...

Mübariz Əhmədoğlu: Erməni etnokriminallığının siyasiləşməsi və intellektuallaşması ABŞ-ın marağındadır

Siyasət Materials 25 İyul 2014 11:55 (UTC +04:00)
Erməni etnokriminallığının siyasiləşməsi və intellektuallaşması ABŞ-ın marağındadır. Belə bir çox maraq doğuran fikri Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: Erməni etnokriminallığının siyasiləşməsi və intellektuallaşması ABŞ-ın marağındadır

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İlkin İzzət/

Erməni etnokriminallığının siyasiləşməsi və intellektuallaşması ABŞ-ın marağındadır. Belə bir çox maraq doğuran fikri Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Ermənistanda informasiya texnologiyalarının (İT) inkişafı reqlamentləşdirilmiş və ya idarə olunan inkişafdır və bu inkişafın təbliğinə xüsusi diqqət yetirilir. Bu idarə olunan inkişafda müəyyən istiqamətlər aydın seçilir: "Kriminal sahə bilicilərinin apardığı tədqiqata görə, erməni etnokriminallarının törətdikləri cinayətlərin xarakterində intellektuallıq xüsusilə qabarıq şəkildə görünür. ABŞ-da "Armenian Power" cinayətkar dəstəsinin ifşası və törətdiyi cinayətlərin xarakteri kompüter bilikləri ilə sıx əlaqəlidir. "Armenian Power" mərkəzinin fəaliyyət göstərdiyi region əsasən ermənilərin daha çox məskunlaşdığı Kaliforniya ştatıdır. Amma nədənsə "Armenian Power"dən zərər çəkənlər arasında Kaliforniyadakı imkanlı ermənilərin adı yoxdur".

M.Əhmədoğlu qeyd edib ki, ABŞ-ın Ermənistandakı səfiri C.Heffern iki dəfə bu ölkədəki erməni iş adamlarını Ermənistanda İT-nin inkişafına investisiya qoymağa çağırıb. Kaliforniya ştatı Senatının nümayəndələrinin Ermənistana 5 günlük səfəri zamanı xüsusi diqqətdə saxladığı məsələlərdən biri də Ermənistanda İT-nin inkişafı idi. Kaliforniyalı senatorlar Yerevan Politexnik Universitetini qarış-qarış gəzdilər. Ehtimal olunur ki, Ermənistanda İT-nin inkişafını dəstəkləyənlər bunu MDB məkanında öz siyasi məqsədləri üçün edirlər: "Təxminən 8 il bundan qabaq ABŞ Ermənistanı MDB məkanında İT-nin inkişaf mərkəzinə çevirmək istəyirdi. Moskvadakı ali məktəblərin birində xüsusi təqdimat mərasimi hazırlandı. Mərasimdə o zaman da prezident olan Vladimir Putinin iştirakı nəzərdə tutulmuşdu. Lakin Putin son anda tədbirdə iştirakdan imtina etdi və ümumilikdə həmin tədbir ləğv olundu. Bununla belə, Rusiyada Ermənistanın İT nüfuzunu göstərmək üçün bundan sonra da müxtəlif səpkili addımlar yenə davam etdi. ABŞ-ın pulu və siyasi dəstəyinin hesabına inkişaf edən Ermənistan İT-sinin məhsulu olan "Armpad" və "Armfon" nədənsə ABŞ senatorları və konqresmenlərinin stolunun üstünə yol tapa bilmədiyi halda, Rusiyanın Baş naziri Dmitri Medvedevin kabinetinə yol tapa bilir. Ermənistanda İT-ni inkişaf etdirənlərin əsas məqsədi də budur".

Politoloq bildirib ki, vaxtilə dünyaya yayılmış ermənilər müxtəlif iri dövlətlərin əlində alət idi. Sonradan ermənilərin belə xarakterindən casusluq şəbəkələrinin yaradılmasında istifadə olundu. İndi İT şəbəkələnməsi də, görünür, bu niyyətlədir: "Rusiyada erməni mənşəli, populyar milyarder Ruben Vardanyanın ("Troyka-dialoq", "Ameriabank" və s.) davranışı bu fikirləri əsaslandırmaq üçün ciddi zəmin yaradır. Bundan əlavə, Ermənistanda rus dili və mədəniyyətinə qarşı təhqirli kampaniyalar həyata keçirilir, ingilis dili təbliğ olunur. Belə bir dövrdə milliyyətcə erməni olan bu rusiyalı milyarder Dilicanda ingilisdilli beynəlxalq təhsil kompleksinin tikintisinə bir neçə on milyon dollar pul ayırıb. Ermənistanda rus dilinin inkişafına pulun olmadığı barədə fikirlər bütün Ermənistan mətbuatını başına götürüb, amma R.Vardanyan ingilis dilinin inkişafına pul ayırır. Çünki İT-nin dili ingilis dilidir. Müasir erməni etnokriminallığı İT texnologiyalarsız mümkün deyil. Casus şəbəkələrinin də qurulmasında intellektuallıq və İT texnologiyaları mühüm əhəmiyyətə malikdir. Bütün bunlar isə siyasiləşmənin tərkib hissələridir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti