...

Tanınmış ədəbiyyatşünas Arif Əmrahoğlu dünyasını dəyişib

Mədəniyyət Materials 19 İyul 2014 12:12 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin katibi, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri namizədi Arif Əmrahoğlu bu gün səhər dünyasını dəyişib.
Tanınmış ədəbiyyatşünas Arif Əmrahoğlu dünyasını dəyişib

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Yazıçılar Birliyinin katibi, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri namizədi Arif Əmrahoğlu bu gün səhər dünyasını dəyişib.

Trend-in məlumatına görə, Arif Əmrahoğlu 1954-cü il oktyabrın 28-də Gürcüstanın Marneuli rayonunun Ağqula kəndində anadan olmuşdur. Orta məktəbi Ermənistanın Noyemberyan rayonu Ləmbəli kəndində bitirmişdir (1972). Əmək fəaliyyətinə Sumqayıt şəhərində tikinti idarəsində maşinist köməkçisi kimi başlamışdır (1972-1973). ADU-nun filologiya fakültəsində təhsil almışdır (1973-1978). Zaqafqaziya komsomol məktəbini bitirmişdir (1977). Azərbaycan EA Ədəbiyyat İnstitutunun XIX əsr Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant, kiçik elmi işçi (1979-1986), institutun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi (1986-1989), Azərbaycan EA-nın Ədəbiyyat muzeyinin elmi işlər üzrə direktor müavini (1989-1993), Prezident Aparatında milli siyasət şöbəsində (1993-1997) işləmişdir.

Ədəbi fəaliyyətə erkən başlamışdır. İlk mətbu hekayəsi "Axali Marneuli" qəzetinin 8 mart 1974-cü il tarixli sayında dərc olunmuşdur. Klassik və müasir Azərbaycan nəsrinin bədii axtarışları, sənətkarlıq məsələləri ilə ardıcıl məşğul olur. "Klassik Azərbaycan nəsrində təhkiyə məsələləri (XIX əsrin ikinci yarısı)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Onun ədəbi-tənqidi, elmi məqalələrində bədii ədəbiyyatın poetik özünəməxsusluğunun, təhkiyə probleminin tədqiqi başlıca yer tutur. "Klassik Azərbaycan nəsrinin poetikası" mövzusunda tədqiqat üzərində işləyir, fəal ictimaiyyətçidir. M.F.Axundovun "Seçilmiş əsərləri"ni tərtib edib Moskvada rus dilində, A.P.Çexovun üçcildlik "Seçilmiş əsərləri"ni, dünya xalqlarının mif və əfsanələrini Azərbaycan dilində çap etdirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti