...

Azərbaycan və Türkiyə hərbi təbabət sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Siyasət Materials 30 Sentyabr 2014 17:42 (UTC +04:00)
Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının nümayəndə heyəti ölkəmizə gəlib.
Azərbaycan və Türkiyə hərbi təbabət sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir İlkin İzzət/

Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının nümayəndə heyəti ölkəmizə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Silahlı Qüvvələri arasında 2014-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasından tibb xidməti polkovniki, professor Türker Çetinin rəhbərliyi ilə 6 nəfərlik professor-dosent heyəti sentyabrın 29-dan ölkəmizdə səfərdədir.

Qonaqlar əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını, o cümlədən Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Sentyabrın 30-da səfər çərçivəsində Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyevlə polkovnik T.Çetinin görüşü keçirilib.

Görüşdə Azərbaycan və Türkiyənin hərbi təbabət sahəsində inkişaf perspektivləri, hərbi həkimlərin hazırlanmasında Türkiyənin imkanları və ümumi maraq kəsb edən digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Oktyabrın 2-dək davam edəcək səfər proqramında türk həkimlər tərəfindən Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin tələbə və rezidentlərinə mühazirələrin oxunması, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunan xəstələrin konsultasiyası, azərbaycanlı həkimlərlə birgə cərrahi və ortopedik əməliyyatların aparılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti