...

"Nida"çılar Prezident İlham Əliyevə müraciət etdilər

Siyasət Materials 30 Sentyabr 2014 15:27 (UTC +04:00)
Bakı İstintaq təcridxanasında saxlanılan 6 nəfər təqsirləndirilən şəxs Prezident İlham Əliyevə müraciət edib.
"Nida"çılar Prezident İlham Əliyevə müraciət etdilər

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakı İstintaq təcridxanasında saxlanılan 6 nəfər təqsirləndirilən şəxs Prezident İlham Əliyevə müraciət edib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər - Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə ölkə Prezidenti cənab İlham Əliyevə müraciət ediblər.

Həmin şəxslərin xahişi əsasında müraciətləri olduğu kimi kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılıb:

"Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev cənablarına

MÜRACİƏT

Hörmətli cənab Prezident!

Biz həbsdəki "Nida"çılar düşünürük ki, Azərbaycanın hazırkı dövründə gənclik enerjimizi ölkəmizə fayda verəcək şəkildə istifadə edə bilərik.

Bizim aldığımız cəzanın axıra kimi çəkilməsi bu gənclik dönəmimizin fəallığının boşa xərclənməsi demək olardı.

Ümid edirik ki, Siz də bizim gəncliyimizin azadlıqda keçməsinin Azərbaycan xalqı və ölkəmizin xeyrinə olacağı ilə razılaşacaq, bizim azadlığa çıxmağımıza, yaxınlarımıza qovuşmağımıza öz töhfənizi verəcəksiniz.

Bizim indiyə qədər həbsdə keçirdiyimiz müddətdə istər ölkə daxilində, istərsə də xaricdə gedən prosesləri kənardan kifayət qədər müşahidə etmək imkanımız olub. Bu müşahidələr sayəsində gələcəyə daha optimal yanaşmağı öyrənmişik, bir sıra dəyərləndirmələr aparmışıq.

Hörmətli cənab Prezident!

Biz gənclər bütün bilik və bacarığımızı müstəqil Azərbaycanımızın inkişafı və çiçəklənməsinə sərf etmək istəyirik. İnanırıq ki, Siz də öz müstəsna səlahiyyətlərinizdən istifadə edərək, gəncliyimizi nəzərə alaraq cəzadan azad olunmağımıza qərar verəcəksiniz.

Rəşadət Axundov

Rəşad Həsənov

Zaur Qurbanlı

Üzeyir Məmmədli

Məmməd Əzizov

İlkin Rüstəmzadə

28 sentyabr 2014-cü il"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti