...

Fikrət Sadıqov: Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünü baş tutmuş hesab etmək olar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Oktyabr 2014 13:28 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Paris görüşünü baş tutmuş hesab etmək olar.
Fikrət Sadıqov: Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünü baş tutmuş hesab etmək olar

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Paris görüşünü baş tutmuş hesab etmək olar. Bunu çərşənbə axşamı Trend-ə politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov iki dövlət başçısının görüşünü şərh edərkən bildirib.

Politoloq deyib: "İstənilən halda görüş müsbət amildir. Bu, Azərbaycan diplomatiyasının, rəsmi Bakının sülhpərvərliyini və bu köhnəlmiş münaqişəni dinc yolla həll etmək cəhdini nümayiş etdirir. Azərbaycan diplomatiyasının üstünlüyü də, prioriteti də bundadır".

Oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.

F.Sadıxov deyib: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə gəldikdə, hesab edirəm ki, praqmatik qiymətləndirənlər və proqnoz verənlər bu görüşdə hansısa radikal dəyişikliklərin baş verəcəyinə ümid etmirdilər. Problem özü-özlüyündə çox mürəkkəbdir və kiminlə olur-olsun bir görüşdə ən müxtəlif geosiyasi maraqları təmin etmək mümkün deyil. Bununla yanaşı, yenə də bu günə kimi Ermənistanı Azərbaycanla bərabərləşdirməyə çalışırlar".

Politoloq qeyd edib ki, buna baxmayaraq, itkin, əsir düşənlər və hərbi əsirlər barədə məlumatların mübadiləsi haqqında razılaşma əldə olunub ki, bu da kiçik də olsa, irəliləyişdir: "Bu, özü-özlüyündə az əhəmiyyətli deyil. Başlıcası, bütün bunların arxasında Ermənistanın dirənmiş mövqeyini nəzərə almaq lazımdır".

Onun sözlərinə görə, Fransa Prezidenti həm də Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişinin hazırlanması üzərində çalışmağın vacibliyi haqqında istəyini ifadə edib. Görüşün yekunları barədə mövcud olan ilkin məlumat istənilən halda görüşün faydasız keçmədiyini güman etməyə imkan verir: "Görüş Azərbaycana münaqişəyə öz münasibətini bildirməyə, öz mövqeyini ifadə etməyə, münaqişənin ən ağrılı nöqtələrinə nəzər salmağa, Azərbaycan ərazilərinin işğalını xatırlatmağa imkan verdi. Və bu aspektdə hesab edirəm ki, ümumilikdə görüşü baş tutmuş və məsələnin nizamlanmasının gələcək yolunun axtarışında müsbət növbəti mərhələ hesab etmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti