...

Rafael Hüseynov: Nifrətdən törənmiş cinayətlərin qurbanlarına qarşı ümumavropa anım günü kimi Xocalı faciəsinin törədildiyi günü qəbul etmək daha münasibdir

Siyasət Materials 1 Oktyabr 2014 03:08 (UTC +04:00)
Nifrətdən törənmiş cinayətlərin qurbanlarına qarşı ümumavropa anım günü kimi Xocalı faciəsinin törədildiyi günü qəbul etmək daha münasibdir.
Rafael Hüseynov: Nifrətdən törənmiş cinayətlərin qurbanlarına qarşı ümumavropa anım günü kimi Xocalı faciəsinin törədildiyi günü qəbul etmək daha münasibdir

Fransa, Strasburq, 1 oktyabr /Trend, müxbir Aydın Salmanov/

Nifrətdən törənmiş cinayətlərin qurbanlarına qarşı ümumavropa anım günü kimi Xocalı faciəsinin törədildiyi günü qəbul etmək daha münasibdir. Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında "Neonasizm təzahürlərinə qarşı əks tədbirlər" adlı məruzə ətrafında çıxışı zamanı qurumda Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

Millət vəkili Ermənistanın neonasizmin yeni təhlükəli nümunəsinə çevrildiyini diqqətə çatdırıb: "Acı tarixi təcrübədən insanlara faciəli dərsləri bəlli olan ideologiyaların təzədən küçələrə, meydanlara çıxması bir tərəfdən qorxuludursa, digər tərəfdən düşündürücüdür. Əgər hansısa cərəyanın, hansısa siyasi məfkurənin bütöv insanlığa vurduğu dəhşətli zərbələr, tökülmüş qanlar, verilmiş saysız itkilər bəllidirsə, bəs necə olur ki, onlar yenidən dirçələ bilirlər? Bunu kim edir, necə yönəldir, niyə belə halların yenidən təzahür etməsinə cəmiyyətin müqaviməti kifayət qədər olmur, sadəcə baş vermiş hadisəni qeydə almağa gücümüz çatır? Nasizm yeni libasda Avropada və dünyada yenidən baş qaldırırsa, həm də gənclər bu səmtə daha çox cəlb edilirsə, bu, elə həyəcanlı siqnallardır ki, onlara heç kəs biganə qalmamalıdır. Çünki söhbət hər birimizin və ortaq yuvamızın - dünyamızın gələcək taleyindən gedir. Neonasizmə qarşı bütün istiqamətlərdə mübarizə həm də ona görə vacibdir ki, bu məfkurə açıq şəkildə, öz adı ilə baş qaldırdığı kimi, həm də bir çox başqa təzahürlərdə də meydana çıxmaqdadır. Məsələn, sovet dönəmində, 25-30 il əvvəl indi AŞPA üzvü olan Ermənistan çoxmillətli bir ölkə idi. Lakin 1980-ci illərin sonlarından Ermənistanda etnik təmizləmə prosesləri başlandı. Əvvəlcə 1988-1989-cu illərdə 300 mindən artıq azərbaycanlı Ermənistanda tarixən kompakt yaşadıqları ərazilərdən zorla çıxarıldı. Bundan əvvəl də Ermənistandan azərbaycanlıların XX əsrdə 3 böyük deportasiyası baş vermişdi. Bu sonuncu təmizləmə nəticəsində Ermənistanda bir nəfər belə azərbaycanlı qalmadı. Sonra bu siyasət digər formalarda Ermənistanda yaşayan başqa xalqlara qarşı tətbiq edildi. Ruslar, yəhudilər, yunanlar, kürdlər və digər milli azlıqlar tədricən ölkədən kənarlaşdırıldı. Və indi Ermənistan monoetnik bir ölkəyə çevrilib və bu baxımdan da Avropa Şurasındakı heç bir normal ölkəyə bənzəməyən unikal bir üzvdür. Bütün dünyada sərhədlərin açıldığı, ölkələrin, xalqların bir-birilə qaynayıb-qarışdığı bir dövrdə belə xətt yürütmək, bunu dövlət siyasəti olaraq gerçəkləşdirmək rasizmin də, nasizmin də bariz nümunəsi deyilmi?"

Millət vəkili sözügedən məruzədə bundan sonra Avropada ənənəvi olaraq qeyd edilməli olan anım günü ilə bağlı təklifə də münasibət bildirib: "2011-ci il iyulun 22-də Norveçdə neonasistlərin törətdiyi qəddarlıqlarla əlaqədar həmin günü Avropada nifrətdən törənmiş cinayətlərin qurbanlarının anım günü elan edilməsi təklifi irəli sürülür. Erməni hərbi qüvvələrinin daha öncə Qarabağda, Xocalıda 1992-ci il fevralın 26-da yüzlərlə günahsız, dinc insanı qocasına, qadınına, uşağına baxmadan məhz azərbaycanlı olduqları üçün məhv etməsi, bütöv bir şəhərin əhalisinin ucdantutma yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə amansızlıqla öldürülməsi soyqırımın danılmaz nümunəsi olmaqla yanaşı, həm köhnə, həm yeni nasizmin də əyani ifadəsidir. Bəlkə nifrətdən törənmiş cinayətlərin qurbanlarına qarşı ümumavropa anım günü olaraq elə Xocalı faciəsinin törədildiyi həmin 26 fevralı qəbul etmək daha münasibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti