...

Şahin Camalov: "Leyla Yunus başqa ölkələrin maraqları ilə oturub duran adam idi"

Siyasət Materials 1 Avqust 2014 13:15 (UTC +04:00)
Leyla Yunus uzun illər idi ki, başqa ölkələrin maraqları ilə oturub duran adam idi.
Şahin Camalov: "Leyla Yunus başqa ölkələrin maraqları ilə oturub duran adam idi"

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Leyla Yunus uzun illər idi ki, başqa ölkələrin maraqları ilə oturub duran adam idi. Bunu Trend-ə İnsan Hüquqları XXI Əsr Fondunun prezidenti Şahin Camalov Sülh və Demokratiya İnstitutunun direktoru L.Yunusun həbs olunmasına münasibət bildirərkən deyib.

Ş.Camalov qeyd edib ki, kimliyindən asılı olmayaraq, dövlətin əleyhinə işləmək, müharibə şəraitində olan bir ölkəyə düşmən mövqe sərgiləyən bir ölkə ilə əməkdaşlıq etmək, onların maraqlarına xidmət etmək yolverilməzdir: "Bu cür fəaliyyət yolverilməzdir. Bu, dövlətə, vətənə və xalqa xəyanətdir. Hüquq mühafizə orqanlarının yaydığı məlumatda da Leyla Yunusun dövlətə xəyanət etdiyi açıq-aydın görünür və biz bunu onun həbsindən qabaq da bilirdik".

O vurğulayıb ki, heç bir halda dövləti başqalarına satmaq olmaz: "Dövlət bizim dövlətimizdir, problem də bizimdir, xeyri də, şəri də. Leyla Yunus kimilərinə qalsa, guya Azərbaycanda heç bir müsbət hadisə baş verməyib. Amma ölkədə olan müsbət dəyişiklikləri görməmək üçün kor olmaq lazımdır".

Fond prezidenti əlavə edib ki, L.Yunus son bir neçə ildə müxtəlif fəaliyyətlərinə görə Avropa dövlətlərindən 2,7 milyon manata qədər qrant əldə edib: "Ancaq demək olar ki, bu qrantın hara xərcləndiyini görməmişik. Azərbaycanda nə bir hüquq müdafiəçisi, nə də qeyri-hökumət təşkilatı deyə bilər ki, Leyla Yunus indiyə qədər vətəndaş cəmiyyətinin inkişafına, dövlətçiliyə, milli maraqlara xidmət edən hər hansı bir layihə icra edib. Mən şəxsən onun hər hansı bir layihə icra etdiyini görməmişəm. Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu pulun haradan gəlib hara getdiyini araşdırmalıdır".

Ş.Camalov qeyd edib ki, 2,7 milyon manat böyük məbləğdir və bu məbləğlə istənilən hərəkəti etmək olar: "Bu, terror aktından tutmuş dövlətçiliyə xəyanətə kimi bütün məsələləri əhatə edə bilər. Ümid edirəm ki, aidiyyəti qurumlar bu məsələlərin hamısını araşdıracaq və buna hüquqi qiymət verəcəklər".

Qeyd edək ki, L.Yunusovanın Cinayət Məcəlləsnin 274, 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2, A.Yunusovun isə həmin məcəllənin 274 və 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrində əsaslı şübhələr olduğundan 30 iyul 2014-cü il tarixdə onlar qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunub, L.Yunusovanın ölkəni tərk etməyə cəhd göstərməsi, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi, eləcə də iş üzrə şahid qismində dindirilmiş Əzizova Mətanət Mürşüd qızı və digərlərinin obyektiv ifadə vermələrinə qanunsuz təsir göstərməsinə dair məlumatlar nəzərə alınaraq, azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənəcəyi, ibtidai istintaqın normal gedişinə mane olacağını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, A.Yunusovun isə səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti