Kəmaləddin Heydərov: Zaqatalada bu gün qeydə alınan zəlzələ evlərə ciddi təsir edib (ƏLAVƏ OLUNUB)

Foto: Kəmaləddin Heydərov: Zaqatalada bu gün qeydə alınan zəlzələ evlərə ciddi təsir edib (ƏLAVƏ OLUNUB) / Siyasət

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir M.Əliyev/

Zaqatalada bu gün qeydə alınan zəlzələ evlərə ciddi təsir edib. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

"Bugünkü zəlzələ adi günlərdə hiss olunmurdusa, əvvəl baş vermiş zəlzələlərin ziyan vurduğu evlərə daha da təsir göstərib. Dəyən ziyanın məbləği hesablanacaq", - Heydərov əlavə edib.

Nazirin sözlərinə görə, hadisə yerində ilkin yardım işlərinin aparılması üçün 20 milyon manat vəsait ayrılıb.

"Orada evlərin və sosial obyektlərin tikilib təhvil verilməsinə yəqin ki, əlavə vəsait ayrılacaq", - Heydərov əlavə edib.

Nazir bildirib ki, dünən axşama olan məlumatlara görə, Zaqatalada 3 minə yaxın ev, 124 sosial obyekt uçub və ya tam qəzalı vəziyyətdədir. İnsan ölümü və ciddi xəsarət alan yoxdur.

Onun sözlərinə görə, hazırda komissiyalar işlərini davam etdirir.

"Bu gecə ərzində, demək olar ki, evləri qəzalı vəziyyətdə olan bütün insanlara çadırlar paylanılıb. İlk yardım üçün uşaq yeməkləri, paltarlar verilib və bu proses davam edir. Əhali ilk 2 gündə narahat idi. Amma hər halda camaat hər şeyi başa düşür. Bu, ciddi təbii fəlakətdir. Hazırda hər şey qaydasındadır. Biz çalışırıq ki, onlar müvəqqəti çadırlarda yerləşdiyi zaman heç bir problem olmasın. Tibb işçiləri və xilasetmə dəstələri növbəli iş rejimində çalışırlar", - Heydərov əlavə edib.

Nazirin sözlərinə görə, sel və daşqınlar nəticəsində bir nəfər həlak olub.

"Lakin 18 nəfər köməksiz qalmış insanı FHN işçiləri xilas edə biliblər. Orada evlərə heç bir zərər dəyməyib. Yalnız insanların həyatı təhlükə altında idi. Onlar da xilas olunub", - FHN rəhbəri bildirib.

Heydərov deyib ki, Zaqatalada zərər çəkmiş evlərin bərpası üçün tələb olunan məbləğ yaxınlarda məlum olacaq.

"Hazırda komissiyalar evlərin sayını və evlərin tikintisi üçün tələb olunan tikinti materialları ilə bağlı hesablamalar aparırlar. Hazırda araşdırma aparılır. Dəqiq olmasa da, təxmini rəqəmlər bir neçə günə açıqlanacaq", - o qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az