...

Aİ Azərbaycanda təhsil sisteminin keyfiyyətinin artırılmasına yardım edəcək

Siyasət Materials 8 Sentyabr 2014 17:11 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Azərbaycanda təhsil sisteminin keyfiyyətinin artırılması üçün yeni proqram elan edib. Bu barədə Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.
Aİ Azərbaycanda təhsil sisteminin keyfiyyətinin artırılmasına yardım edəcək

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/

Avropa İttifaqı (Aİ) Azərbaycanda təhsil sisteminin keyfiyyətinin artırılması üçün yeni proqram elan edib. Bu barədə Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle dəyəri 19 milyon avro təşkil edən və Avropa Komissiyası tərəfindən yenicə təsdiq olunan proqram barədə bu gün Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovla görüşdə məlumat verib.

Görüş zamanı Ş.Füle və M.Cabbarov Azərbaycanda təhsil sisteminin müasirləşməsi və təhsildəki islahatlar barədə müzakirə aparıblar.

Aİ-nin yeni proqramı əsas diqqəti ali və peşə təhsili, təlimlər, vətəndaş iştirakının gücləndirilməsi, idarəetmə və Azərbaycanda təhsil sisteminin inkluzivliyinə yönəldəcək.

Avropa komissarı bildirib ki, təhsil Aİ-nin Azərbaycanla əməkdaşlığının prioritetlərindən biridir.

Onun sözlərinə görə, Azərbaycan Aİ-yə üzv ölkələrin zəngin təcrübəsi əsasında təhsil sisteminin müasirləşdirilməsi üçün təşkilatın dəstək və təcrübəsinə arxalana bilər.

Ş.Füle qeyd edib ki, təhsil sistemi, xüsusilə də texniki və peşə təhsili sahəsində islahat iş imkanlarının, mobilliyin artırılması və bunun vasitəsilə müasir cəmiyyətin qurulması üçün vacibdir.

Aİ-nin yeni dəstəyi ali təhsil, peşə təhsili və təlimi sistemlərində istahatların aparılmasına, keyfiyyətin artırılmasına, həmçinin bu sistemlərin Avropa standartları və təcrübəsi ilə uyğunlaşdırılmasına imkan verəcək. Müasirləşdirilmiş ali və peşə təhsili sistemi əmək bazarlarının artan tələblərinə cavab verə biləcək vərdişlərə və biliklərə sahib kadrlar hazırlamağa şərait yaradaq. Bu, həmçinin Azərbaycanda təhsil sisteminin cəlbediciliyini artıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti