...

NAM ölkələri və Əhmədinejadın Nyu York ümidləri - Trend-in icmalçısı

Dünya xəbərləri Materials 30 Aprel 2010 15:59 (UTC +04:00)
Trend News-un Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu
NAM ölkələri və Əhmədinejadın Nyu York ümidləri - Trend-in icmalçısı

Trend -un Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

ABŞ dövlət katibi Hillari Klinton Əhmədinejada xəbərdarlıq edib ki, Nyu Yorkda keçiriləcək nüvə silahlarının yayılmasına qarşı müqavilə ilə bağlı (NPT) konfransı əsas məqsədlərindən yayındırmağa cəhd göstərməsin. Lakin bu konfrans İran Prezidenti Mahmud Əhmədinejada Qərb və İsrailin nüvə siyasətlərinə hücum üçün ən böyük fürsətdir. Hər fürsətdən istifadə edib, Qərb və İsrailə hücum edən İran Prezidentindən bu iclasda sakit duracağı gözlənilmir.

Mayın 3-də başlayacaq konfransda nüvə silahlarının yayılmasına mane olmaq, silahsızlaşdırma və dincməqsədli nüvə enerjisindən istifadə mözvuları 30 gün müddətində müzakirə olunacaq. Əhmədinejad bu üç bəndin hər birinə toxunaraq, Qərb və İsraili kəskin tənqid edə bilər, xüsusilə də bu konfransda iştirak edən Tərəfsiz Dövlətlər Hərəkatının (Non-Aligned Movement - NAM) İsrailin nüvə proqramına qarşı mənfi mövqelərini nəzərə alsaq, onların dəstəyini qazana bilər. Hazırda dünyanın 118 ölkəsinin üzv olduğu NAM-a rəhbərlik edən rəsmi Qahirə İsrailin nüvə proqramına qarşı sərt mövqedədir. Misirin xarici işlər naziri Əhməd Əbülqeyt "əl-Ərəbiyyə" telekanalına NPT konfransının başlanması ərəfəsində verdiyi müsahibədə bildirib ki, İranın nüvə proqramına qarşı yeni sanksiyalarla bərabər, İsrailin nüvə proqramı da müzakirə olunmalıdır. O, nüvə silahından təmizlənmiş Yaxın Şərq zonasının yaradılmasının vacibliyini vurğulayıb.

Hazırda qeyri-rəsmi məlumata əsasən, İsrailin 180-200 nüvə silahı var. İsrail isə rəsmən bunu nə təsdiq, nə də rədd edir.

İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) keçmiş nümayəndəsi Əli Əsgər Sultaniyyə aprelin 15-də Trend -a bildirib ki, NAM ölkələrinin İranın nüvə proqramı ilə bağlı mövqeyi konstruktivdir və onlar Yukiya Amanonun İranın nüvə proqramı ilə bağlı ilk məruzəsinin qərəzli olmasına etiraz ediblər. Onun sözlərinə görə, yüzə yaxın NAM ölkəsinin BAEA-dakı nümayəndəsi bu təşkilatın rəhbəri Amanoya açıq məktub yazaraq, İranın nüvə proqramını müdafiə edib.

NAM ölkələrinin xarici işlər nazirlərinin 2008-ci il iyulun 30-da Tehranda keçirilmiş iclasın sonunda imzaladığı bəyannamədə vurğulanıb ki, İsrail NPT-yə üzv olmalıdır, İran isə dincməqsədli nüvə enerjisi əldə edə bilər. İranın xarici işlər naziri Mənuçöhr Müttəki bu bəyannaməni Qərb imperializminə qarşı NAM ölkələrinin "sərt mövqeyi" və İranın nüvə proqramının bu ölkələr tərəfindən dəstəklənməsi kimi qiymətləndirib. Hər halda, İran Prezidenti Nyu Yorkda keçiriləcək konfransdan istifadə edib, NAM ölkələrini bir daha İsrail və onu himayə edən Qərb ölkələrinə qarşı birləşdirə və ABŞ-da keçiriləcək iclası ən azından istədiyi səmtə yönəldə bilər.

İranın 2000-ci və 2005-ci illərdə keçirilmiş NPT ölkələri konfranslarının nəticəsiz qalmasında ABŞ-ı günahlandırmağa da əsaslı arqumentləri var. 2000-ci ildə baş tutan iclasda ABŞ nüvə silahlarının məhv edilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməyib. 2005-ci ildə isə ABŞ nüvə silahlarının məhv edilməsi ilə bağlı 2000-ci ildəki konfransda əldə olunan razılıqları nəzərdən keçirməyə maraq göstərməyib, üstəlik, 11 sentyabr hadisələrini bəhanə edərək, hələlik nüvə strategiyasında dəyişiklik etməyə hazır olmadığını bəyan edib. Lakin, hazırkı konfrans ərəfəsində dünyadakı nüvə silahlarının 95 faizinə malik olan ABŞ və Rusiya aprelin 8-də nüvə silahlarının sayının hər iki tərəfdə 1550 rəqəminə çatdırılması barədə müqavilə imzalayıblar və bu hadisə beynəlxalq ictimaiyyət tərəfindən alqışlanıb. Hər halda, İranın ABŞ-a nüvə silahlarının məhv edilməsi ilə bağlı hücuma keçməsi üçün tutarlı səbəbləri var. Digər tərəfdən, son 30 ildə nüvə silahına malik olan ölkələrin bu texnologiyanı BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən əldə etmələri istisna olunmur. NPT-yə üzv olmayan nüvə silahına malik Pakistan, İsrail, Hindistan və Şimali Koreyanın hansı qüvvələr tərəfindən nüvə silahı istehsalı texnologiyalarına yiyələnməsi hələ də qaranlıq qalır.

Əslində, Əhmədinejadın bu məsələlərə toxunması nə Nyu Yorkda keçiriləcək NPT konfransını çaşdırmaqdır, nə də müzakirədən kənar bir söhbətdir. Sadəcə, İranın nüvə proqramına yönələn fikirlərin yayındırılması qorxusu Qərbi çəkindirir.

Xəbər lenti

Xəbər lenti