...

Ankaranın ilkin hədəfi – Suriyada təhlükəsiz bölgə

Siyasət Materials 3 Oktyabr 2014 12:21 (UTC +04:00)
Dünən Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkə ordusunun İraq və Suriyada hərbi əməliyyatlarda iştirakına icazə verən mandatı təsdiq etdi.
Ankaranın ilkin hədəfi – Suriyada təhlükəsiz bölgə

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Dünən Türkiyə Böyük Millət Məclisi (TBMM) ölkə ordusunun İraq və Suriyada hərbi əməliyyatlarda iştirakına icazə verən mandatı təsdiq etdi. Açıq şəkildə keçirilən səsvermədə 396 millət vəkili iştirak etdi və mandatın lehinə 298, əleyhinə isə 98 nəfər səs verdi. Mandat bir il müddətinə qüvvədə olacaq.

Mandatın qəbul edilməsinin lehinə ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) səs verdi. Cümhuriyyətçilər (Cümhuriyyət Xalq Partiyası) və kürdyönlü "Xalqların Demokrat Partiyası" (HDP) mandatı dəstəkləmədiklərini bəyan etdilər.

Qeyd etmək lazımdır ki, əslində Türkiyə ordusuna Səddam Hüseyn hakimiyyəti illərində İraqda hərbi əməliyyatlar aparmaq üçün mandat verilmişdi. Bu mandat çərçivəsində Türkiyə Silahlı Qüvvələri PKK terrorçularına qarşı İraq ərazisində 24 dəfə hərbi əməliyyat keçirmişdi.

Suriya mandatına gəlincə, o, 2012-ci ildə qəbul edilmişdi.

Dolayısı ilə, Ankara qəbul olunan mandatlar çərçivəsində ayrılıqda İraq və Suriyada hərbi əməliyyatlar aparmaq səlahiyyətlərinə sahib idi. Dünən isə ölkə parlamenti hər iki mandatı birləşdirdi.

Mandatda nələr var?

Qəbul edilən mandata əsasən, Ankara ölkəyə qarşı yönələn terror və digər təhlükələrə qarşı hər cür tədbirlərə əl atmaq, İraq və Suriyadakı terrorçu qruplardan yarana bilən təhlükəni dəf etmək, böhran və böhransonrası ölkənin mənfəətini qorumaq, lazım gəldiyi təqdirdə ordunu digər ölkələrdə (Suriya və İraq) hərbi əməliyyatlara göndərmək səlahiyyətinə malik olacaq.

Bütün bunlarla yanaşı, mandatın qəbul edilməsi ilə əcnəbi hərbi birləşmələrin ölkə ərazisində saxlanılması və lazım gəldikdə Türkiyə hökumətinin təlimatı ilə hərəkət etməsi mümkün olacaq.

Təbii ki, terrorçu qruplarla mübarizə ilə yanaşı, mandat Suriya hakimiyyətindən yarana biləcək istənilən təhlükəyə qarşı mübarizəyə imkan verir.

Suriya ilə bağlı bəndlərə gəlincə, əsas bəndlərdən birində deyilir: "Əsəd rejiminin dəstəyi ilə, xaosdan faydalanan terrorçu qruplar öz fəaliyyətlərini qonşu İraqda həyata keçirərək bu ölkədə də xaos yaratdılar".

Suriyada təhlükəsiz bölgə

Mandatın ölkə parlamentində müzakirəsi zamanı milli müdafiə naziri İsmət Yılmaz verdiyi açıqlamada bildirib ki, Türkiyədən belə tez zamanda Suriya və İraqa hərbi müdaxilə gözləmək lazım deyil. Ölkənin Baş naziri Əhməd Davudoğlu isə Suriyadakı kürd şəhəri olan Kobaninin "İslam dövləti" təşkilatından qorunması üçün Türkiyənin əlindən gələni edəcəyini bildirib.

Davudoğlunun bu sözləri onu söyləməyə əsas verir ki, böyük ehtimalla yaxın günlərdə türk əsgəri Suriya sərhədini keçəcək.

Qeyd etmək lazımdır ki, Türkiyə parlamentində "2 oktyabr mandatı"nın qəbul edilməsi qonşu dövlətlər tərəfindən heç də birmənalı qarşılanmadı. Baxmayaraq ki, "İslam Dövləti" terror təşkilatının məhvi İranın da maraqlarındadır, lakin rəsmi Tehran bundan narahat olduğunu açıqlayıb. İran XİN-in rəhbəri Məhəmməd Cavad Zərif türk həmkarı ilə telefon danışığında Ankaranın bu addımının regionda vəziyyəti daha da gərginləşdirəcəyini qeyd edib.

Tehranın ehtiyatlandığı məqamlardan biri də odur ki, Türkiyə ordusu Suriyanın bəzi ərazilərini terrorçulardan azad edərək həmin əraziləri "Azad Suriya ordusu"na verəcək və bununla da müxalifət üçün Əsəd hakimiyyətinə qarşı mübarizədə daha ciddi zəmin hazırlayacaq. Lakin Ankaranın belə bir addım atacağı və Suriyanın digər şəhərlərini nəzarətdə saxlayan "Azad Suriya ordusu"nun buna gedəcəyi inandırıcı deyil.

Bu gün Türkiyə-Suriya sərhədinin böyük bir qisminin "İslam Dövləti"nin nəzarətində olması Ankaranı daha cəld davranmağa məcbur edir. Belə ki, ölkə qarşısındakı ən önəmli məsələlərdən biri də Suriyada uçuşa qadağan olunmuş və təhlükəsiz bölgə yaratmaqdır. Lakin bu o, demək deyil ki, Suriya-Türkiyə sərhədində təhlükəsiz bölgənin yaradılması ilə Ankara problemi həll etmiş olacaq. Çünki, təhlükəsiz bölgənin yaradılması PKK terror təşkilatının maraqlarında deyil. Ən azından ona görə ki, bu, Türkiyənin regiona nəzarətini gücləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti