...

Mübariz Qurbanlı: Avropada dinlər və mədəniyyətlərarası dialoqa nail olmaq üçün beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr səylərini birləşdirməlidir (FOTO)

Siyasət Materials 1 Sentyabr 2014 09:59 (UTC +04:00)
"Mədəniyyətlərin nüvəsini təşkil edən dinlər universal dəyərlər sisteminin başlanğıc nöqtəsi və ilkin formasıdır. Bu baxımdan dinlər arasındakı dialoqu mədəniyyətlərarası dialoqun ilkin mərhələsi və ya onu şərtləndirən əsas amil və ölçü kimi qəbul etmək olar".
Mübariz Qurbanlı: Avropada dinlər və mədəniyyətlərarası dialoqa nail olmaq üçün beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr səylərini birləşdirməlidir (FOTO)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Mədəniyyətlərin nüvəsini təşkil edən dinlər universal dəyərlər sisteminin başlanğıc nöqtəsi və ilkin formasıdır. Bu baxımdan dinlər arasındakı dialoqu mədəniyyətlərarası dialoqun ilkin mərhələsi və ya onu şərtləndirən əsas amil və ölçü kimi qəbul etmək olar". Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda keçirilən 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün açılış mərasimində bildirib.

DQİDK sədri deyib ki, bu gün Bakıda öz işinə başlayan mübadilə görüşü bütün dünyada dinlər və mədəniyyətlərarası əməkdaşlığın genişlənməsinə və Prezident İlham Əliyevin mübadilə görüşünün iştirakçılarına ünvanlanmış müraciətində deyildiyi kimi, ümumavropa məkanında arzu olunan mühitin yaradılması prosesinə layiqli töhfəsini verəcəkdir".

Onun sözlərinə görə, bu gün Avropa məkanında dinlər və mədəniyyətlərarası dialoqa nail olmaq, dünyada sülh və əmin-amanlığı bərqərar etmək üçün bütün beynəlxalq təşkilatların, nüfuzlu dini mərkəzlərin və ölkələrin səylərinin birləşdirilməsi labüddür. Bu baxımdan Azərbaycan üzərinə düşən mənəvi borcu və şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışır. Əgər müstəqilliyinin ilk dövrlərində Azərbaycan dünyada gedən dinlər və mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısı idisə, indi demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilmişdir. Bu gün Bakı iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Sammitinə və bu sahədə çoxsaylı beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir. Təsadüfi deyil ki, dünyada analoqu olmayan Beynəlxalq Multikultiralizm Mərkəzi burada yerləşir".

M.Qurbanlı qeyd edib ki, mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə mübadilə görüşünün ölkəmizdə keçirilməsi Azərbaycan Respublikası üçün əhəmiyyətli hadisədir. Bu vacib tədbir ölkəmizin sədrlik vəzifəsini üzərinə götürməsi zamanı müəyyənləşdirdiyi əsas prioritetlərin tərkib hissəsidir: "Bu prioritetlər isə beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmək və ədaləti qorumaqdır. Mübadilə görüşünə ev sahibliyi etməklə biz tolerantlığın, dialoq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində bütün səylərimizi birləşdirmək məqsədimizi və bu yöndə bütün tərəflərlə əməkdaşlığa hazır olduğumuzu bəyan edirik".

Komitə sədrinin sözlərinə görə, mədəniyyətlərarası dialoqun mühüm şərtlərindən biri etnik separatizm və dini radikalizm nəticəsində meydana çıxmış münaqişələrin həll edilməsi, eləcə də regionda və dünyada sülh və əmin-amanlığın tam bərqərar olmasıdır: "Bu baxımdan Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yalnız Avropa Şurasının üzvü olan bir dövlətin digərinə təcavüzü kimi deyil, eyni zamanda, böyük regionda mədəniyyətlərarası dialoqa, demokratik Avropa dəyərlərinə, ümumbəşəri prinsiplərə, habelə sülh və təhlükəsizliyə ciddi təhdid kimi qiymətləndirilməlidir".

O, həmçinin əlavə edib ki, müsəlmanların əksəriyyət təşkil etdiyi bir ölkə kimi Azərbaycanda müxtəlif etnik və dini qruplar sülh şəraitində birgə yaşayırlar. Tarix boyu ölkəmizdə bütün xalqları və dinlərin nümayəndələrini həmişə dostluq münasibətləri birləşdirib. Ayrı-ayrı etiqad və inanclara malik insanların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımıza xas olan mədəni və mənəvi dəyərlər müstəsna rol oynayıb: "Biz çox şadıq ki, indi, Azərbaycanın müstəqil ölkə kimi inkişaf etdiyi dövrdə bu dəyərlər sistemi daha da güclənməkdədir. Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan bu gün beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafına mühüm əhəmiyyət verir. Azərbaycan hökumətinin din siyasəti demokratik dövlət quruculuğuna, dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkəmizdə bütün insan azadlıqları kimi vicdan və etiqad azadlığı da konstitusion təminat altındadır".

M.Qurbanlı bildirib ki, bu gün Azərbaycanda bütün konfessiyaların ibadət evləri - məscid, kilsə, sinaqoq və s. azad və dözümlülük şəraitində fəaliyyət göstərir: "Мilli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına böyük önəm verən Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bir sıra məscid və ziyarətgahların təmir və bərpasına dəstək verməklə yanaşı, xristian və yəhudi abidələrinin restavrasiyasına da xüsusi diqqət göstərir".

O, qeyd edib ki, bu gün Azərbaycanın əməkdaşlıq üçün böyük maraq göstərdiyi nüfuzlu təşkilatlardan biri heç şübhəsiz Avropa Şurasıdır. İqtisadi və siyasi sahədə həyata keçirilmiş uğurlu islahatlar Azərbaycanın regionun lider dövləti kimi mövqeyinin möhkəmlənməsini təmin etməklə yanaşı, ölkəmizi böyük Avropa ailəsinin də layiqli üzvünə çevirib: "Unikal dini tolerantlıq modelinə malik olan dövlət kimi biz mədəniyyətlərarası dialoqla bağlı məsələlərə xüsusi qayğı və maraqla yanaşır, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik çərçivəsində bir çox təşəbbüslər vasitəsilə Avropada diskriminasiya və dözümsüzlüyə qarşı mübarizə istiqamətində fəaliyyətimizi davam etdiririk. Bügünkü Avropada müxtəlif tərkibli cəmiyyətlərin sayı getdikcə artır. Buna görə də bizim hökumətlərimizin diqqət ayırmalı olduğu əsas məsələ mədəni müxtəlifliyin ən yaxşı şəkildə idarə olunması, qarşılıqlı hörmət və anlaşmanın gücləndirilməsidir. Bu məsələ Avropanın iqtisadi böhranla üzləşdiyi və bəzi insanların bu sıxıntıların səbəbkarını axtardığı bir zamanda daha da aktualdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti