...

NATO Cənubi Qafqazdakı münaqişələrin həllində maraqlıdır - Robert Simmons

Siyasət Materials 26 Noyabr 2010 11:25 (UTC +04:00)
NATO bölgədəki münaqişələrin həllində maraqlıdır və bu istiqamətdə aparılan siyasi danışıqları dəstəkləyir.
NATO Cənubi Qafqazdakı münaqişələrin həllində maraqlıdır - Robert Simmons

Azərbaycan, Bakı, 26 noyabr /Trend, müxbir T.Hacıyev/

NATO Cənubi Qafqazdakı münaqişələrin həllində maraqlıdır. Bunu Brüsseldə Azərbaycan, Gürcüstan və Ermənistanın ictimaiyyət nümayəndələrinin iştirakı ilə NATO-nun baş qərargahında keçirilən müzakirələr zamanı təşkilatın baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Robert Simmons bildirib.

"NATO bölgədəki münaqişələrin həllində maraqlıdır və bu istiqamətdə aparılan siyasi danışıqları dəstəkləyir. Cənubi Qafqazdakı münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunması alyansın Lissabon sammitinin nəticələrində də qeyd olunub", - Simmons bildirib. Bu barədə Trend-ə Brüsseldən telefonla tədbirdə iştirak edən BDU-nun müəllimi, təhlükəsizlik məsələləri üzrə ekspert Bəxtiyar Aslanbəyli məlumat verib. 

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Brüsseldə Azərbaycan, Gürcüstan və Ermənistanın ictimaiyyət nümayəndələrinin iştirakı ilə NATO-nun baş qərargahında regiondakı münaqişələrə dair müzakirələr aparılıb.

Müzakirələr NATO-nun Cənubi Qafqaz ölkələri ilə ictimai diplomatiya sahəsində əməkdaşlıq siyasəti çərçivəsində baş tutub.

Tədbirdə NATO rəsmiləri ilə Lissabon sammitinin yekunları, NATO-nun Qafqaz siyasəti, Cənubi Qafqaz ölkələrinin Avro-Atlantik strukturlara inteqrasiyası, NATO-Rusiya münasibətlərinin hazırkı durumu və gələcək perspektivləri, NATO-nun Əfqanıstandakı əməliyyatları və alyansın bu ölkə ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Simmons bildirib ki, NATO-nun qapıları yeni üzvlər, o cümlədən Azərbaycan üçün açıqdır, lakin NATO-nun genişlənməsi sadəcə təşkilat tərəfindən deyil, potensial yeni üzvlər tərəfindən də bir sıra addımların atılmasını və bu istiqamətdə qarşılıqlı əməkdaşlığı tələb edir.

Bəxtiyar Aslanbəyli Cənubi Osetiya və Abxaziyanın Rusiya hərbi qüvvələrinin nəzarəti altında olduğunu xatırladaraq, Gürcüstanın NATO-ya qəbulu məsələsinin bu münaqişələrin həlli ilə birbaşa bağlı olduğunu vurğulayıb və ümumiyyətlə, bölgədəki münaqişələrin həllinin Cənubi Qafqazın Avro-Atlantik məkana inteqrasiyasına müsbət təsir edəcəyini qeyd edib. Aslanbəyli, həmçinin NATO-nun İctimai Diplomatiya Bölməsinin hazırladığı "Cənubi Qafqazda tərəfdaşlar" adlı kitabçadakı xəritədə Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyanın mübahisəli ərazilər kimi qeyd olunmasına etiraz edərək, bu cür yanlış məlumatın NATO çap məhsullarında yer almasının yolverilməz olduğunu bildirib.

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri, hərbi təhlilçi Cəsur Sümərinlinin Azərbaycanın NATO ilə əməkdaşlığının yeni perspektivləri ilə bağlı sualını cavablandırarkən Robert Simmons yeni FTƏP-in (IPAP) artıq müzakirə olunduğunu və tezliklə qəbul olunacağını bildirib.

Bu sənəd növbəti iki il ərzində Azərbaycanın NATO strukturları ilə əməkdaşlığının əsas istiqamətlərini və prioritetlərini müəyyən edəcək.

NATO rəsmiləri ilə müzakirələrdən sonra Azərbaycan nümayəndə heyəti Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyində Azərbaycan diplomatları ilə görüş keçirib. Görüş zamanı nümayəndə heyətinin fəaliyyət istiqamətləri, QHT-lərin NATO strukturları ilə əməkdaşlığı və birgə layihələri, eləcə də NATO-nun ictimai diplomatiya istiqamətindəki fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

NATO-nun Cənubi Qafqaz dövlətləri - Azərbaycan, Gürcüstan və Ermənistan ilə əməkdaşlığı, əsasən, "Sülh naminə tərəfdaşlıq", "Fərdi tərəfdaşlıq üzrə əməliyyat planı" (FTƏP), həmçinin "Planlaşdırma prosesi və analiz" proqramları əsasında həyata keçirilir.

Həmin sənədlərdə tərəfdaş ölkələrin Şimali Atlantika Alyansı ilə müdafiə, təhlükəsizlik və hərbi siyasət sahələrində islahatlara dair məsləhətlərin aparılması üzrə məqsəd və niyyətləri müəyyən olunub.

İslahatların aparılmasına yardım göstərilməsi ilə yanaşı, NATO ilə Azərbaycan arasında əməkdaşlığın mühüm məqsədlərindən biri sülhməramlı əməliyyatların və böhrana çevik reaksiya əməliyyatlarının aparılması zamanı ölkənin silahlı qüvvələrinin qabiliyyətini NATO ölkələri qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsində inkişaf etdirməkdir. 1999-cu ildən Azərbaycanın hərbi kontingenti NATO-nun Kosovoda, 2002-ci ildən isə Əfqanıstanda sülhməramlı əməliyyatlarının aparılmasına dəstək göstərib.

Azərbaycan NATO ilə 1994-cü ildən əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti