...

Parisdə Azərbaycan Dövlət rəqs ansamblının çıxışı böyük maraqla qarşılanıb (FOTO)

Mədəniyyət Materials 21 Sentyabr 2014 13:58 (UTC +04:00)
Parisin Sən-Sülpis meydanında Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Azərbaycan şəhərciyi” paytaxt sakinlərinin və şəhərin qonaqlarının diqqət mərkəzindədir.
Parisdə Azərbaycan Dövlət rəqs ansamblının çıxışı böyük maraqla qarşılanıb (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Parisin Sən-Sülpis meydanında Heydər Əliyev Fondu tərəfindən təşkil edilən "Azərbaycan şəhərciyi" paytaxt sakinlərinin və şəhərin qonaqlarının diqqət mərkəzindədir.

Trend AzərTAc-a istinadən məlumat verir ki, sentyabrın 21-də şəhərcikdə açıq havada Azərbaycan Dövlət rəqs ansamblı möhtəşəm konsert proqramı ilə çıxış edib.

Konsertdən əvvəl tamaşaçılara ölkəmiz haqqında məlumat verilib.

Bildirilib ki, Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə və musiqi ənənələrinə malik ölkədir. Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin və Parisin 6-cı rayon meriyasının dəstəyi ilə təşkil olunan şəhərcik ölkəmizi fransızlara daha yaxından tanıtmaq məqsədilə təşkil olunub.

Qısa məlumatdan sonra söz rəqqaslara verilib. 1970-ci ildə yaradılan Azərbaycan Dövlət rəqs ansamblı ötən 40 ildən çox tarixi dövr ərzində dünyanın bir sıra ölkələrində yüksək səviyyəli çıxışlar edib. Bu həm keçmiş sovet dövründə, həm də müstəqillik illərində baş tutub. Xüsusi ilə də Heydər Əliyev Fondunun son illərdə təşkil etdiyi dünyanın müxtəlif ölkələrində, o cümlədən Fransada keçirilən konsertlər kollektivə böyük rəğbət qazandırıb. Həmişəki kimi bu dəfə də ansambl öz bacarığını yüksək səviyyədə nümayiş etdirə bilib.

Tamaşaçılar güclü yağışa baxmayaraq meydanı tərk etməyib və bir-birini əvəz edən həzin, qəlbləri oxşayan Azərbaycan rəqslərini böyük maraq və heyranlıqla seyr ediblər. Ansamblın üzvlərinin ifa etdikləri "Yallı", " Nəlbəki", "Qazağı" , " Naz eləmə", " Atəşgah", " Qarabağ" , "Gənclik" və digər milli rəqslərimiz tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Ansamblının Paris tamaşaçısı qarşısındakı çıxışı "Odlar diyarı" rəqsi ilə yekunlaşıb .

Parisdə " Azərbaycan şəhərciyi" adı altında keçirilən mədəni tədbirlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti