etməyə hazır olduqlarını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti