...

Elmar Məmmədyarov: Azərbaycan Əfqanıstan əməliyyatı ilə əlaqədar bundan sonra da lazımi tranzit dəstək göstərəcək

Siyasət Materials 21 Avqust 2014 18:22 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Nəqliyyat Komandanlığının rəhbəri general Pol Selvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Elmar Məmmədyarov: Azərbaycan Əfqanıstan əməliyyatı ilə əlaqədar bundan sonra da lazımi tranzit dəstək  göstərəcək

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Nəqliyyat Komandanlığının rəhbəri general Pol Selvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın NATO-nun Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatına verdiyi töhfələr yüksək qiymətləndirilib.

ISAF üçün əsas, etibarlı və təhlükəsiz tranzit marşrutlarından biri olaraq, ikitərəfli və çoxtərəfli əsasda nəqliyyat və yükdaşımaları sahəsində Azərbaycanın NATO-nun üzv və tərəfdaş ölkələrinə, o cümlədən ABŞ-a göstərdiyi dəstəkdən məmnunluq ifadə olunub.

E.Məmmədyarov tərəfdaş dövlət olaraq, Azərbaycanın Əfqanıstan əməliyyatı ilə əlaqədar bundan sonra da lazımi tranzit dəstək göstərəcəyini qeyd edərək, yekunlaşdırılmaqda olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti və yeni Ələt dəniz limanının ölkəmizin tranzit və nəqliyyat imkanlarını daha da artıracağını deyib.

P.Selva əməkdaşlığa və göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edərək, ölkəmizin əlverişli coğrafi mövqeyinin və inkişaf edən nəqliyyat infrastrukturunun yüksək təəssürat doğurduğunu və xüsusilə, kommersiya və ticarət baxımdan böyük imkanlara malik olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti