...

İlham Əliyev: Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı var (FOTO)

Siyasət Materials 29 Avqust 2014 23:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 28-də Beyləqanda Gənclər Mərkəzinin açılışında iştirak edib.
İlham Əliyev: Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı var (FOTO)

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 28-də Beyləqanda Gənclər Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı mərkəzlə tanışlıqdan sonra rayon gənclərinin və ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident İlham Əliyev görüşdə çıxış edib: "Bu gün Beyləqan rayonunda Gənclər Mərkəzi açılır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Çox gözəl mərkəzdir və qısa müddətdə - il yarım ərzində tikilmişdir. Gənclərin burada asudə vaxtlarını səmərəli şəkildə keçirmələri üçün bütün şərait, bütün imkanlar var. Son vaxtlar ölkəmizin müxtəlif bölgələrində Gənclər mərkəzləri tikilir. Bu, məni çox sevindirir. Çünki bizim gənclər siyasətimiz çox dəqiqdir, çox səmərəlidir və gözəl nəticələr verir. Qarşıya vəzifə qoyulub ki, hər bir şəhərdə müasir Gənclər Mərkəzi tikilsin. Burada gənclər həm istirahət etsinlər, həm öz biliklərini artırsınlar və bir-biri ilə ünsiyyətdə olsunlar.

Bildiyiniz kimi, əvvəlki dövrdə biz Olimpiya mərkəzlərinin tikintisi ilə ciddi məşğul idik. Bu proses bu gün də davam edir və fürsətdən istifadə edərək demək istəyirəm ki, Beyləqan rayonunda da müasir Olimpiya-İdman Mərkəzinin tikintisi nəzərdə tutulur. Bax, burada bu dəqiqə Gənclər və İdman Nazirliyinə göstəriş verirəm ki, layihəni hazırlasınlar və tezliklə tikintiyə başlasınlar. Yer də seçilibdir və hesab edirəm ki, biz tezliklə gözəl idman mərkəzini də yaradacağıq".

Dövlət başçısı bildirib ki, gənclər mərkəzlərinin yaradılması da gənclər siyasətinin tərkib hissəsidir: "Bizim gənclərimiz həm fiziki cəhətdən sağlam, eyni zamanda, bilikli, savadlı olmalıdırlar. Deyə bilərəm ki, Olimpiya mərkəzlərinin yaradılması nəticəsində bu gün Azərbaycanda nəinki peşəkar idman sürətlə inkişaf edir, eyni zamanda, gənclər, yeniyetmələr idmana böyük maraq göstərirlər və gözəl nəticələr əldə edirlər. Azərbaycan bu gün dünya miqyasında idman dövləti kimi tanınır. Son Olimpiya Oyunlarında böyük qələbə - 10 medal qazanmışıq və komanda hesabında 30-cu yerə layiq görülmüşük. Əlbəttə ki, gənc idmançılarımızın hazırlanması işində bölgələrdə fəaliyyət göstərən Olimpiya mərkəzləri xüsusi yer tutur.
Onu da qeyd etməliyəm ki, dünən Çində yeniyetmələrin Olimpiya Oyunları başa çatdı və bizim gənc idmançılarımız çox böyük qələbələr əldə etmişlər. Bu münasibətlə onları, məşqçilərini, bütün idman ictimaiyyətimizi təbrik edirəm. Azərbaycan komanda hesabında 10-cu yerdədir. Bu Olimpiya Oyunlarında 200-dən çox ölkə təmsil olunurdu. Azərbaycan 10-cu yerdədir. Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə 1-ci yerdədir. On iki medal qazanmışıq, onlardan 5-i qızıl medaldır. Bu, bir daha onu göstərir ki, gənclərimiz nə qədər istedadlıdır, güclüdür və Vətənə bağlıdır".

İlham Əliyev xatırladıb ki, bu yaxınlarda Ümumdünya Şahmat Olimpiadası da keçirilmişdir: "Orada da Azərbaycan idmançıları ən yüksək yerlərə qalxmışlar və deyə bilərəm ki, həm Ümumdünya Şahmat Olimpiadasında, həm yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycan Ermənistandan qat-qat yüksək pilləyə qalxmışdır. Bu, onu göstərir ki, biz həm fiziki, eyni zamanda, intellektual cəhətdən daha güclüyük, üstünük və bu üstünlük hər yerdə özünü büruzə verir. Ermənistan ilə Azərbaycan iqtisadiyyatları müqayisəedilməzdir. Bizim iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından təxminən 20 dəfə böyükdür. İdmanda, həm Olimpiya Oyunlarında, həm yeniyetmələrin Olimpiya Oyunlarında, intellektual oyunlarda - hər yerdə biz üstünlüyü əldə etmişik. O cümlədən döyüş meydanında Azərbaycan üstünlüyü əldə edibdir və təmas xəttində Azərbaycan öz iradəsini diktə edir".

Prezident deyib ki, inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsilin səviyyəsi dayanır: "Gələcəkdə bu amillər daha da böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, sənaye istehsalının inkişafında, hər bir sahədə müasir texnologiyalar hər şeyi həll edir. Ona görə bizim gənclərimiz yaxşı oxumalıdır, bilik sahibi olmalıdır, gənclər peşəkar olmalıdırlar. Çünki bu gün Azərbaycanda bütün imkanlar var. İqtisadiyyat inkişaf edir, yeni iş yerləri, yeni sənaye müəssisələri, xidmət sahələri açılır ki, peşəkar kadrlara böyük ehtiyac var. Mən çox istəyirəm ki, bizim əsas, aparıcı sahələrimizin inkişafında Azərbaycan gəncləri öz rolunu oynasınlar. Belə göstərişlər verilmişdir. Ona görə bilik, savad, əlbəttə ki, hər bir gənc üçün, ölkə üçün, gələcəyimiz və hər bir insan üçün prioritet olmalıdır. Çünki əgər biliyin, savadın varsa, sən gələcəkdə özün üçün layiqli yer tapa bilərsən, yaxşı işlə təmin olunarsan, yaxşı maaş alarsan və beləliklə, həm özün, həm ölkə üçün daha da böyük fayda verə bilərsən".

Dövlət başçısının sözlərinə görə, gənclər əlbəttə ki, fiziki cəhətdən sağlam olmalıdır: "Əlbəttə ki, burada həm idmanın inkişafının, həm olimpiya komplekslərinin tikintisinin mühüm rolu var, eyni zamanda, hər bir insan gənc yaşlarından öz sağlamlığına fikir verməlidir. İndi ölkəmizin bütün yerlərində müasir diaqnostika mərkəzləri, xəstəxanalar fəaliyyət göstərir. Hər bir insan gərək ildə bir dəfə müayinədən keçsin. Yəqin sizin də xəbəriniz var ki, son vaxtlar Azərbaycanda kütləvi şəkildə dispanserizasiya aparılmışdır. Yüz minlərlə insan pulsuz müayinədən keçmişdir. Bu müayinələr nəticəsində əlbəttə ki, xəstəliklər də aşkarlanmışdır və onların müalicəsi təmin edilmişdir. Yəni, fiziki sağlamlıq, bilik, savad, əlbəttə ki, mənəvi sağlamlıq vacibdir.
Bizim gözəl ənənələrimiz, milli dəyərlərimiz var. Biz onları qoruyuruq və siz gənclər onları yaşatmalısınız. Bu, böyük bir mirasdır, böyük mədəni irsdir, bizim zənginliyimizdir. Bizim musiqimiz, xalçaçılıq sənətimiz, incəsənətimiz, ədəbiyyat, ana dili - bütün bunlar bizim ən böyük sərvətlərimizdir. Biz bu sərvətləri bütün dövrlərdə - çar Rusiyası, Sovet İttifaqı dövrlərində qorumuşuq. Ona görə bir xalq kimi biz bu gün inkişaf edirik. Özümüzü dünyaya təqdim etmişik. Əlbəttə ki, biz müstəqillik dövründə bu dəyərləri daha da qorumalıyıq. Dövlət siyasəti var və mən Prezident kimi bu məsələlərə xüsusi diqqət göstərirəm. Bütün dövlət qurumları, eyni zamanda, ictimai təşkilatlar bu işlərlə məşğul olurlar. Ancaq burada ardıcıllıq təmin edilməlidir. Bu ardıcıllığı siz gənclər təmin edəcəksiniz. Ona görə gənclər milli ruhda tərbiyə almalıdırlar. Bunu biz məktəblərdə də, ailələrdə də təşkil etməliyik. Bizim milli ənənələrimiz var. Biz onları qiymətləndiririk. Onlar bizim həyatımızın əsasıdır.
Azərbaycanın dəyərləri bizim üçün əsas dəyərlərdir. Əlbəttə ki, biz ümumbəşəri dəyərləri bölüşürük. Azərbaycan dəyərləri ümumbəşəri dəyərlərin tərkib hissəsidir. Ancaq bizim xalqımızın özünə xas olan dəyərləri var. Biz onları qoruyuruq, qorumalıyıq. Əlbəttə ki, gənclər Vətənə bağlı olmalıdırlar. Bu gün Azərbaycan o qədər sürətlə inkişaf edir ki, Vətəni sevən hər bir insan qürur hissi ilə deyir: Mən Azərbaycan vətəndaşıyam! Ümumiyyətlə, hər bir insan öz Vətənini sevməlidir. Ancaq daha inkişaf etmiş ölkələrdə təbii ki, bu, özünü daha da yüksək səviyyədə büruzə verir. Hesab edirəm ki, vətənpərvərlik, bilik, savad, fiziki hazırlıq, öz keçmişinə bağlılıq, milli ruhda tərbiyə bizim üçün əsas amillər olmalıdır.
Əlbəttə, dövlət siyasətimiz bu istiqamətdə aparılır. Biz islahatları dərinləşdiririk".

Prezident bildirib ki, Azərbaycanda azad cəmiyyət formalaşıbdır, bütün demokratik təsisatlar var və onlar uğurla fəaliyyət göstərir: "Bütün azadlıqlar - söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı var. Heç bir senzura yoxdur. Siz gənclər bunu yaxşı bilirsiniz. Facebook, Twitter, internet. İndi bir milyondan artıq Azərbaycan vətəndaşı facebookda fikirlərini paylaşır və yaxud hansısa məlumat əldə edir. Heç də hər bir ölkədə belə deyil, senzuralar, məhdudiyyətlər vardır. İndi bəzi digər tədbirlər görülür. Bizdə isə bu, sərbəstdir, azaddır. Çünki Azərbaycan cəmiyyəti azad cəmiyyətdir və bu, bizim böyük nailiyyətimizdir. Ona görə siyasi islahatların, eyni zamanda, iqtisadi islahatların dərinləşməsi nəticəsində son 10 ildə bir milyondan artıq yeni iş yeri açılmışdır. Bu proses davam edir və davam etməlidir. Çünki bizim əhalimiz artır.

Ermənistandan fərqli olaraq bizdə demoqrafik vəziyyət çox müsbətdir. Hər il orta hesabla 170-180 min körpə dünyaya gəlir. Beləliklə, iş yerlərinin açılması daimi proses olmalıdır. Çünki əhalinin artımı əlbəttə ki, bizim üçün böyük güc mənbəyidir. Əhali artır və artmalıdır. Eyni zamanda, bu, əlbəttə ki, hökuməti də düşündürür. Çünki iş yerlərinin, yeni müəssisələrin açılması gərək elə sürətlə getsin ki, işsizlik aşağı səviyyədə olsun. Hazırda işsizlik beş faiz səviyyəsindədir. Bəzi bölgələrdə işsizlik orta hesabla daha da yüksəkdir. Biz bunu bilirik, bu məsələlər üzərində işləyirik. Yəni, bütün sahələr üzrə islahatlar aparılır və aparılacaqdır. Ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir. Ancaq bütün bu işlərin əsasında, təməlində bizim milli dəyərlərimiz dayanır.
Bu gün nəinki bizim üçün, bütün ölkələr üçün müəyyən təhlükələr var. Yəni, qloballaşma və digər proseslər gedir. İndi bəzi xarici dairələr qloballaşma adı altında öz iradələrini tətbiq etmək istəyirlər. Xüsusilə gənclər arasında iş aparılır, müxtəlif fondlar vasitəsilə guya ki, hansısa layihələrin icrası üçün vəsait ayrılır. Əslində gəncləri öz dövlətinə qarşı çevirmək, istiqamətləndirmək üçün işlər aparılır. Biz bunları bilirik".

Gənclər adından çıxış edən müəllimə Aytən Mirzəyev dedi: "Möhtərəm cənab Prezident. Sizi rayonumuzun ictimaiyyəti, gəncləri adından salamlayıram. Xoş gəlmisiniz.
Sizin rəhbərliyinizlə doğma Azərbaycanımız son on ildə böyük inkişaf yolu keçib. Bu gün gənclərimizin hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb. Bölgələrimizdə açılan Heydər Əliyev mərkəzləri, Olimpiya İdman kompleksləri, Gənclər mərkəzləri, yeni məktəblər, klublar, kitabxanalar bu gün biz gənclərin istifadəsindədir. Dünyanın heç bir ölkəsində gənclərə bu qədər diqqət və qayğı göstərilmir.
Bu gün Beyləqan gəncləri üçün də əlamətdar bir gündür. İstifadəmizə gözəl Gənclər Mərkəzi verilib. Sizin tapşırığınızla inşa edilən bu mərkəz biz gənclərin fəaliyyətini artıracaq, asudə vaxtlarımızın səmərəli təşkili üçün bizə yardımçı olacaqdır. Bunun üçün Sizə dərin minnətdarlığımızı bildiririk.
Möhtərəm cənab Prezident, Siz gənclərə Vətəni sevməyi, ona sədaqətli olmağı öyrədirsiniz. Bu gün regionlarımıza gəzintilər təşkil edilir. "Azərbaycanı tanıyaq" devizi altında təşkil edilən bu gəzintilərdə gənclərimiz ölkəmizin mədəniyyətini, tarixini, müstəqillik illərində əldə edilmiş nailiyyətlərimizi dərindən öyrənirlər. Bu məqsədlə təşkil edilən gəzintilərdə Beyləqan rayonunun şagirdləri də iştirak ediblər. Onlar Şəki şəhəri, Qəbələ və İsmayıllı rayonlarında olublar.
Bu gün müasir Azərbaycanımızın Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Dövlət Bayraq Meydanı kimi rəmzləri vardır. Son günlərdə açılışını etdiyiniz Xalça Muzeyi də nadir memarlıq nümunəsidir. Bu, Azərbaycanımızın gücünü, qüdrətini bir daha sübut edir. Biz bugünkü Azərbaycanımızla fəxr edir və qürur duyuruq.
Ölkəmiz üçün gördüyünüz işlərdə Sizə yaxından kömək göstərən Mehriban xanım Əliyevanın fədakar əməyini xüsusilə qeyd etmək istəyirəm. Məhz onun əməyinin sayəsidir ki, bu gün dünya musiqi xəzinəsinin incisi hesab edilən Azərbaycan muğamı bütün dünyada tanınır. Fürsətdən istifadə edib Mehriban xanım Əliyevanı ad günü münasibətilə bütün beyləqanlılar adından təbrik edir, ona uzun ömür, cansağlığı, işlərində yeni-yeni uğurlar arzulayıram.
Möhtərəm cənab Prezident, bu gün Vətənini, xalqını, millətini sevən, onun şərəfini uca tutan və onunla fəxr edən Azərbaycan nəsli yetişir. Azərbaycan gəncləri fəxr edir ki, Sizin kimi Prezidenti var. Əminliklə deyə bilərəm ki, bu günün gəncləri Sizinlə həmfikir, məsləkdaş və silahdaşdırlar. Bir daha təşəkkür və minnətdarlığımı bildirirəm. Diqqətinizə görə sağ olun!"

Prezident İlham Əliyev: Sağ olun.

Daha sonra çıxış edən rayon sakini Əziz Əkbərov dedi: "Möhtərəm cənab Prezident.
Məndən öncə çıxış edən gənc balamız Sizin gənclər üçün gördüyünüz işlərdən, yaratdığınız şəraitdən söhbət açdı. Doğrudan da, ölkəmizdə olduğu kimi, Beyləqanda da gənclərin tərbiyəsi üçün böyük işlər görülür, onlara xüsusi qayğı göstərilir. Bütün bu diqqət və qayğıya görə, cənab Prezident, Sizə rayon ictimaiyyəti adından yeni-yeni uğurlar arzulayıram.
Respublikamızda bütün sahələrin inkişafına Sizin diqqət və qayğınız göz qabağındadır. Hər bir vətəndaşın problemi Sizin probleminiz kimi daim diqqət mərkəzinizdədir. Bütün bunlar Sizin gündəlik gördüyünüz işlərdə öz əksini tapır.
Son illər Beyləqanımız sürətlə inkişaf edir, şəhərimiz gündən-günə gözəlləşir, yeniləşir, abadlaşır. Şəhərdə parklar, xiyabanlar tikilmiş, mərkəzlər yaradılmış, tibb məntəqələri, məktəblər, uşaq bağçaları istifadəyə verilmiş, yollar salınmışdır. Şəhər əhalisinin problemləri həll olunur. Bu yaxınlarda rayon əhalisinin uzun müddətdən bəri əziyyət çəkdiyi susuzluq problemi həll olunacaq, su-kanalizasiya sistemi tikilib istifadəyə veriləcək. Əhalinin böyük bir qismi artıq işlə təmin olunub. Sizin tapşırığınızla yaradılmış taxılçılıq təsərrüfatının böyük bir hissəsi Beyləqanda yerləşir. Rayonumuzun bütün əhalisi bu təsərrüfatdan ürəkdolusu danışır. Burada xeyli beyləqanlı işlə təmin olunub. Görülmüş bütün bu işlər Beyləqan əhalisinin həyat şəraitinin yaxşılaşmasına xidmət edir. Bütün bunlara görə Sizə öz minnətdarlığımızı bildiririk.
Möhtərəm cənab Prezident, illər, qərinələr, əsrlər ötəcək, Sizin Vətənimiz, xalqımız, Azərbaycanımız üçün göstərdiyiniz böyük fədakarlıq tarixə qızıl hərflərlə yazılacaqdır. Bir ağsaqqal kimi səmimi qəlbdən deyirəm ki, Azərbaycan öz tarixinin heç bir dövründə bu qədər güclü inkişafa nail olmayıb. Həqiqətən bu, möcüzədir. Müasir Azərbaycan müstəqil siyasətə, güclü ordu və iqtisadiyyata, yüksək potensiala malik bir dövlətdir.
Mən Sizə, Sizinlə birgə fəaliyyət göstərən Azərbaycan xalqının əzizi, mehribanı olan Mehriban xanıma və ailə üzvlərinizə möhkəm cansağlığı arzulayıram. Eyni zamanda, Azərbaycanın çiçəklənməsi naminə Sizə uğurlar diləyirəm. Qoy Tanrı Sizə yar olsun!"

Prezident İlham Əliyev dedi: "Sağ olun. Mən artıq üçüncü dəfədir ki, Beyləqan rayonunda səfərdəyəm. Əvvəlki səfərlərdə də açılışlar olubdur. Bu dəfə də şahmat məktəbi, Gənclər Mərkəzi, stadion açıldı. İndi artıq Olimpiya İdman Mərkəzinin tikilməsi ilə bağlı qərar verilmişdir. Əvvəlki dövrdə biz əsaslı təmirdən sonra xəstəxananın və digər obyektlərin açılışını qeyd etmişik. Əlbəttə ki, burada sosial infrastrukturun yaradılması vacib məsələdir. Məktəblər, uşaq bağçaları, idman, səhiyyə ocaqları tikilir. Əlbəttə, Beyləqan rayonunun iqtisadi potensialı da çox böyükdür. Siz də qeyd etdiyiniz kimi, bizim birinci pilot taxılçılıq layihəmiz məhz Beyləqan rayonunda həyata keçirilir. Bu, çox uğurlu bir təcrübədir. Artıq bu layihəni biz başqa rayonlarda da həyata keçiririk, orada da tətbiq olunacaqdır. Amma birinci pilot layihəsi məhz Beyləqanda bir neçə min hektar torpaq sahəsində icra edilmişdir. Biz əyani şəkildə görürük ki, bu layihələrin icrası nəticəsində taxılda məhsuldarlıq orta hesabla təqribən iki dəfə artmışdır - yəni, 50 sentner, bəlkə də daha da çox. Ölkə üzrə bu rəqəm təqribən 25-27 sentnerdir. Ona görə iş yerlərinin və bu iri fermer təsərrüfatlarının yaradılması prosesi gələcəkdə də gedəcək.
Əlbəttə ki, Beyləqanın iqtisadiyyatı daha çox kənd təsərrüfatına bağlıdır. Burada böyük imkanlar vardır. Eyni zamanda, həyata keçirilən içməli su və kanalizasiya layihəsi də böyük sosial layihədir. Çünki insanlar təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin olunacaqlar. Kənd yolları tikilir. Birinci layihə artıq icra edilib. İndi ikinci böyük layihə icra edilir. Bu layihələrin icrası nəticəsində minlərlə, on minlərlə vətəndaşımız yeni kənd yolları ilə təmin ediləcək. Bu yollar onlarla kəndi birləşdirir. Bu proses, əlbəttə ki, davam etdiriləcəkdir.
Qazlaşdırma prosesi gedir. Beyləqan rayonunda qazlaşdırma 100 faiz olmalıdır. Biz buna əlbəttə ki, nail olmalıyıq. Hesab edirəm ki, 2016-cı ilin sonuna qədər Beyləqan rayonunun qazsız bir kəndi də olmamalıdır. Hazırda ümumi qazlaşdırma təqribən 40 faiz səviyyəsindədir. Biz bunu 100 faizə çatdıracağıq. Hər bir evdə qaz olacaq.
Şəhərdə və ətraf kəndlərdə içməli su, kanalizasiya layihəsi icra edilir. Sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək. Hələ ki, təmirsiz məktəblər, uşaq bağçaları, digər sosial obyektlər var. Yollar çəkilir. Bu gün səhər mən iki yol layihəsini açdım. Biri Şirvan şəhərində körpünün açılışı, digəri isə Saatlıda. Artıq Bəhrəmtəpəyə qədər yol çəkilibdir. Bunun Beyləqana, Horadizə qədər davamı olacaq. Orada məsafə o qədər də böyük deyil. Biz yolları dünya səviyyəsində tikirik, təmir edirik. Bu gün biz artıq həm məktəblərin, həm xəstəxanaların tikintisində Azərbaycan standartlarından da danışa bilərik. Çünki bizdə tətbiq olunan standartlar, keyfiyyət, avadanlıq artıq dünyanın ən yüksək səviyyəsindədir. Biz öz standartlarımızı tətbiq edirik. Azərbaycan xalqı yaxşı yaşamağa layiqdir və yaxşı yaşamalıdır. İqtisadi, sosial cəhətdən təmin olunmalıdır. Çətin vəziyyətdə olanlar üçün sosial proqramlar icra edilir. Kasıb ailələr dövlətdən müavinət alırlar. Biz iş yerləri yaradırıq ki, insanlar işlə təmin olunsunlar. Yoxsulluq azalsın, yoxsul olmasın, imkanlar olsun və imkanlar var. İnvestisiyalar qoyulacaq. İnfrastruktura qoyulan investisiyalar artıq Beyləqan rayonunda da canlanmaya gətirib çıxarmışdır. Pilot fermer təsərrüfatlarının yaradılması artıq həyata keçirilib. Bu, davamlı proses olacaq. Siz də, burada yaşayanlar da baxın ki, biz əlavə nə etməliyik. Çünki regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı artıq icra edilir və 2018-ci ildə başa çatacaq. Bu Proqramda əsas məsələlər nəzərdə tutulub ki, həll olunsun. Biz ondan sonrakı dövrə də hazırlaşmalıyıq ki, bu, ölkə üzrə hər bir rayonda və hər bir kənddə daimi inkişaf prosesi olsun. Əminəm ki, biz buna nail olacağıq.
Sizi bir daha təbrik edirəm, salamlayıram, sizə yeni uğurlar arzulayıram. Sağ olun".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti