...

Ceyms Uorlik: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları başqa səviyyəyə keçirməyin vaxtı çatıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Sentyabr 2014 17:32 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları başqa səviyyəyə keçirməyin vaxtı çatıb. Trend-in Tert.am-a istinadən verdiyi məlumata görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ-ın Yerevandakı səfirliyində keçirilmiş mətbuat konfransında deyib.
Ceyms Uorlik: Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları başqa səviyyəyə keçirməyin vaxtı çatıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları başqa səviyyəyə keçirməyin vaxtı çatıb. Trend-in Tert.am-a istinadən verdiyi məlumata görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ-ın Yerevandakı səfirliyində keçirilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Yerevanda Ermənistan prezidenti və xarici işlər naziri ilə görüşlərin keçirilməsi gözlənilir: "Görüşlərdə sentyabr ayında Uelsdə Con Kerri ilə başlamış müzakirələr davam edəcək. İki həftədən sonra isə Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüş gözlənilir".

Diplomat qeyd edib: "Ümid edirəm ki, Ermənistan xalqı bizim bu prosesdən nə istədiyimizi bilir. Ermənistan xalqının müzakirələrimizdən xəbərdar olması çox vacibdir. Bir daha qeyd edirəm ki, hər iki ölkədə ictimaiyyət danışıqlar prosesinin necə getməsindən xəbərdar olmalıdır".

O, təmas xəttində silah və hərbi sursatların toplanmasından, insidentlərdən narahatlığını ifadə edib: "Biz anlayırıq ki, atəşkəs rejiminə hörmət edilməlidir. Mən başa düşürəm ki, insanlar danışıqların 20 il davam etməsinə görə bir az acıqlıdırlar. Müharibə hər iki ölkə üçün çox amansız olub və biz onun təkrarlanmasını istəmirik. Belə vacib problem ətrafında danışıqlar heç vaxt asan olmur, lakin dediyim kimi, hazırda çox yaxşı şərait mövcuddur".

C.Uorlik əlavə edib ki, danışıqları başqa səviyyəyə keçirməyin vaxtıdır: "Prezidentlərin və ya xarici işlər nazirlərinin vaxtaşırı görüşməsi artıq kifayət etmir. Rəsmi danışıqlar prosesi olmalı və tərəflər bunun necə davam etməsinə dair qərar verməlidirlər. Biz onları dəstəkləməyə hazırıq. Yekun nəticə təqdim etmək istəmirik, biz problemin həllinə gətirib çıxaracaq prosesin olmasını istəyirik".

Diplomatın sözlərinə görə, iki ölkənin dövlət başçılarının görüşməsi və müzakirələri davam etdirməsi çox vacibdir, çünki yekun qərar yalnız prezidentlər səviyyəsində qəbul edilə bilər və prezidentlər öz qərarlarına görə məsuliyyət daşımalıdırlar: "Elə bir məsələ yoxdur ki, müzakirə etmək mümkün olmasın. Biz bütün məsələlərin xarici işlər nazirləri və prezidentlər səviyyəsində müzakirə olunmasını istəyirik. Karneqi Fondunda müzakirə olunmuş 6 müddəa ətrafında konsensus üçün tərəflərlə çalışırıq. Çətin olduğua aydındır, lakin biz bu istiqamətdə işləyirik".

Amerikalı həmsədr bildirib ki, iki ölkənin dövlət başçıları birmənalı olaraq atəşkəs rejiminə hörmət etməli və iyulun sonu - avqustun əvvəlində baş vermiş insidentin təkrarlanmaması üçün işləməlidirlər: "Tərəflər atəşkəs rejiminə hörmət etməlidirlər, çünki baş vermiş hadisə biz istədiyimiz həllə gətirib çıxarmadı. Əgər biz davamlı və sabit sülh istəyiriksə, o zaman Azərbaycan və Ermənistan xalqları arasında etimad olmalıdır. Bununla da tərəqqiyə nail olmaq mümkündür. Azərbaycanda da jurnalistlərlə belə görüşlər keçirilir".

Parisdə iki ölkə prezidentlərinin görüşü barədə proqnoz vermək istəmədiyini deyən diplomat vurğulayıb ki, onların həll yolunu tapması olduqca önəmlidir: "Əsas problemlərdən biri tərəflər arasında etimadın olmamasıdır, lakin liderlər görüşməli və problemin həlli üçün hər şey etməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti