...

Akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti" kitabının ilk təqdimatı keçirilib (FOTO)

Siyasət Materials 21 Oktyabr 2014 13:16 (UTC +04:00)
Bu gün Bakı Slavyan Universitetində (BSU), Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rus dilində çap olunmuş “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabının birinci hissəsinin ilk təqdimatı keçirilib.
Akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti" kitabının ilk təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Bakı Slavyan Universitetində (BSU) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rus dilində çap olunmuş "Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti" kitabının birinci hissəsinin ilk təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Prezident Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli, AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, şərqşünas-alim Vasim Məmmədəliyev, millət vəkili Sahibə Qafarova, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli, BSU-nun müəllim və tələbə heyəti və digər qonaqlar iştirak ediblər.

Tədbiri BSU-nun rektoru, professor Asif Hacıyev açaraq kitabın tarixi əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu əsər görkəmli dövlət xadimi və sərkərdə, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlətin - Səfəvilər dövlətinin banisi Şah İsmayıl Səfəvinin (1487-1524) hərbi-siyasi, ideoloji və diplomatik irsinə milli tarix elmimizdə ən bitkin və sistemli baxışın məhsuludur.

A.Hacıyev bildirib ki, bu dəyərli əsərdə orta əsrlər tarixinə yeni bir baxış ortaya qoyulub. Onun sözlərinə görə, kitabda müəllif Azərbaycanın tarixi torpaqlarını bütövlükdə təhlil edib, bu ərazidə baş verən hadisələrə obyektiv münasibət ortaya qoyub.

Rektor tariximizin öyrənilməsi, tədqiqi və gələcək nəsillərə çatdırılmasında böyük əmək sərf etmiş akademik Ramiz Mehdiyevə dərin təşəkkürünü bildirib.

Daha sonra çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Eldar Əmirov akademik Ramiz Mehdiyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. O vurğulayıb ki, müəllif bu kitabı yazarkən həm Azərbaycan, həm də xarici səfəvişünaslığın əsas nailiyyətlərini nəzərə alıb.

Onun sözlərinə görə, eyni zamanda, kitabda ilk dəfə olaraq dünyanın görkəmli şərqşünaslarının araşdırmalarında əksini tapmamış məxəzlərdən istifadə edilib.

E.Əmirov bildirib ki, akademik Ramiz Mehdiyevin bu əsəri yeddi fəsildən ibarətdir: "Müəllifin toxunduğu məsələlərin vacibliyi və əhatə dairəsi barədə tam təsəvvür yaranması üçün həmin fəsillərin adlarını sadalamaq kifayətdir: "Qərəzsiz və nifrətsiz", "Səfəvilər sülaləsinin etnik mənsubiyyəti", "Səfəviyyə" ordeninin yaranması və siyasiləşməsi", "Səfəvilərin ideologiyası. Şiəlik və qızılbaşlıq siyasi mübarizə vasitələri kimi", "İsmayıl tərəfindən Azərbaycan torpaqlarının birləşdirilməsi və Səfəvilər dövlətinin yaranması", "Şah İsmayılın böyük dövləti: hərbi və siyasi sistemə baxış", "Şah İsmayıl Səfəvi və Azərbaycan mədəniyyətinin və dilinin çiçəklənməsi".

Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, bu yeni nəşr Azərbaycan dövlətçiliyinin tarixində ilk mərkəzləşmiş dövlətin əsasını qoymuş Şah İsmayıl Səfəvinin diplomatik və siyasi fəaliyyətinə həsr olunub.

Onun sözlərinə görə, akademik Ramiz Mehdiyev haqlı olaraq qeyd edib ki, Azərbaycan tarixinə sistemli şəkildə yanaşmaq zəruridir: "Müstəqillik qazanmış xalqın özünü dərk etməsi, tanıması vacibdir. Özünü dərk etməyən xalqda milli qürur və şüur formalaşa bilməz. Bu baxımdan akademik Ramiz Mehdiyevin kitabı çox əhəmiyyətlidir. Bu, kitabın ilk cildidir. Ümumilikdə üç cilddə nəşr olunacaq kitab Şah İsmayıl Xətai irsinin araşdırılmasına böyük töhfə olacaq".

Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, kitab Səfəvilər dövlətinin tarixinin öyrənilməsi və bu sahədəki boşluğun doldurulması baxımından olduqca əhəmiyyətlidir.

Qeyd edilib ki, "Şərq-Qərb" nəşriyyat evində çapdan çıxmış bu kitab mütəxəssislər - tarixçilər və şərqşünaslar, habelə Azərbaycan tarixinin həmin dövrü və Şah İsmayıl Səfəvinin siyasi irsi ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti