...

İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb

Siyasət Materials 16 Aprel 2014 14:20 (UTC +04:00)
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə aqroparkların yaradılması barədə təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda Prezident kənd təsərrüfatının institusional inkişafını təmin etmək, aqrar sahədə idarəetməni müasir dövrün tələblərinə uyğunlaşdırmaq, o cümlədən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunu və fəaliyyətini təkmilləşdirmək məqsədi ilə qərara alıb ki, rayonlar üzrə aqrar siyasətin həyata keçirilməsinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirlərinin təşkili, aqrar sahə ilə bağlı problemlərin həllində müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının yerli struktur bölmələri ilə səmərəli əməkdaşlığın qurulması məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılsın.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə aqroparkların yaradılması barədə təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Bundan başqa Kənd Təsərrüfatı Nazirliyi beynəlxalq təcrübəyə əsaslanmaqla, aqrar sektorun dövlət tərəfindən dəstəklənməsində şəffaflığı və hesabatlılığı təmin etmək üçün "elektron kənd təsərrüfatı" informasiya sisteminin üç il müddətində mərhələlərlə yaradılmasını təmin etsin və həyata keçirilən tədbirlər barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfat hesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi, yenidən təşkili və idarəetməyə verilməsi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. Xarici investorları cəlb etməklə respublikada kənd təsərrüfatı təyinatlı texnikanın istehsalının təşkilinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim eməlidir. Tabeliyindəki laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsi və onların beynəlxalq akkreditasiyadan keçməsinin təmin edilməsi istiqamətində tədbirlər görməlidir. Heyvandarlığın mövcud vəziyyəti barədə etibarlı məlumat bazasının formalaşdırılması məqsədi ilə kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı sisteminin üç il müddətində mərhələlərlə yaradılmasını təmin etsin və həyata keçirilən tədbirlər barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Qeyri-dövlət fitosanitar xidmətlərinin, o cümlədən bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı, idxalı, satışı və saxlanılmasının xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim eməlidir.

Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsinə dair təkliflərini beş ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir. Aqrar elmin inkişafı konsepsiyasının layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin beynəlxalq lizinq standartlarına uyğunlaşdırılması sahəsində tədbirlər görməlidir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə aqrar sahədə kadr hazırlığı və təminatı sisteminin yaxşılaşdırılmasını təmin etsin, aqraryönümlü orta ixtisas və peşə təhsili müəssisələrinin fəaliyyətinin təşkilinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə torpaqların münbitliyinin qorunması və artırılması, şoranlaşmış və şorakətləşmiş, eroziyaya uğramış torpaqların sağlamlaşdırılması tədbirlərini ölkədə aparılan iqtisadi strategiyaya uyğun olaraq müvafiq proqramlar əsasında həyata keçirməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə xarici investorların kənd təsərrüfatına cəlb edilməsi məqsədi ilə bu sahədə yaradılacaq aqrobiznes qurumlarının nizamnamə kapitalında "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin iştirakını təmin etməlidir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası altı ay müddətində kəndli fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı müəssisələri formasında birləşmələrinin iqtisadi stimullaşdırılmasını nəzərdə tutan "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

İstehlak bazarında qiymət sövdələşməsinin qarşısının alınması məqsədi ilə antikartel fəaliyyətini tənzimləyən normativ hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində Kənd Təsərrüfatı Nazirliyinin yeni strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını təsdiq etməlidir.

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin və rayon aqroservis filiallarının istifadəsində olan, cəmiyyət tərəfindən yeni alınan, lizinqə verilmiş və lizinq yolu ilə satılan texnikaya tətbiq edilə biləcək güzəştlərə, eləcə də mineral gübrələrin satışı üzrə dövlət tərəfindən tətbiq olunan güzəştin həcminin artırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda baytarlıq xidmətlərini həyata keçirən idarə və müəssisələrin özəlləşdirilməsinə yol verilməsi ilə bağlı müvafiq dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Kənd təsərrüfatı sahəsində sığorta mexanizminin təkmilləşdirilməsinə və bu sahədə prosedurların sadələşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Kənd təsərrüfatı təyinatlı torpaqların zəbt olunmasına və ya onlardan qanunsuz istifadə edilməsinə görə məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Bu Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan "elektron kənd təsərrüfatı" informasiya sisteminin təşkilini və fəaliyyətini, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin informasiya resursları ilə inteqrasiyasını təmin etmək məqsədi ilə "elektron kənd təsərrüfatı" informasiya sistemindən istifadə qaydalarını altı ay müddətində müəyyən etməlidir.

Bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti