...

Mübariz Əhmədoğlu: Təhqirlə müşayiət olunan ABŞ-RF qarşıdurması ATƏT MQ-nin fəaliyyətini dayandırdı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Sentyabr 2014 12:45 (UTC +04:00)
"ATƏT MQ həmsədrlərinin ayrı-ayrı fəaliyyətinə start verilir. Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcəkdir".
Mübariz Əhmədoğlu: Təhqirlə müşayiət olunan ABŞ-RF qarşıdurması ATƏT MQ-nin fəaliyyətini dayandırdı

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir İlkin İzzət/

"ATƏT MQ həmsədrlərinin ayrı-ayrı fəaliyyətinə start verilir. Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcəkdir". Trend xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, F.Ollandın Dağlıq Qarabağ tənzimlənməsinə orijinal yanaşması var: "Əvvəla, Fransa, o cümlədən onun indiki Prezidenti F.Olland erməni məsələsini tərkib hissələrinə görə diferensiasiya edib: "erməni soyqırımı" məsələsində Ermənistana, Dağlıq Qarabağ məsələsində isə Azərbaycana dəstək. İkincisi, F.Olland Ermənistanda olarkən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistanın iddia etdiyi həll variantını düzgün olmayan həll variantı adlandırdı və düzgün həll variantının tapılmasını məsləhət bildi. Üçüncüsü, F.Olland Gürcüstanda olarkən də Dağlıq Qarabağ tənzimlənməsini müzakirə etdi".

Onun sözlərinə görə, F.Olland Gürcüstanı Dağlıq Qarabağ tənzimlənməsinə qoşmaqla konkret praktik nəticə əldə edə bilər, lakin Ollandın təşəbbüsünün tarixçəsi indi bu təşəbbüsün səmərəsini azalda bilər: "Ollandın təşəbbüsü ABŞ tərəfdən təzyiqlə rastlaşdı, çünki ABŞ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində maraqlı deyil. Ona görə Fransa bir müddət öz təşəbbüsünü yaddan çıxardı. İşğalçı Ermənistan ordusunun Azərbaycan ərazisindəki aktivliyinin yaratdığı hərbi gərginlik, eləcə də Ermənistan-Azərbaycan sərhədindəki hərbi insidentlərin sayının artması RF Prezidenti Vladimir Putini prezidentlərin görüşü təşəbbüsünü irəli sürməyə təhrik etdi".

M.Əhmədoğlu qeyd edib ki, Ermənistan da Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində maraqlı deyil, həm də ümumiyyətlə hazır deyil: "Ona görə V.Putinin Soçi görüşünə erməni ssenarisi hazırlandı: Guya Putin Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşür. Prezidentlərin üçtərəfli görüşü isə olmayacaq. Lavrov-Abramyanın müəllifi olduğu erməni ssenarisini Putin pozdu. Üçtərəfli görüş baş tutdu. Soçi görüşünün erməni ssenarisi ilə yanaşı ABŞ-ın bu təşəbbüsü aşağılatma kampaniyası da davam etdi. ABŞ həmsədrlərə Soçi görüşündə iştirak etməyə icazə vermədi. RF-in təşəbbüsü ələ almaq niyyəti ABŞ-ı qorxutdu. Ona görə həm özü prezidentlərin görüşü təşəbbüsünü irəli sürdü, həm də Ollandın əvvəlki təklifi reanimasiya olundu".

Politoloq xatırladıb ki, ABŞ-ın dövlət katibi Con Kerrinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri Uelsin Nyuport şəhərində NATO sammiti çərçivəsində görüş keçirdilər. ABŞ dövlət katibi C.Kerrinin keçirdiyi görüşdə də ATƏT MQ həmsədrləri iştirak etmədi. ABŞ RF prezidenti V.Putinin təşəbbüsü ilə keçirilən görüşün qeyri-rəsmi olmadığını bildirdi. Guya Putin Azərbaycan və Ermənistan prezidentlərini bağ evinə şəxsi qonağı kimi dəvət edib: "Putin Azərbaycan və Ermənistan prezidentlərini öz dövlətinin ərazisinə dəvət etmişdi və ATƏT MQ həmsədrlərinin həmin tədbirdə iştirak etməməsi də Rusiyadan asılı deyildi, ABŞ imkan vermədi. ABŞ bu görüşü qeyri-rəsmi adlandırır. ABŞ öz ölkəsindən kənarda keçirdiyi və ATƏT MQ həmsədrlərinin qatılmadığı görüşü isə rəsmi görüş hesab edir. Soçi görüşündə RF-ni Prezidenti təmsil edirdi, Uels görüşündə isə ABŞ-ı dövlət katibi, xarici işlər naziri təmsil edirdi. Bunlar həm də ATƏT MQ çərçivəsində ABŞ-ın Rusiyaya qarşı apardığı mübarizənin təsir dərəcələridir".

M.Əhmədoğlu bildirib ki, ABŞ bilərəkdən və ya bilməyərəkdən ATƏT MQ-nin fəaliyyətini iflic etdi: "Prezidentlərin iki görüşündə vasitəçilər ABŞ-ın ucbatından iştirak etmədi, son hərbi gərginlik dövründə regiona səfər etmədilər, ortalığa sanballı mövqe qoya bilmədilər. Bu prizmadan Ollandın təşəbbüsü ilə keçirilən görüşün də səmərəsi şübhə altındadır. Hər halda ABŞ yenidən tənzimləmə prosesinin zəifləməsi istiqamətində fəaliyyətə başlayıb. Ermənistanın marağı bunu tələb edir. Məhz bu səbəbdən də ABŞ-dan olan həmsədr Uorlik ABŞ-dakı ermənilərlə görüşüb müraciət yaydı: Ermənistan qeyri-rəsmi danışıqlarda iştirak etməməlidir. Başqa sözlə, Uorlik Ermənistanı V.Putinin təşəbbüsü ilə keçirilən görüşlərdə iştirakdan imtina etməyə çağırdı. Buna görə tənzimləmə prosesindəki artan intensivliyin əvvəlki məcrasına qayıtması ABŞ-la Ermənistanın birgə fəaliyyətinin məhsulu kimi qəbul edilməlidir".

Politoloq qeyd edib ki, Ollandın təşəbbüsü ilə keçirilən görüşdən sonra dinc danışıqların tam bir dövrü bitmiş olur: "Üç həmsədr ölkə rəhbərləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etdilər. ATƏT MQ-nin özü ilə bağlı baş verənləri əsaslandırmağa arqumenti yoxdur. Cəmi iki variant qalır: Azərbaycan müharibə yolu ilə işğalçı Ermənistanı öz ərazilərindən qovur. Bugünkü nəticəsiz sülh danışıqları Azərbaycanın qabağında duran bütün maneələri aradan qaldırır. İkinci variant isə RF-nin aktivliyinin artmasıdır. RF əlində olan tarixi, hüquqi, siyasi, iqtisadi və hərbi imkanlardan istifadə edərək Ermənistanın işğalçı qoşunlarını Azərbaycanın ərazisindən çıxarmağa nail ola bilir. RF bu prosesə Gömrük İttifaqını da qoşur. Sonda Rusiya bu proseslərdən tam qalib kimi çıxır; Azərbaycanla münasibətləri bir daha möhkəmlənir. Ermənistan Rusiyanın təsir zonasından kənara çıxa bilmir. Gömrük İttifaqının daxilinə sağlam ab-hava yaranmağa başlayır. Bunların olmaması üçün ən qısa müddət ərzində S.Sərkisyan öz işğalçı qoşunlarını Azərbaycan ərazisindən çıxarır və qələbə çələngini ABŞ-a təqdim edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti