...

Mehriban Əliyeva: Azərbaycanda tamamilə bənzərsiz bir mədəni məkan formalaşıb (FOTO)

Mədəniyyət Materials 24 İyul 2014 12:28 (UTC +04:00)
İyulun 23-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda növbəti möhtəşəm incəsənət bayramının - VI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.
Mehriban Əliyeva: Azərbaycanda tamamilə bənzərsiz bir mədəni məkan formalaşıb (FOTO)

Azərbaycan, Bakı, 24 iyul /Trend/

İyulun 23-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda növbəti möhtəşəm incəsənət bayramının - VI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Trend AzərTAc-a istinadən xəbər verir ki, mərasimdə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynamış Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.

Məktubda deyilir: "Hörmətli festival iştirakçıları. Əziz dostlar! Sizi - VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə xoş arzularımı çatdırıram. Əsrlər boyu çoxmillətli və çoxkonfessiyalı cəmiyyətin mövcud olduğu Azərbaycanda tamamilə bənzərsiz bir mədəni məkan formalaşmışdır. Biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq, dünya mədəniyyətinin nümunələrini qəbul edə bilmişik. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya bu gün də Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələr bizim üçün çox dəyərlidir. Nüfuzu ildən-ilə artmaqda olan və hər il dünyanın ayrı-ayrı ölkələrindən istedadlı musiqiçiləri bir araya gətirən Qəbələ Beynəlxalq Musiqi Festivalı da artıq milli mədəniyyətimizin tarixində ənənəyə çevrilmiş musiqi bayramı olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Biz bu festivalı müxtəlif millətlərin musiqi mədəniyyətinin qarşılıqlı zənginləşməsinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndiririk.

Festivalda iştirak edən hər kəsə cansağlığı, bütün yaradıcı insanlara tükənməz nailiyyətlər arzulayıram".

Daha sonra mərasimdə festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gəlmiş bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamladılar və festivalın işinə uğurlar arzuladılar.

Bildirildi ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir.

Azərbaycan mədəniyyətinin hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə Qəbələdə beynəlxalq musiqi festivallarının keçirilməsinin artıq gözəl bir ənənəyə çevrildiyi xüsusi vurğulandı. Qeyd edildi ki, hər il festivalın davam etdiyi günlərdə Qəbələ səhnəsində dahi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilir. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də bu səhnəyə çıxırlar. Burada klassik və kamera musiqisi, Azərbaycan muğamları ifa olunur.

Diqqətə çatdırıldı ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə həmişə fərqlənir. Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir.

Sonra açıq havada qurulan səhnədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti oldu.

Konsertdə Xəyyam Mirzəzadənin "Səməd Vurğun poemasına illüstrasiyalar", Volfqanq Amadey Mosartın "Alleqro", Qara Qarayevin "Alban rapsodiyası" və digər tanınmış azərbaycanlı və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirildi.

Konsertdə skripkada Kamran Ömərli, pianoda Əməkdar Artist Gülşən Ənnağıyeva çıxış etdilər. Festivalın ilk konserti Xalq Artisti, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Rauf Abdullayev dirijorluğu ilə təqdim olundu.

Avqustun 1-dək davam edəcək musiqi bayramında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti