...

NATO-nun gələcək strategiyası Bakıda müzakirə olunub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 7 Dekabr 2010 14:10 (UTC +04:00)
NATO-nun yeni strateji konsepsiyası yeni təhlükələrin qarşısının alınması üçün alyansın gələcəkdə atacağı addımları müəyyən etməyi nəzərdə tutur. Polşanın Azərbaycandakı səfiri Mixal Labenda belə hesab edir.
NATO-nun gələcək strategiyası Bakıda müzakirə olunub (ƏLAVƏ OLUNUB)

RED. əlav.: Konfrans barədə təfərrüatlar əlavə olunub

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir Y.Ostapenko/

NATO-nun yeni strateji konsepsiyası yeni təhlükələrin qarşısının alınması üçün alyansın gələcəkdə atacağı addımları müəyyən etməyi nəzərdə tutur. Polşanın Azərbaycandakı səfiri Mixal Labenda belə hesab edir.

"NATO-nun yeni strateji konsepsiyası yeni təhlükələrin qarşısının alınması üçün alyansın gələcəkdə atacağı addımları müəyyən etməyi nəzərdə tutur. Lissabondakı NATO sammitində ümumi təhlükəsizliyin müasir təhdidləri beş bənddə birləşdirilib: Əfqanıstandakı vəziyyət, kibertəhlükəsizlik, kütləvi qırğın silahlarından təhlükəsizliyin təminatı, beynəlxalq terrorizm və təbii fəlakət və bəlalardan müdafiə", - çərşənbə axşamı Labenda Bakıda "NATO Lissabon sammitindən sonra: Yeni strateji konsepsiya" adlı beynəlxalq konfransda bildirib.

NATO-nun Lissabon sammiti noyabrın 19-20-də keçirilib.

Polşalı diplomat sammitdə Rusiya və NATO arasında dialoqun bərpasını əldə olunan mühüm nailiyyət hesab edib. Labenda Rusiya-NATO Şurasını əvvəlki kimi, Korfu prosesinin reallaşdırılmasının mühüm hissəsi hesab edir.

Korfu prosesi Avropada ümumi təhlükəsizliyin yaradılmasıdır.

Labenda bildirib ki, NATO həqiqətən də Rusiya ilə əməkdaşlıq üçün açıqdır və bu əməkdaşlıqdan təkcə alyans üzvü olan ölkələr deyil, həm də bütün tərəfdaş ölkələr faydalanacaqlar.

Onun sözlərinə görə, əsl tərəfdaşlığa doğru yol şəffaflığa, açıqlığa, məsuliyyətə əsaslanmalıdır.

Diplomat Avropada vahid RHM sisteminin yaradılmasını vacib hesab edir. O güman edir ki, bütün alyans ölkələri nüvə təhlükəsindən yalnız bu cür müdafiə oluna bilərlər.

NATO sammitində alyansın baş qərargahının fəaliyyət sistemində islahatlar, bir sıra ehtiyaclar üzrə büdcənin ixtisarı və hətta blokun bəzi komitələrinin ləğv edilməsi müzakirə olunub.

Lakin, səfir hesab edir ki, bu, alyansın müasir təhlükələrə cavab imkanlarına təsir etməməlidir. O, deyib ki, Lissabondakı sammit gələcəkdə təşkilatda aparılacaq islahatlar yolunda və son on il ərzində strategiyanın müəyyən edilməsi üzrə yalnız ilk addımdır.

"Şərq-Qərb" Araşdırmalar Mərkəzini direktoru Ərəstun Oruclu hesab edir ki, Azərbaycan və NATO tərəfdaşlığı Azərbaycan xalqına fayda verəcək.

"Unutmaq olmaz ki, hərbi təşkilat olmaqdan əlavə NATO, həm də nüfuzlu siyasi blokdur və mən hesab edirəm ki, Azərbaycanın vətəndaş cəmiyyəti alyansla əməkdaşlığın inkişafında iştirak etməlidir", - Oruclu bildirib.

Regional təhlükəsizlik haqqında danışarkən, Oruclu İranın nüvə proqramı problemini xatırladıb və qeyd edib ki, Azərbaycanın gələcəkdə bu məsələ ilə bağlı hansı mövqe tutacağını müəyyən etmək çətindir. O, həmçinin bildirib ki, NATO Gürcüstan və Ukraynaya üzvlüklə bağlı yol xəritəsi təqdim etməkdən imtina etməklə, bu ölkələri Rusiya qarşısında çətin vəziyyətdə qoyub.

O, Azərbaycanla NATO əməkdaşlığının gələcəyini barədə nikbinliyini ifadə edib.

"Ümid edirəm ki, növbəti dəfə belə görüşdə əməkdaşlığın mümkünlüyü haqqında deyil, onun nəticələri barədə danışacağam", - Oruclu bildirib.

Təhlükəsizlik məsələləri üzrə azərbaycanlı ekspert Bəxtiyar Aslanbəyli hesab edir ki, NATO-nun Cənubi Qafqaz ölkələrinə münasibəti və IPAP proqramı üzrə region ölkələri ilə əməkdaşlığı alyansın Cənubi Qafqazdakı yeni demokratikləşməyə başlayan bütün ölkələrə açıq mövqeyini sübut edir.

Lakin o, inteqrasiya yolunda bir sıra problemlərin mövcud olduğunu qeyd edib. Belə ki, nizamnaməyə görə, NATO ərazisinin bir hissəsi işğal altında olan ölkəni yeni üzvlüyə qəbul edə bilməz. Nəticə etibarilə, Gürcüstanın NATO-ya üzvlüyü bu ölkənin ərazisində Rusiya qoşunlarının olması amilindən asılıdır.

"Azərbaycanın NATO-ya interqasiyası prosesi də davam edən Dağlıq Qarabaq münaqişəsinə görə çətinləşir. Bu məsələdə NATO-nun mövqeyi aydındır: blok ATƏT-in Mİnsk qrupu çərçivəsində aparılan danışıqların formatını dəstəkləyir", - ekspert, BDU-nun müəllimi deyib.

Azərbaycanla NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində qoyulub. Azərbaycan bu proqramın ilk iştirakçıları sırasında ATƏT-ə üzv 27ölkədən biri olub.

1996-cı ilin aprel ayında qarşılıqlı əlaqələrin konkret istiqamətlərini müəyyən edən "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd imzalanıb. Hal-hazırda bu proqrama uyğun olaraq, Azərbaycan ona həvalə olunmuş 50 tərəfdaşlıq tapşırığını yerinə yetirir.

2005-ci il avqustun 3-də Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət planının təsdiq olunması haqqında" fərman imzalayıb.

Hazırda "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı"nın ikinci mərhələsi çərçivəsində əməkdaşlıq həyata keçirilir.

Azərbaycanın müxalif Müsavat Partiyasının sədri İsa Qəmbər bir sıra ölkələr tərəfindən Azərbaycanın təhlükəsizliyinə təhdidlərin mövcud olduğunu deyib, Rusiya və İran amilini qeyd edib. Ona görə də, İsa Qəmbər hesab edir ki, NATO-ya inteqrasiya prosesini mümkün qədər tez həyata keçirmək lazımdır.

O, xatırladıb ki, lakin alyans ərazisinin bir hissəsi işğal altında olan ölkəni üzvlüyə qəbul edə bilməz.

"Bu, çıxılması zəruri olan qapalı dairədir", - Qəmbər qeyd edib.

Onun fikrincə, beynəlxalq qurumlar, o cümlədən, Avropa Şurası və ATƏT Azərbaycanda öz nüfuzlarını itirirlər. Müsavat sədri qeyd edib ki, Azərbaycanda NATO-ya inam isə hələ itməyib.

Xəbər lenti

Xəbər lenti