...

Prezident İlham Əliyev Xızıdakı Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub (FOTO)

Siyasət Materials 22 İyul 2014 13:49 (UTC +04:00)
İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub.
Prezident İlham Əliyev Xızıdakı Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 22 iyul /Trend/

İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub.

Ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin əlavə edilməsi ilə müşayiət olunur. Şəhər və rayonlarımızda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması və ya yenidən qurulması da diqqətdən kənarda qalmır. Bu sahədə həyata keçirilən işlər çərçivəsində Xızı rayonundakı Heydər Əliyev Parkının yenidən qurulması da xüsusi əhəmiyyət kəsb edir. Rayon mərkəzində yerləşən bu mədəniyyət və istirahət parkının ərazisi tamamilə yenidən qurulub. Xızının mərkəzi hissəsinə xüsusi yaraşıq verən bu park rayon sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov parkda görülən abadlıq və quruculuq işləri barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, rayon sakinlərinin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün 3,6 hektar ərazidə salınmış parkda ardıcıl olaraq yenidənqurma və tikinti-quraşdırma işləri aparılır. Yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində çoxlu ağac və dekorativ gül kolları əkilib, çəmənlik salınıb.

Ölkəmizdə aparılan abadlıq-quruculuq işləri əhalinin istirahətinin təşkilində ciddi dəyişikliklərə səbəb olub. Şəhər və rayonlarımızın simasını daha da gözəlləşdirən yeni parkların salınması, həmçinin mövcud parkların yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bu da regionlarda həyata keçirilən quruculuq işlərinin davamlı və kompleks xarakter daşımasına əyani sübutdur.

Prezident İlham Əliyevə Xızı şəhərinin mərkəzi hissəsinin yenidən qurulması layihəsi barədə ətraflı məlumat verildi.

Bildirildi ki, layihədə nəzərdə tutulan "Xızı Grand Hotel" ən yüksək standartlar səviyyəsində inşa olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti