...

İlk Azərbaycan-ABŞ diplomatik görüşünün 95-ci ildönümü Los Ancelesdə təntənəli konsertlə qeyd edilib (FOTO)

Mədəniyyət Materials 22 Aprel 2014 09:30 (UTC +04:00)
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən Los Ancelesin nüfuzlu Skirball Mədəniyyət Mərkəzində Azərbaycan musiqi ustalarının geniş konserti keçirilib.
İlk Azərbaycan-ABŞ diplomatik görüşünün 95-ci ildönümü Los Ancelesdə təntənəli konsertlə qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən Los Ancelesin nüfuzlu Skirball Mədəniyyət Mərkəzində Azərbaycan musiqi ustalarının geniş konserti keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, konsert Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan Demokratik Respublikasının nümayəndə heyətinin 1919-cu ildə Parisdə ABŞ Prezidenti Vudro Vilson ilə keçirdiyi görüşün 95-ci ildönümünə həsr edilib.

Tədbirin başlanğıcında Azərbaycan barədə videoçarx nümayiş etdirilib. Sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, Azərbaycan ilə ABŞ arasında keçirilmiş bu ilk tarixi diplomatik görüş barədə məlumat verib, Prezident Vudro Vilsonun bu görüşdən çox mütəəssir olduğunu və ABŞ-a qayıtdıqdan sonra San Fransiskoda etdiyi çıxış zamanı görüşü böyük məmnunluq hissi ilə xatırladığını qeyd edib. Diplomat, həmçinin Azərbaycan Demokratik Respublikasının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika olduğunu qeyd edərək, ADR-in həyata keçirdiyi mütərəqqi islahatlardan, qadınlara hətta ABŞ-dan və digər Qərb ölkələrindən də öncə səsvermə hüququ verməsindən bəhs edib. Nəsimi Ağayev Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən sonra ABŞ ilə ümumi dəyərlərə, maraqlara və baxışlara əsaslanan strateji tərəfdaşlıq münasibətləri qurduğunu və olduqca önəmli bir bölgədə ABŞ-ın etibarlı tərəfdaşı olduğunu diqqətə çatdırıb.

Sonra Azərbaycan musiqi sənətkarları geniş konsert proqramı ilə çıxış ediblər. Kaliforniyada yerləşən San Xose Ştat Universitetinin professoru, piano ustası, həmyerlimiz Namiq Sultanov müxtəlif Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini yüksək ustalıqla ifa edib. Amerika Gitara Fondu tərəfindən "Ən Yaxşı Gitaraçı" mükafatı ilə təltif edilmiş soydaşımız Rövşən Məmmədquliyevin ifa etdiyi Azərbaycan, Avropa və Amerika bəstəkarlarının əsərləri tamaşaçıları riqqətə gətirib.

İstedadlı gənc xanəndə Aytən Məhərrəmovanın tarzən Rövşən Qurbanov və kamança ustası Ceyhun Muradov ilə birgə ifa etdiyi rəngərəng Azərbaycan muğamları və xalq mahnıları, xüsusilə ˝Sarı Gəlin˝ və ˝Qarabağ Şikəstəsi˝ tamaşaçıların zövqünü oxşayıb, onların gurultulu və ayaqüstü alqışları ilə qarşılanıb.

Konsertdə 600 nəfərdən çox Los Anceles sakini iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti