...

Oktyabrın 24-də "Sonuncu" filminin premyerası olacaq

Mədəniyyət Materials 22 Oktyabr 2014 12:45 (UTC +04:00)
BUTA İncəsənət Mərkəzi “Film Delicatessen” çərçivəsində 67-ci Kann Kinofestivalının əsas proqramının 8 qısa filmini, o cümlədən, SONUNCU (The Last one) filminin premyera nümayişini təqdim edəcək. Təqdimat oktyabrın 24-də Heydər Əliyev Mərkəzində olacaq.
Oktyabrın 24-də "Sonuncu" filminin premyerası olacaq

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

BUTA İncəsənət Mərkəzi "Film Delicatessen" çərçivəsində 67-ci Kann Kinofestivalının əsas proqramının 8 qısa filmini, o cümlədən, SONUNCU (The Last one) filminin premyera nümayişini təqdim edəcək. Təqdimat oktyabrın 24-də Heydər Əliyev Mərkəzində olacaq.

BUTA İncəsənət Mərkəzi Azərbaycan tamaşaçısına bir axşam ərzində dünyanın nüfuzlu kinofestivalının əsas müsabiqəsində iştirak edən filmlərlə tanış olmağa eksklüziv imkan yaradacaq. 2014 ildə Kann Kinofestivalına 128 ölkədən 3450 film göndərilmişdir.

Film 24 oktyabr tarixində saat 20.00-da Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 1) nümayiş olunacaq.

Nümayişdə iştirak edəcək qısametrajlı filmlər:

- LEIDI (Böyük Britaniya-Kolumbiya);

- SONUNCU (The Last one), (Rusiya-Azərbaycan).

- SKUNK (ABŞ);

- Yes we Love (Norveç);

- The Invisible Spaces (Gürcüstan);

- AISSA (Fransa);

- Crocodile (Böyük Britaniya);

- Execution (Macarıstan-Rumıniya);

Leydi (LEIDI), Simón MESA SOTO

Leydi anası və qızı ilə yaşayır. Onun boyfrendi (dostu) Aleksis bir neçə gündür ki, görünmür. Həmin səhər Leydi qızını çimizdirib, anasının tapşırığı ilə banan almağa gedir. Rastına çıxan bir oğlan Leydiyə Aleksisi başqa bir qızla gördüyünü söyləyir. Leydi aldığı bananları evə aparmağı unudaraq, Aleksisin axtarışına yollanır. Leydi öz övladının atasını tapmayınca evə qayıtmayacaq.

SONUNCU, Sergey Pikalov

SONUNCU - İkinci Dünya müharibəsində iştirak edənlərdən Yer kürəsində günümüzə qədər sağ qalan sonuncu veteran haqqında fəlsəfi məsəl səciyyəvi filmdir. Qoca hər kəsi itirmişdi. Dostlarını, həyat yoldaşını, övladlarını... Ancaq o tənha deyildi. Dəhlizdə köhnə buzdolabı səs salırdı. Sonuncu dəfə insanlarla nə vaxt ünsiyyətdə olduğu qocanın heç yadında deyildi. Bir gün o yenə də yuxudan oyanarkən verandaya getdi. Ancaq buzdolabı artıq canını tapşırmışdı...

Skuns (SKUNK), Annie Silverstein

Leyla Texasın təcrid olunmuş kənd rayonlarından birində tənha anasının tərbiyəsindən çıxmış qızdır. 14 yaşlı Leylanın ən yaxın dostları onun xilas etdiyi itlərdir. Bir isti yay səhəri o yuxudan oyanıb görür ki, sevimlisi pitbul Bubba skunsa hücum edib. Leyla Bubbanı yaxında olan nohura apararkən qonşu Marko ilə üzləşir. Leyla Markoya valeh olur və özünün iç dünyasının qapısını gənc qonşusuna açır. Ancaq çox gərgin sevişmədən sonra hər şey nəzarətdən çıxır və Leyla öz isməti hesabına ən çox sevdiyini müdafiə etmək məcburiyyətində qalır.

Bəli, biz sevirik (YES WE LOVE), Hallvar WITZØ

Norveç Müstəqillik günündə ölkənin müxtəlif dörd regionu və hərəsinin öz böhranı olan dörd nəsil.

Gözə görünməyən obyektlər (INVISIBLE SPACES), Dea KULUMBEGASHVILI

Gizli gərginlik üzə çıxınca adi ailə sabahı qarışmağa başlayır.

AİSSA (AISSA), Clément TREHIN-LALANNE

Konqolu Aissa qeyri-qanuni olaraq Fransanın ərazisində yaşayır. O and-aman edir ki, həddi- buluğa çatmayıb, ancaq hakimiyyət nümayəndələri əmindirlər ki, Aissanın artıq 18 yaşı var. Onun ölkədə qalıb-qalmamağına qərar vermək üçün Alissa həkimin baxışından keçməlidir.

Timsah (CROCODILE), Gaelle Denis

Övladı olmayan sıradan bir direktor timsahla öz qədərini həll edəcək döyüşə girişir.

Edam (EXECUTION), Petra SZŐCSA

1990, Kluj, Rumıniya. Üç uşaq Çauşeskunun qətl səhnəsini yamsılayır. Qurban kim olacaq?

Azərbaycan üçün sonuncu Kann Kinofestivalı xüsusi olmuşdur. Tarixdə ilk dəfə Rusiya-Azərbaycan komandasınının prodüserləşdirdiyi film Kann festivalının əsas müsabiqə proqramına daxil edilmişdir. Buta Films və Azərbaycanfilm kinostudiyasının birgə istehsalı olan "SONUNCU"nun fəlsəfi məsəli xarici peşəkarların ən yüksək qiymətlərinə layiq görülmüşdür və nəhayət öz vətənində də öz tamaşaçısını tapacaqdır.

2014 ilin may ayından etibarən "SONUNCU" filminin planetin böyük festivallarına səyahəti davam edir. San-Paoloda (Braziliya) keçirilən qısametrajlı filmlərin beynəlxalq kinofestivalında "SONUNCU" 2014-cü ilin ən yaxşı debüt filmi olaraq SESc TV tərəfindən təltif olundu. 20-Palm Springs International Short Film Festival, 36-Moscow International Film Festival, Kinotavr, Big Sur International Short film Screening Series, Film Festival della Lessinnia, 25 San Paolo International Short Film Festival, Aye-Aye Film Festival Nancy Lorraine, Voices 2014, Koroche, Sarajevo Film Festival, Batumi International Art-House Film Festival, Athens International Film Festival, Bridge Film Fest Kosovo, SHNIT Film Festival, International Short Film Festival Cyprus, Asiana Int. Short Film Festival, International Short Film Festival COURTS DEVANT, Singapore International Film Festival - bu SONUNCU`nun iştirak etdiyi festivalların siyahısıdır.

"Buta films" kino şirkəti - Buta İncəsənət Mərkəzinin fəaliyyət istiqamətlərindən biridir. Bu, Azərbaycan mədəniyyətinin bütün dünyada populyarlaşdırılmasını özləri üçün prioritet məsələ sayan peşəkarlardan ibarət yaradıcı məsləkdaşlar komandasıdır. Bu, Buta`nın qarşısına qoyduğu vəzifələrdən ən önəmlisidir. Artıq həyata keçirilmiş və hələ işıq üzü görməyə hazırlaşan çoxlu sayda layihələr - festivallar, sərgilər, konsertlər, filmlər - məhz bu vəzifəyə həsr olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti