...

Heydər Əliyev Mərkəzində "Voca People" qrupunun möhtəşəm kosmik gecəsi keçirilib (FOTO)

Mədəniyyət Materials 11 Oktyabr 2014 11:50 (UTC +04:00)
Min illərlə davam edən kosmik səyahətdən sonra uzaq Voka planetindən Yerə eniş edilib. Bu dəfə yadplanetlilər Bakıya gəliblər.
Heydər Əliyev Mərkəzində "Voca People" qrupunun möhtəşəm kosmik gecəsi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir Vüqar İmanov/

Min illərlə davam edən kosmik səyahətdən sonra uzaq Voka planetindən Yerə eniş edilib. Bu dəfə yadplanetlilər Bakıya gəliblər.

Trend-in məlumatına görə, oktyabrın 10-da məşhur "Voca People" qrupu Bakıda ilk dəfə Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib.

Məhz onları hər çıxışdan sonra ayaqüstü alqışlayırlar. Qrup üzvləri Onlar Heydər Əliyev Mərkəzində əsl gurultu qoparıblar. Bakı onları yadplanetlilərdən daha da səbirsizliklə gözləyirdi, axı onlar "başqa dünyadan gələn məxluqlar"ın özləridir. Üstəlik, onlar yüksək musiqi duyumuna malikdirlər və çox istedadlıdırlar.

Yadplanetlilərin tədqiqatları yerlilərin, yəni bakılıların zövqünü oxşayıb. "Voca People"ın fantasmaqorik mini teatrı Voka planetindən gəlmiş 8 mehriban yadplanetlidən ibarətdir. Onların dilində söz yoxdur, ünsiyyət musiqi vasitəsilə aparılır. Buna görə onların görünüşü də müvafiqdir. Belə ki, mini teatrın 8 üzvü səhnəyə ağ kostyumda və ağ qrimdə çıxır.

"Voca People" tərəfindən Bakı tamaşaçılarına incə yumor, gözəl səslər və maraqlı repertuarı özündə cəmləşdirən proqram təqdim olunub. Qrupun göstərdiyi şou Bakının mədəni həyatında parlaq hadisəyə çevrilib.

Kosmik musiqi şousu ailənin bütün üzvləri - kiçikdən tutmuş böyüklərədək hamı üçündür. Şou dəfələrlə tamaşaçıların davamlı alqışını qazanıb. Halbuki, şouda heç bir musiqi alətindən istifadə olunmayıb.

Məşhur aktyor və şoumen Lior Kalfo və nüfuzlu bəstəkar və aranjimançı Şay Fişman tərəfindən düşünülmüş və yaradılmış vokal-kosmik tamaşa 3 qadın və 3 kişi ifaçı, eləcə də 2 bitboksçu tərəfindən reallaşdırılır və bütün mümkün səs effektlərindən istifadə olunur.

Qeyd edək ki, İsrailin "Voca People" qrupu 2009-cu ildə yaradılıb. Şounun süjet xəttinə görə Voka planeti sakinlərinin gəmisi tanımadıqları Yer kürəsinə məcburi eniş edir. Onlar musiqidən enerji toplayan gəmini işə salmaq üçün Yer sakinlərinin mahnıları ilə tanış olurlar.

"Voca People" qrupunun repertuarına dünyanın 70-dən artıq məşhur mahnısı daxildir. İfaçılar çıxışları zamanı truba, baraban, gitara, skripka, royal və digər musiqi alətlərinin səslərini imitasiya edirlər. "Voca People" qrupu indiyədək ABŞ, İspaniya, İtaliya, Macarıstan, Fransa, Rusiya və digər ölkələrdə çıxış edib.

Qrup oktyabrın 11-də isə Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçiriləcək "V1 Challenge Azerbaijan" yarışının "Baku Crystal Hall"dakı təqdimat şousunda səhnəyə çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti