...

BMT-nin sabiq baş katibinə Nizami Gəncəvi mükafatı təqdim olunub

Siyasət Materials 2 Sentyabr 2014 11:43 (UTC +04:00)
BMT-nin sabiq baş katibi Butros Butros Qaliyə Nizami Gəncəvi mükafatı təqdim olunub.
BMT-nin sabiq baş katibinə Nizami Gəncəvi mükafatı təqdim olunub

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir İlkin İzzət/

BMT-nin sabiq baş katibi Butros Butros Qaliyə Nizami Gəncəvi mükafatı təqdim olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Parisdə YUNESKO-nun mərkəzi qərargahında Birləşmiş Millətlər Təşkilatının 6-cı baş katibi Butros Butros Qali ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradov arasında görüş keçirilib. Görüş qurumun iki illiyi ilə əlaqədar gerçəkləşən layihə çərçivəsində baş tutub və mərkəzin fəxri üzvü olan Butros Qaliyə təşkilatın təsis etdiyi Nizami Gəncəvi mükafatı təqdim olunub.

BMT-nin sabiq baş katibi Butros Butros Qali ilə görüşdə gələn il Bakıda keçiriləcək və özünün də iştirak edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə olunub və Forumla əlaqədar sentyabrın 4-7-də Andorrada keçiriləcək toplantıya dair fikir mübadiləsi aparılıb.

B.B.Qali Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən toplantının əhəmiyyətini xüsusi vurğulayıb. O, bildirib ki, "Avropada etimadın bərpa olunması" mövzusunda müzakirələrin aparılması bu gün Avropada münaqişələr, gərgin siyasi proseslər və müsəlman dünyasında müşahidə edilən terror dalğası fonunda olduqca vacib addımlardan biridir.

Qeyd edək ki, Andorrada keçiriləcək toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun rəhbərliyi və üzvlərinin iştirakı nəzərdə tutulub. Onların arasında Vayra Vike-Frayberqa, İsmail Serageldin, Boris Tadiç, Mixail Saakaşvili, Recep Meydani, Viktor Yuşenko, Hikmet Çətin və digər sabiq dövlət və hökumət başçıları var.

Xatırladaq ki, Nizami Gəncəvi mükafatı daha öncə sabiq prezidentlər Bill Klinton, Vayra Vike-Frayberqa, Tarya Halonen, Süleyman Dəmirəl, Şahzadə Nur, Şahzadə Silvio, ABŞ-da Hillari Klinton administrasiyasının rəhbəri olmuş Melani Ververə təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti