...

AŞ PA-nın plenar iclasında Azərbaycanın işğal edilmiş ərazilərində gərginliyin artması ilə bağlı məruzənin hazırlanması barədə qərar qəbul olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2014 20:17 (UTC +04:00)
AŞ PA-nın plenar iclasında Büronun sentyabrın 2-də Parisdə keçirilmiş iclasının protokolu təsdiq edilib. Bu barədə Trend-ə AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib.
AŞ PA-nın plenar iclasında Azərbaycanın işğal edilmiş ərazilərində gərginliyin artması ilə bağlı məruzənin hazırlanması barədə qərar qəbul olunub

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

AŞ PA-nın plenar iclasında Büronun sentyabrın 2-də Parisdə keçirilmiş iclasının protokolu təsdiq edilib. Bu barədə Trend-ə AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib.

O, qeyd edib ki, bu, ölkəmiz üçün çox vacib və uğurlu nəticədir: "Prosedur qaydalarına əsasən, bir qayda olaraq Büro iclaslarının protokolları plenar iclasda təsdiq edilir və bir qayda olaraq bu proses indiyədək texniki xarakter daşıyırdı. Lakin 2 sentyabr tarixli Büro iclasında çox gərgin müzakirələr nəticəsində 20 səs lehinə, 5 səs əleyhinə olmaqla "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzənin hazırlanması haqqında qərar qəbul edildi və bu tapşırıq aidiyyəti üzrə Siyasi məsələlər komitəsinə göndərildi".

Onun sözlərinə görə, əlbəttə ki, bu qərar qəbul edildikdən sonra AŞ PA-dakı ermənipərəst qüvvələr və Ermənistan hakimiyyəti ciddi narahatlıq keçirdi: "Hətta AŞ PA-nın baş katibi Voytsex Savitski qərarla razı olmadığını, məruzənin başlığının Ermənistana qarşı təxribat olduğunu və plenar iclasda Büro protokolunun təsdiq edilməsinin qarşısını alacağını bildirdi. Ermənistan tərəfi də bu qərarın qarşısını almaq üçün bütün imkanlarından istifadə etdməyə başladı.

Gözlənildiyi kimi, məsələ müzakirəyə çıxarılan kimi Ermənistan nümayəndə heyəti məruzənin adına qəti etiraz etdiklərini və ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar getdiyi bir vaxtda belə bir məruzənin hazırlanmasına dair qərarın qəbul edilməsinin təxribat olduğunu bildirdilər və protokolun təsdiqlənməsinə qarşı olduqlarını diqqətə çatdırdılar. Bir qrup ermənipərəst deputat da Ermənistan tərəfini dəstəklədiklərini və əksinə səs verəcəklərini bildirdilər. Məsələ səsverməyə çıxarıldı və səs çoxluğu ilə Büronun 2 sentyabr qərarı təsdiq edildi. Bu, bizi qələbəyə yaxınlaşdıran ciddi bir addımdır və növbəti mərhələ 1 oktyabrda Siyasi məsələlər komitəsində məruzəçinin təyin edilməsindən ibarətdir. Şübhəsiz ki, burada da çox böyük gərginlik qaçılmazdır. Gəlin ümid edək ki, düşmənlər bu məsələdə də pis niyyətlərinə çatmayacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti