...

Finlandiyadakı Azərbaycan və Türk diasporları Fransanı "erməni soyqırımı" ilə bağlı qanunu qəbuldan çəkinməyə çağırıblar

Siyasət Materials 22 Dekabr 2011 12:49 (UTC +04:00)
Finlandiyadakı Azərbaycan və Türk diasporları Fransa parlamentini qondarma "erməni soyqırımı" ilə bağlı biabırçı qanunu qəbul etməkdən çəkinməyə çağırıblar.
Finlandiyadakı Azərbaycan və Türk diasporları Fransanı "erməni soyqırımı" ilə bağlı qanunu qəbuldan çəkinməyə çağırıblar

Azərbaycan, Bakı, 22 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Finlandiyadakı Azərbaycan və Türk diasporları Fransa parlamentini qondarma "erməni soyqırımı" ilə bağlı biabırçı qanunu qəbul etməkdən çəkinməyə çağırıblar.

"Finlandiyada fəaliyyət göstərən Azərbaycan və Türk diasporları bu qanun layihəsinin müzakirəyə çıxarılmasını qətiyyətlə pisləyir və Fransa parlamentini onu qəbul etməkdən çəkinməyə çağırırlar", - Finlandiyada fəaliyyət göstərən Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycan Qadınlar Cəmiyyəti və Yeniyetmə Gənclər Təşkilatının Fransa parlamentinə ünvanladığı etiraz müraciətində bildirilir. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Müraciət müəllifləri adıçəkilən qanun layihəsinin müzakirəyə çıxarılmasından narahatlıqlarını ifadə edərək bunun Fransa-Türkiyə münasibətləri ilə yanaşı, Fransa-Azərbaycan münasibətlərinə də mənfi təsir göstərəcəyini bəyan ediblər.

Müraciət müəllifləri 1915-ci ildə baş verən hadisələrin tarixçilər tərəfindən araşdırılmasının vacibliyini qeyd edərək, Türkiyə hökumətinin bu məsələ ilə bağlı ortaq elmi komissiyanın qurulması barədə təşəbbüsünü dəstəklədiklərini qeyd ediblər.

"Qondarma "erməni soyqırımı" siyasi yox, tarixi məsələdir. Türkiyə dövləti hər zaman tarixi arxivləri açmağa, elm adamlarını bu məsələyə cəlb etməyə, tarixi gerçəklikləri ortaya çıxarmağa hazır olduğu halda Fransanın Türkiyəni ittiham etmək cəhdləri heç cür doğru deyil", - müraciətdə qeyd olunur.

Müraciətdə bildirilir ki, dünyanın heç bir demokratik ölkəsində, hətta insan hüquqları pozulan ölkələrdə belə, vətəndaşına başqa bir xalqın tarixi ilə bağlı şahidi olmadığı və ya doğruluğu sübut olunmayan bir faktı inkar etdiyinə görə azadlıqdan məhrumetmə və ya cərimə cəzası tətbiq olunmur.

"Bu, Fransa dövləti və parlamenti üçün çox böyük rəzalət və biabırçılıqdır. Bu qanun hüquq qaydalarına ziddir", - müraciətdə vurğulanır.

Müraciət müəllifləri Fransa parlamentinin üzvlərini qondarma "erməni soyqırımı" əvəzinə 20 il əvvəl ermənlərin törətdiyi Xocalı soyqırımını müzakirə etməyi tövsiyə edirlər.

"1992-ci ildə Azərbaycanın Xocalı yaşayış məntəqəsində dinc sakinlərin, yaşlıların, qadın və uşaqların kütləvi surətdə qətliamı yaddaşlardan hələ də silinməyib. ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa kimi bir dövlət yaxın tariximizdə baş verən qanlı hadisələri müzakirə etmək əvəzinə erməni yalanlarına uyaraq özünü nüfuzdan salır", - müraciətdə vurğulanır.

Xəbər lenti

Xəbər lenti