...

Azərbaycanda II Beynəlxalq Aşıq Festivalı keçiriləcək

Mədəniyyət Materials 22 Oktyabr 2014 17:24 (UTC +04:00)
Azərbaycanda II Beynəlxalq Aşıq Festivalı keçiriləcək.
Azərbaycanda II Beynəlxalq Aşıq Festivalı keçiriləcək

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Azərbaycanda II Beynəlxalq Aşıq Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Fondunun dəstəyi ilə nazirlik Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə Azərbaycan aşıq sənətinin beynəlxalq aləmdə tanıdılması və təbliğ edilməsi, milli mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsi məqsədilə 10-18 noyabr 2014-cü il tarixlərində II Beynəlxalq Aşıq Festivalının keçirilməsini planlaşdırır.

Festivalda Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Rusiya Federasiyasından və Azərbaycanın bütün bölgələrindən aşıqlar iştirak edəcəklər.

Beynəlxalq festivalın açılış mərasiminin 12 noyabrda Azərbaycan Dövlət Musiqili Teatrında keçirilməsi, 13-17 noyabr tarixlərində Yevlax, Gədəbəy, Şəmkir, Qazax, Tovuz və Ucar şəhərlərində festival iştirakçılarının çıxışlarının təşkili nəzərdə tutulur. Festivala "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən informasiya dəstəyi veriləcək.

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü və yaxından köməyi ilə 2009-cu ildə Azərbaycan aşıq sənəti YUNESKO-nun "Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na daxil edilib, xalqımızın bu ölməz sənəti haqlı olaraq dünya mədəniyyət inciləri sırasında özünə layiqli yer tutub.

25-30 oktyabr 2010-cu il tarixlərində Heydər Əliyev Fondunun himayəsi altında Azərbaycanda ilk dəfə olaraq keçirilmiş və böyük əks-sədaya səbəb olmuş I Beynəlxalq Aşıq Festivalı aşıq-ozan sənətinin təntənəsinə çevrilib. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən festivala informasiya dəstəyi göstərilib, Bakı şəhərində və regionlarda keçirilmiş əsas tədbirlər tamaşaçılara təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti