...

Azərbaycanın son zamanlar Rusiyadan aldığı hərbi texnikaların adları açıqlandı

Siyasət Materials 17 Aprel 2014 15:48 (UTC +04:00)
Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlığın inkişafında maraqlıdır və sentyabrın 11-dən 13-dək Bakıda keçiriləcək ADEX-2014 Beynəlxalq müdafiə sənayesi sərgisində "Rosoboroneksport"un iştirak edəcəyini gözləyir.
Azərbaycanın son zamanlar Rusiyadan aldığı hərbi texnikaların adları açıqlandı

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycan Rusiya ilə hərbi-texniki əməkdaşlığın inkişafında maraqlıdır və sentyabrın 11-dən 13-dək Bakıda keçiriləcək ADEX-2014 Beynəlxalq müdafiə sənayesi sərgisində "Rosoboroneksport"un iştirak edəcəyini gözləyir. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS-a Azərbaycan müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov DSA-2014 silah sərgisində bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın hərbi-texniki əməkdaşlığının ümumi həcmində Rusiya birinci, Türkiyə ikinci yeri, Cənubi Afrika Respublikası isə üçüncü yeri tutur.

Azərbaycan müdafiə sənayesinin nümayəndəsi qeyd edib ki, son zamanlar respublika Rusiyadan Т-90 tankları, ağır odsaçan sistemlər (TOS), özüyeriyən "Msta" artilleriya qurğuları, Mi-35М vertolyotları, BMP-3 piyada döyüş maşınları, BTR-82 zirehli transportyorları alıb.

A.Məmmədov deyib ki, Azərbaycanda АK-74М avtomatlarının lisenziyalı istehsalının təşkili üzrə müqavilənin reallaşdırılması tam sürətlə gedir: "Hazırda biz bu müqavilənin ikinci mərhələsinin reallaşdırılmasına başlamışıq. Birinci mərhələdə bu avtomatların buraxılışı üzrə yığım xətti yaradılıb. İndi milli sənaye qüvvələri АK-74М-in bəzi hissələrinin istehsalına yiyələnir. Bizdə avtomatların quraşdırılması Rusiya komplektləşdiricilərinin və yerli sənaye müəssisələri tərəfindən buraxılan detalların tətbiqi ilə aparılır".

O, qeyd edib ki, keçmiş Sovet respublikaları, eləcə də Rusiya ilə hərbi-texniki əməkdaşlıq dil baryerinin olmaması, oxşar QOST-lar və sahə standartlarının mövcudluğu, keçmiş SSRİ-də hazırlanan kadrların olması kimi əsaslı üstünlüyə malikdir. Qərb nümayəndələri ilə ünsiyyət zamanı Azərbaycan sənayesi üçün böyük problemlər yaranır: "Əlbəttə, marketinq sahəsində, danışıqların aparılmasında problem yoxdur, amma bilavasitə istehsalat sahəsində böyük çətinlik var. Ümid edirik ki, Bakıda ADEX-2014 müdafiə sənayesi sərgisi zamanı "Rosoboroneksport"la əlaqələrimiz yeni səviyyəyə yüksələcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti