...

Nazirlər Kabinetində Oksford Universitetinin alimləri ilə görüş keçirilib (FOTO)

Siyasət Materials 23 İyul 2014 19:49 (UTC +04:00)
Azərbaycan Respublikası Nazirlər Kabinetində ölkəmizdə səfərdə olan Oksford Universitetinin alimləri ilə görüş keçirilib.
Nazirlər Kabinetində Oksford Universitetinin alimləri ilə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Azərbaycan Respublikası Nazirlər Kabinetində ölkəmizdə səfərdə olan Oksford Universitetinin alimləri ilə görüş keçirilib.

Trend AzərTAc-a istinadən xəbər verir ki, Baş nazirin müavini Elçin Əfəndiyev görüşdə dünyanın ən qədim və nüfuzlu təhsil ocaqlarından biri sayılan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasını Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verilən ən böyük qiymət adlandırıb. Belə bir mərkəzin yaradılmasının elmi əhəmiyyətini vurğulayan E.Əfəndiyev bu əlamətdar hadisənin Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti ilə yanaşı, gələcək nəsillərin elmi potensialının zənginləşdirilməsi baxımından xüsusi önəm daşıdığını söyləyib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva Oksford Universitetində yaradılmış Elmi Mərkəzin Azərbaycan və ölkənin yerləşdiyi Qafqaz regionunun tarixi və mədəniyyətinin araşdırılması üzrə Böyük Britaniyada təsis edilən ilk elmi tədqiqat ocağı olduğunu deyib. Oksford Universiteti ilə əməkdaşlığın uğurlu nəticələrinin olacağına inandığını qeyd edən N.Paşayeva Azərbaycan alimlərinin, şərqşünaslarının, türkoloqlarının əsərlərinin belə bir müstəvidə bu ali təhsil ocağının alimlərinə tanıdılacağından məmnunluğunu bildirib.

Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun professoru, Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu və Oksford Analitika tədqiqat mərkəzinin üzvü Edmund Herzig, Şərqşünaslıq İnstitutunun professoru və Nyu York Universitetinin Antik Araşdırmalar Mərkəzinin aparıcı elmi tədqiqatçısı Robert Hoyland, Şərqşünaslıq İnstitutunun ərəb filologiyası və ərəbşünaslıq üzrə müəllimi Culyan Foltles göstərilən diqqətə görə təşəkkür ediblər. Qonaqlar Azərbaycanın elm xadimlərinin əsərlərinin tərcümə olunaraq geniş ingilisdilli auditoriyaya tanıdılmasını vacib saydıqlarını qeyd ediblər.

Xatırladaq ki, Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması professor N.Paşayevanın təşəbbüsü ilə həyata keçmişdir və bu, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının və Oksford Universitetinin birgə layihəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti