...

Bakıda enerji təhlükəsizliyinə müştərək yanaşma müzakirə edilir

Siyasət Materials 21 Noyabr 2013 10:51 (UTC +04:00)
Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və NATO-nun birgə təşkilatçılığı ilə "Enerji təhlükəsizliyinə müştərək yanaşma: NATO və digər tərəflərin mövqeyi" mövzusunda konfrans keçirilir.
Bakıda enerji təhlükəsizliyinə müştərək yanaşma müzakirə edilir

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və NATO-nun birgə təşkilatçılığı ilə "Enerji təhlükəsizliyinə müştərək yanaşma: NATO və digər tərəflərin mövqeyi" mövzusunda konfrans keçirilir.

Trend-in məlumatına görə, konfransın birinci sessiyasının moderatoru, təhlükəsizlik və enerji məslələri üzrə ekspert Bəxtiyar Aslanbəyli son 10 ildə NATO-nun enerji təhlükəsizliyi məsələlərinə yanaşmasındakı təkamülün icmalını verib: "2006-cı il Riqa sammitində ilkin müzakirələrdən sonra, 2008-ci il Buxarest sammitində artıq NATO-nun enerji təhlükəsizliyindəki rolunun prinsiplərinin müəyyən olunmasına qərar verildi. Nəhayət NATO-nun 2010-cu ildə qəbul etdiyi yeni Strateji Konsepsiyada üzv ölkələrin enerji tələbatının onların təhlükəsizlik mühitinə təsiri, eləcə də mövcud enerji infrastrukturlarının və tranzit ərazilərin qorunmasının əhəmiyyəti xüsusi vurğulandı".

B.Aslanbəyli müasir dövrdə də enerji infrastrukturlarının qorunmasının təhlükəsizlik prioritetləri kimi nəzərdən keçirildiyini qeyd edib. Eyni zamanda bildirib ki, bu sahədə fəaliyyətin daha ardıcıl olmasına ehtiyac var.

Ekspert hesab edir ki, NATO regiondakı enerji infrastrukturlarının, daha geniş mənada isə ümumilikdə Cənub Qaz Dəhlizinin təhlükəsizliyinin təminatında daha aktiv və konkret rol oynaya bilər: "Regiondakı ölkələrlə uzunmüddətli uğurlu tərəfdaşlıq münasibətləri artıq bu əməkdaşlığın yeni mərhələyə keçməyini tələb edir. Enerji infrastrukturlarının qorunması istiqamətində əməkdaşlıq qeyd olunan münasibətlərin yeni mərhələyə keçməsinə uğurlu töhvə verə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti