...

Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi müzakirə edilib (FOTO)

Siyasət Materials 22 Oktyabr 2014 12:10 (UTC +04:00)
Bu gün Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Beynəlxalq Miqrasiya Təşkilatının həyata keçirdiyi “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi" layihəsinin açılışı olub.
Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi müzakirə edilib (FOTO)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Səbinə Әhmədova/
Bu gün Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Beynəlxalq Miqrasiya Təşkilatının həyata keçirdiyi "Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi" layihəsinin açılışı olub.

Trend-in məlumatına görə, açılış mərasimində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Malena Mard, Beynəlxalq Miqrasiya Təşkilatının Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Renate Heldin, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli və Xarici İşlər Nazirliyinin Humanitar və Sosial Məsələlər İdarəsinin rəisi Marat Kəngərlinski çıxış edib.

Tədbirdə çıxış edən Pərviz Musayev deyib ki, layihənin məqsədi dövlət orqanlarının potensialllrının gücləndirilməsidir. DMX-nin rəis müavini xatırladıb ki, Azərbaycan Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında sazişlər imzalayıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli isə bildirib ki, dünyada əhalinin 2,2 faizini təşkil edən 232 milyon miqrant var. Onlar əsasən əməkçi miqrantlardır. Nazir müavini qeyd edib ki, bu, miqrasiya probleminin nə qədər böyük məsələ olduğunu göstərir.

M.Kərimli bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili və xarici miqrasiya əsas məsələlərdən biri olub və bu istiqamətdə müxtəlif qanunlar qəbul edilib, hüquqi baza yaradılıb.

Onun sözlərinə görə, Azərbaycan miqrasiya prosesinin tənzimlənməsində beynəlxalq əməkdaşlığa üstünlük verir və 15-ə yaxın beynəlxalq əməkdaşlıq sazişləri var. Bir sıra ölkələr, o cümlədən İsveçrə, Almaniya ilə anoloji sazişlərin imzalanması gündəmdədir.
Aİ-nin Azərbaycandakı nümayəndəsi Malena Mard qeyd edib ki, bu layihə tərəfdaşlarla birgə həyata keçiriləcək və bununla sərhəd idarəçiliyinin gücləndirilməsinə çalışılacaq: "Əsas öhdəliyimiz Azərbaycana bu sazişlərin həyata keçirilməsində dəstək olmaqdır. Avropa İttifaqı Azərbaycanı miqrasiya sahəsində çox önəmli tərəfdaş kimi görür".

M.Mard vurğulayıb ki, layihənin büdcəsi 3,2 milyon dollar təşkil edir və 2017-ci ildə başa çatacaq. Onun sözlərinə görə, layihənin məqsədi viza rejiminin sadələşdirilməsi və readmissiya sazişlərinin həyata keçirilməsində, miqrasiya idarəçiliyində səmərəli mexanizmələrin yaradılması, sərhəd idarəçiliyi sahəsinin və insan alverinə qarşı mübarizənin gücləndirilməsidir: "Bu layihə formalaşmış əməkdaşlığa əsaslanır və ümid edirik ki, ən yaxşı səviyyədə həyata keçiriləcək".

Beynəlxalq Miqrasiya Təşkilatının Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Renate Heldin isə bildirib ki, bu prosesdə birgə səylər çox vacibdir.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq miqrantlar üçün təyinat ölkəsinə çevrilib və buradan tranzit kimi də istifadə olunur.

R.Helden Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizəni gücləndirdiyini söyləyib: "Miqrasiya ölkələrin iqtisadiyyatına və mədəniyyətinə təsir edir. Ona görə də bu sahə düzgün tənzimlənməlidir. Azərbaycanla əməkdaşlığımız imkan verir ki, bu istiqamətdə öz töhfəmizi verək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti