...

ABŞ Dövlət Departamenti Kaliforniya Senatının Dağlıq Qarabağa dair qəbul etdiyi qətnaməni ştatın öz məsələsi hesab edir

Siyasət Materials 3 Sentyabr 2014 10:24 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Kaliforniya Senatı tərəfindən Dağlıq Qarabağa dair qəbul edilən qətnaməni ştatın öz məsələsi hesab edir.
ABŞ Dövlət Departamenti Kaliforniya Senatının Dağlıq Qarabağa dair qəbul etdiyi qətnaməni ştatın öz məsələsi hesab edir

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/

ABŞ Dövlət Departamenti Kaliforniya Senatı tərəfindən Dağlıq Qarabağa dair qəbul edilən qətnaməni ştatın öz məsələsi hesab edir.

Trend-in Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, Departamentin sözçüsü Cen Psaki keçirdiyi brifinq zamanı bildirib ki, Kaliforniya Senatı tərəfindən Dağlıq Qarabağ üzrə qəbul edilən qətnaməyə dair heç bir şərh vermək istəmir, belə ki, bu, sözügedən ştatın məsələsidir.

Xatırladaq ki, Kaliforniya ştat Senatı Dağlıq Qarabağa dair AJR 32 saylı qətnamə qəbul edib.

Azərbaycan öz növbəsində Kaliforniya Ştat Senatının Dağlıq Qarabağa dair qərəzli qətnaməsinə etiraz edib. Ölkəmizin Los Ancelesdəki Baş Konsulluğunun bu məsələ ilə bağlı bəyanatında deyilir ki, bu, əsl siyasi korrupsiyadır: "Buna başqa ad vermək mümkün deyil. Bu, həmçinin ABŞ demokratiyasının və siyasi sisteminin qüsurlu olmasının bariz göstəricisidir. Hansısa etnik lobbi razı qalsın deyə, ABŞ-ın rəsmi mövqeyinə və milli maraqlarına zidd olan belə qətnamənin qəbulunun mümkün olması göstərir ki, Amerika siyasi sisteminin təcili şəkildə ciddi islahatlara ehtiyacı var".

Qətnamə gündəliyə gətirilən andan Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən bütün senatorlara dəfələrlə məktub göndərilib, onlarla çoxsaylı görüşlər keçirilib, qətnamənin tam qərəzli olduğu, ABŞ xarici siyasətinə zidd olduğu, o cümlədən etnik təmizləməyə, qanunsuz işğala haqq qazandırdığı diqqətə çatdırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyi də öz növbəsində bəyan edib ki, Kaliforniya ştatı Senatının Dağlıq Qarabağa dair qəbul etdiyi qətnamə bəyannamə xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil.

Nazirlikdən bildirilib ki, kaliforniyalı senatorlar bu qətnaməyə səs verməklə Azərbaycan topraqlarının işğalını dəstəkləməyə çağırıblar ki, bu da beynəlxalq norma və prinsiplərə ziddir.

Nazirliyin məlumatında qeyd olunur ki, sənəddə qondarma "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyi tanınmır: "Senatın buna hüququ çatmır. Sənəd bəyannamə xarakteri daşıyır və Kaliforniya ştatının yanlış qənaətdə olduğunu təsdiq edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti