...

Prezident İlham Əliyev və xanımı "Stadler" Gəncə vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak ediblər (FOTO)

Siyasət Materials 18 Oktyabr 2014 14:43 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərində “Stadler” vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev və xanımı "Stadler" Gəncə vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərində "Stadler" vaqon istehsalı zavodunun təməlqoyma mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı zavodun sxemi, burada istehsal ediləcək vaqonların eskiz layihələri ilə tanış oldular.

Nəqliyyat naziri Ziya Məmmədov və "Stadler Rail Group" şirkətinin prezidenti Piter Şpuler dövlətimizin başçısı İlham Əliyevə ətraflı məlumat verdilər. Bildirildi ki, İsveçrənin "Stadler Rail Group" şirkəti ilə Azərbaycanın "Railway İnternational Distribution" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən Azərbaycanın Gəncə şəhərində ilkin olaraq ildə 60 vaqon istehsal gücünə malik zavod inşa ediləcək. Bu zavod İsveçrə istehsalı olan ən son texnoloji avadanlıqla təchiz olunacaq.

"Stadler Rail Group" şirkəti sərnişin və ixtisaslaşdırılmış vaqonların, tramvay və parovozların istehsalı ilə məşğuldur. Şirkət 1942-ci ildən fəaliyyət göstərir və əsas inkişaf dövrü 1989-cu ildən başlayır. Şirkətin İsveçrə, Almaniya, Polşa, Avstriya, İtaliya, ABŞ və digər ölkələrdə zavodları fəaliyyət göstərir. Şirkətin istehsal etdiyi məhsullardan dünyanın 13 ölkəsində istifadə olunur.

"Stadler Rail Group" şirkəti ilə Azərbaycanın "Railway İnternational Distribution" MMC arasında bağlanılan bu müqavilə son illər ölkəmizdə nəqliyyat infrastrukturunun davamlı inkişafı üzrə dövlət siyasətinin tərkib hissəsidir. Bu gün Azərbaycanda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, yeni növ texnikaların alınması Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasi və iqtisadi xəttin bəhrəsidir. Son illərdə Azərbaycanın nəqliyyat infrastrukturu dinamik inkişaf edərək, bu gün ölkəmizin regionda bu sahədə şəksiz liderliyini təmin etməyə imkan verib. Azərbaycan hazırda Qərb ilə Şərq arasında ən mühüm nəqliyyat dəhlizi rolunu oynamaqdadır. Prezident İlham Əliyev ölkədə nəqliyyat-logistika sahəsinin inkişafına xüsusi qayğı göstərir.

Dövlətimizin başçısı "Stadler Rail Group" şirkətinin fəaliyyətindən bəhs edən videoçarxa baxdı.

Sonra Prezident İlham Əliyev zavodun təməlini qoydu.

Bildirildi ki, Gəncə şəhərinin Kəpəz rayonu ərazisində inşa olunacaq zavodun 2016-cı ildə fəaliyyətə başlaması planlaşdırılır. İyirmi hektar ərazisi olan zavodun tikintisində və fəaliyyətində ekoloji standartlara cavab verən ən müasir texnologiya tətbiq ediləcək. Bu zavodda istehsal olunacaq vaqonların Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və İrana satılması da nəzərdə tutulub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "Stadler Rail Group" şirkətinin Minskdəki zavodunda istehsal olunan vaqonlara baxdılar. Bildirildi ki, bu vaqonlar ən yüksək standartlara cavab verir.
Dövlətimizin başçısı zavodun tikinti işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti