...

Türkiyədə azadlıq aşiqi olan Azərbaycanın 3 şairinin xatirəsi anılıb (FOTO)

Mədəniyyət Materials 22 Aprel 2014 15:19 (UTC +04:00)
Türkiyənin Əskişəhər şəhərində azadlıq aşiqi olan Azərbaycan 3 şairinin xatirəsi anılıb.
Türkiyədə azadlıq aşiqi olan Azərbaycanın 3 şairinin xatirəsi anılıb (FOTO)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İ.İzzət/

Türkiyənin Əskişəhər şəhərində azadlıq aşiqi olan Azərbaycan 3 şairinin xatirəsi anılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azadlıq aşiqi üç azərbaycanlı - Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz" - Əskişəhər Azərbaycanlılar Dərnəyi və Anadolu Universitetinin Ədəbiyyat Fakültəsi Türk dili və Ədəbiyyatı bölümünün birgə təşkil etdiyi panel belə adlanıb.

Paneldə ilk olaraq çıxış edən Lefke Avropa Universitetinin dosenti Nazim Muradov sadəcə Azərbaycanın deyil, türk dünyasının önəmli şairlərindən biri olan Bəxtiyar Vahabzadə haqqında, xüsusilə onun həyatının geniş ictimaiyyətə bəlli olmayan məqamlarından bəhs edib və şairin sovet dövründə çəkdiyi əziyyətlərə baxmayaraq, əyilməyən azadlıq aşiqi, milli bir şair olduğunu bildirib. O, Bəxtiyar Vahabzadənin dövrünün neqativlərini şeirlərində cəsarətlə əks etdirən, xalqının müdafiəçisi və hər bir əzilənin dostu olan, öz dilinə, milli mədəniyyətinə bağlı bir şair olduğunu vurğulayıb.

Osmanqazi Universitetinin dosenti Dilek Ataizi Azərbaycanın azadlıq şairi Xəlil Rza Ulutürkün əzablı həyatını, Azərbaycanın müstəqilliyi üçün meydanlarda xalqla ilə çiyin-çiyinə mücadilə edərək hər cür çətinliyə sinə gərdiyini və həbsdə yatdığını, ancaq yorulmadan, usanmadan mübarizəsinə davam etdiyini bildirib. Araşdırmalar zamanı şairin həyat yoldaşı Firəngiz xanımın dəstəyindən və xatirələrindən danışan Dilek Ataizi onun xüsusilə həbsxana illərində yazılmış bir çox əsərlərinin ölümündən sonra məhz Firəngiz xanım tərəfindən çap edildiyini vurğulayıb.

Daha sonra Məmməd Araz haqqında fikirlərini bölüşən Lefke Avropa Universitetinin müəllimi dosent, doktor Nazim Muradov onun uzun illər parkinson xəstəliyi ilə mübarizə apardığını, yeriməyə və danışmağa əziyyət çəkdiyini şairin öz sözləri ilə - "Ölə-ölə yazmıram, yaza-yaza ölürəm" kimi ifadə edib. Məmməd Arazın Sovet rejiminin bütün təzyiqlərinə baxmayaraq, Bütöv Azərbaycan arzusunu hər zaman dilə gətiridiyini, Azərbaycanın müstəqilliyindən sonra Qarabağın işğalına çox üzüldüyünü və bədbin ruhlu şeirlərində bunu ifadə etdiyi vurğulanıb.

Nazim Muradov müstəqillik aşiqi olan bu şairlərin bir-birindən geri qalmadığını, eyni duyğu və düşüncələrlə mübarizə apardığını xüsusi vurğulayıb.

Çıxışlardan sonra Əskişəhər Azərbaycanlılar Dərnəyinin üzvləri Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün və Məmməd Arazın şeirlərini səsləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti