...

Bakıda "Tarixin canlı səhifələri" adlı festival keçiriləcək

Mədəniyyət Materials 22 Avqust 2014 17:57 (UTC +04:00)
Sabah Bakının Suraxanı rayonunda yerləşən "Atəşgah Məbədi" Dövlət Tarixi-Memarlıq Qoruğunda "Tarixin canlı səhifələri" adlı festival keçiriləcək.
Bakıda "Tarixin canlı səhifələri" adlı festival keçiriləcək

Azərbaycan, Bakı, 22 avqust /Trend/

Sabah Bakının Suraxanı rayonunda yerləşən "Atəşgah Məbədi" Dövlət Tarixi-Memarlıq Qoruğunda "Tarixin canlı səhifələri" adlı festival keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, festivalda 200 nəfərə yaxın aktyor, tələbə, rəqqas, idmançı, o cümlədən xalq sənətkarları iştirak edəcək.

Tarixi rekonstruksiya formatında təşkil edilən festivalın əsas məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların tariximizə olan marağını özlərinin oynayacağı kiçik səhnəciklər vasitəsilə artırmaq, şərəf dolu tarixi döyüş səhnələrini gənclərə əyani olaraq çatdırmaq və ən əsası, onlara Odlar Yurdu kimi tanınan Azərbaycan-vətən sevgisini aşılamaqdır.

Xatırladaq ki, bu formatda "Tarixin canlı səhifələri" adlı layihə aprel ayı ərəfəsində Azərbaycanın dilbər güşəsi sayılan Şəki şəhərində keçirilib.

Festival orta əsrlərdən günümüzə qədər olan tarixi dövrü, qəhrəmanlıqları ilə tarixə iz salmış Azərbaycan qadınlarının - massagetlərin hökmdarı Tomrisin, türbəsi üzərində yazıldığı kimi "dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu" Möminə xatunun, bir vaxtlar ona təhvil verilmiş Naxçıvanı ədalətlə idarə etmiş, hakim olduğu ərazidə insanların arzu və şikayətləri ilə yaxından maraqlanmış, Məhəmməd Cahan Pəhləvanın çox dəyərli qızı olan Cəlaliyyənin, Ağqoyunlular dövlətinin daxili və xarici siyasətini idarə edən görkəmli diplomat və dövlət xadimi Sara xatunun, Quba xanı Fətəli xanın döyüşdə öldürüldüyü barədə şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, 9 ay düşməni Dərbəndə yaxın buraxmamış Tuti Bikənin qəhrəmanlıqlarla dolu həyatları tələbə və aktyorlar tərəfindən canlandırılacaq. Eyni zamanda, festival çərçivəsində o dövrə xas olan mədəniyyət, məişət və ənənələr də geniş şəkildə təqdim olunacaqdır.

Qeyd edək ki, festival Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.2.7 yarımbəndini icra etmək məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti