...

Pakistan səfiri: Fələstin, Kəşmir və Dağlıq Qarabağ kimi münaqişələrin həllində beynəlxalq birliyin ümumi cavabdehliyi vacibdir (MÜSAHİBƏ)(FOTO)

Siyasət Materials 2 Sentyabr 2014 11:10 (UTC +04:00)
Trend BİA və "Azernews" qəzetinin Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayserlə müsahibəsi
Pakistan səfiri: Fələstin, Kəşmir və Dağlıq Qarabağ kimi münaqişələrin həllində beynəlxalq birliyin ümumi cavabdehliyi vacibdir (MÜSAHİBƏ)(FOTO)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Trend BİA və "Azernews" qəzetinin Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayserlə müsahibəsi

- Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Siz iki ölkə arasında münasibətləri necə qiymətləndirirsiniz?

- Pakistan ilə Azərbaycan arasında ümumi mədəni və dini dəyərlərə əsaslanan səmimi və mehriban ikitərəfli münasibətlər mövcuddur. Ölkələrimizi habelə bütün beynəlxalq və regional məsələlər üzrə ümumi baxış birləşdirir. Hər iki ölkə dünyada yaranan bütün mübahisəli məsələlərin dinc və konstruktiv dialoq yolu ilə həllinə inanır və onu dəstəkləyir.

- Azərbaycan və Pakistan arasında ikitərəfli əlaqələrin genişləndirilməsinin hansı potensialı var?

- İki ölkə arasında Birgə Nazirlər Komissiyası fəaliyyət göstərir ki, bu komissiya yaradıldığı 2000-ci ilin sentyabrından bəri beş iclas keçirib. Komissiyanın altıncı sessiyası 2015-ci ilin aprelində İslamabadda təşkil ediləcək. Eyni zamanda, birgə Komissiyanın ticarət və iqtisadiyyat, sənaye, energetika, elm və texnologiyalar, təhsil, kənd təsərrüfatı və mədəniyyət sahələrində qərarlarının reallaşdırılması məsələlərində səylər göstərilir.

Pakistan Azərbaycan vətəndaşlarına müxtəlif sahələrdə, o cümlədən müdafiə və diplomatiya sahələrində peşəkar hazırlıq kursları təklif edir. Müdafiə sahəsində ölkələr arasında ikitərəfli münasibətlər müsbət artım nümayiş etdirir və yaxşı perspektivlərə malikdir.

- Pakistan Cənubi Qafqazdakı münaqişə məsələsində Azərbaycanı fəal şəkildə dəstəkləyir. Siz həlli yubanan Dağlıq Qarabağ münaqişəsi barədə nə düşünürsünüz?

- Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanı tam dəstəkləyir və biz Cammu və Kəşmir məsələsində Pakistanı dəstəklədiyinə görə Azərbaycana minnətdarıq.

- Özünü "İslam dövləti" adlandıran qrup Suriyada və İraqda azğınlıq edir. Sizin fikrinizcə, bu, Xəzər regionu üçün təhlükə kəsb edirmi?

- İndi onlar özlərini "İslam dövləti" adlandırırlar. Biz Yaxın Şərqdə sülhün və sabitliyin bərqərar olacağına inanırıq. Razılaşın ki, biz "dünya kəndi"ndə yaşayırıq və dünyanın bir hissəsində baş verən hər şey bu və ya digər dərəcədə dünyanın başqa hissəsinə təsir edir.

Mənim fikrimcə, belə məsələlərdə beynəlxalq birliyin əməkdaşlıq üzrə ümumi cavabdehliyi və Fələstin, Kəşmir və Dağlıq Qarabağ kimi müxtəlif münaqişələrin səbəblərinin kökündən həllinə köməyin genişləndirilməsi zəruridir.

- Türkiyə Avropa İttifaqına daxil olmağa ümid edirdi. Bu, baş vermir. Siz gələcəkdə Mərkəzi Asiyada Türkiyə, Azərbaycan və regionun digər ölkələri arasında, ola bilsin ki, Rusiya, Əfqanıstan və Pakistanın da daxil ola biləcəyi bazarın formalaşdırılması haqqında nə düşünürsünüz?

- Türkiyə və Pakistan qardaş ölkələrdir və bizim gözəl ikitərəfli münasibətlərimiz mövcuddur, xalqlarımız arasında isə səmimi münasibətlər, dərin qarşılıqlı etimad və məhəbbət mövcuddur. Bizm münasibətlərimiz illər keçdikcə strateji tərəfdaşlığa çevrilib, eləcə də iqtisadi əməkdaşlıq da mühüm əhəmiyyət kəsb edir.

Mərkəzi Asiyada bazara gəldikdə, artıq regionun bütün ölkələri arasında ticarət əlaqələri mövcuddur. Regionalizm yeni dünya düzənidir. Əminəm ki, Əfqanıstanda sülh şəraitində Mərkəzi Asiya, Qafqaz regionu və onun hüdudları ilə əməkdaşlığın yeni mexanizmləri fəallaşacaq.

- Pakistan-Azərbaycan münasibətlərinin genişlənməsi imkanlarının olduğu sahələr varmı?

- İki ölkənin rəhbərliyinin çox isti və dostluq münasibətləri, beynəlxalq və regional münasibətlərin bütün məsələləri üzrə baxışların birliyi mövcuddur. Həmçinin bütün ümumi sahələrdə qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək cəhdi var.

Parlamentarilərimiz qarşılıqlı səfərlər edirlər və bu, davam edəcək. Bununla belə, ticarət, iqtisadiyyat, təhsil, mədəniyyət və müdafiə sahələrində münasibətlərdə hələ çox işlər görmək lazımdır. Birgə müəssisələr, iki ölkənin sahibkarları arasında əlaqələr, qarşılıqlı investisiyalar, hər iki ölkədə keçirilən sərgilərdə və yarmarkalarda, seminarlarda və konfranslarda iştirak, müəllimlərin, tələbələrin və jurnalistlərin mübadiləsi - bunlar bizim diqqəti cəlb etməli olduğumuz sahələrdən bəziləridir.

- Siz Pakistanı uzun müddət ərzində narahat edən regional terrorizm problemlərinin həllində Azərbaycandan hansı rol və töhfə gözləyirsiniz?

- Razılaşın ki, terrorizm və ekstremizm ümumbəşəri bəladır. Heç bir ölkədə bu bədbəxtlikdən immunitet yoxdur. Bu, ümumi çağırışdır və ona qarşı durmaq qarşılıqlı anlaşma vasitəsilə, əməkdaşlıq, bir-birinə kömək etməklə mümkündür. Mən əminəm ki, Azərbaycan bütün bunları Pakistan kimi ən yaxşı üsullarla edir və hesab edir ki, gələcək nəsillərin planetimizdə sülh şəraitində yaşamaları üçün terrorizm və ekstremizm ilə bağlı problemləri həll etmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti