...

Vilayət Eyvazov: Bu il Azərbaycanda insan alveri ilə bağlı 4 cinayətkar qrup zərərsizləşdirilib

Siyasət Materials 28 Oktyabr 2011 12:21 (UTC +04:00)
Azərbaycanda insan alveri ilə bağlı 4 cinayətkar qrup zərərsizləşdirilib
Vilayət Eyvazov: Bu il Azərbaycanda insan alveri ilə bağlı 4 cinayətkar qrup zərərsizləşdirilib

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir M.Əliyev/

Bu ilin 9 ayında Azərbaycanda insan alverinin 18 qurbanı öz arzusu ilə təhlükəsiz sığınacağa yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə cümə günü insan alverinə qarşı mübarizə üzrə milli koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazov insan alverinə qarşı mübarizə ilə bağlı parlamentə təqdim etdiyi hesabatla bağlı çıxışı zamanı deyib.

Eyvazovun sözlərinə görə, həmin şəxslərin hər biri tibbi, psixoloji yardımla əhatə olunub, zəruri vəsaitlərlə təmin edilib.

Hesabat dövrü ərzində insan alverindən zərər çəkmiş 26 nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinət, 18 nəfərə İnsan alveri qurbanlarına Kömək Fondundan yardım verilib, Səhiyyə Nazirliyi tərəfindən 25 qurbana müxtəlif tibbi xidmətlər göstərilib.

Həmçinin hesabatda qeyd olunur ki, potensial qurban olan 29 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yardım Mərkəzinə istiqamətləndirilib. Qurbanların övladları olan 6 uşaq yay düşərgələrinə və ümumtəhsil məktəblərinə göndərilib, 3-ü səhiyyə və peşə proqramlarına cəlb olunub.

Həmçinin uşaqların qeydiyyata alınması ilə bağlı 3 nəfərə şəxsiyyət vəsiqəsi, 10 nəfərə doğum haqqında şəhadətnamə, insan alveri qurbanı və potensial qurbanı olan 46 nəfərə şəxsiyyəti təsdiq edən sənəd verilib.

Eyvazov deyib ki, bu ilin 9 ayında Azərbaycanda insan alveri ilə bağlı 4 cinayətkar qrup zərərsizləşdirilib.

Hesabatda bildirilir ki, bu ilin 9 ayında insan alveri ilə bağlı 70 fakt qeydə alınıb, cinayəti törətmiş 17 nəfər saxlanılıb. İnsan alveri qurbanı olan 27 nəfər müəyyən olunub.

Bu cinayətə görə, beynəlxalq axtarışa verilmiş şəxslərdən 3 nəfəri İnterpol xətti ilə tutularaq istintaqa təhvil verilib, hazırda 17 nəfərin axtarışı davam edir.

İnsan alveri qurbanlarından 17 nəfəri Türkiyəyə, 5 nəfəri İrana, 2 nəfəri Birləşmiş Ərəb Əmirliklərinə, 2 nəfəri Rusiyaya aparılıb.

Hesabatda qeyd olunur ki, qurbanlardan 3-ü təhsilsiz, 3-ü natamam orta, 21-i orta təhsillidir. Onlardan 14-ü 25-35 yaş həddində, 25-i subay olub.

Xəbər lenti

Xəbər lenti