...

Siyavuş Novruzov: Avropa Parlamenti Saxarov mükafatını Leyla Yunusa versəydi, həmin mükafatı nüfuzdan salacaqdı

Siyasət Materials 22 Oktyabr 2014 12:54 (UTC +04:00)
Əgər Avropa Parlamenti insan haqları üzrə Saxarov mükafatını Leyla Yunusa versəydi, həmin mükafatı nüfuzdan salmış olacaqdı.
Siyavuş Novruzov: Avropa Parlamenti Saxarov mükafatını Leyla Yunusa versəydi, həmin mükafatı nüfuzdan salacaqdı

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İlkin İzzət/

"Əgər Avropa Parlamenti insan haqları üzrə Saxarov mükafatını Leyla Yunusa versəydi, həmin mükafatı nüfuzdan salmış olacaqdı. Bu mükafatı təqdim edən insanlar da bilirlər ki, Leyla Yunusun kifayət qədər bu və ya digər formada cinayət işində adı gedir. Vətənə xəyanət, Azərbaycanda olan hərbi, dövlət sirlərini digər düşmən dövlətə satma, vergidən yayınma və s. maddələrlə ittiham olunur və istintaq gedir". Bunu Trend-ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

YAP rəsmisinin sözlərinə görə, belə olan halda kiməsə mükafatın verilməsi təbii ki, istintaqın gedişatına təsir olardı: "Bu, dünyada qəbul olunmayan bir şeydir. Bu təzyiqi göstərənlər kimlərdir? Onların təhriki ilə, maliyyə dəstəyi ilə bu hərəkətləri Azərbaycanda həyata keçirən Leyla Yunus və digərləridir ki, artıq bunların da üstü açılır. Onlar burada dələduzluq yolu ilə nə qədər vəsait əldə etdilər, qrantlardan pul kəsmək və digər hallar ortaya çıxıb. Sonra bunun qarşısını almaqdan ötrü onlara tələm-tələsik hər hansı mükafat verib, azadlığa buraxmaq istəyirdilər ki, izi itirsinlər. Artıq istintaq bu məsələlərin izinə düşüb. Yəqin ki, yaxın vaxtlarda açıq şəkildə keçirilən məhkəmədə Azərbaycan xalqı, dünya ictimaiyyəti görəcək ki, bunlar hansı cinayət əməllərini törədiblər və cazaları da nədən ibarət olacaq".

S.Novruzov deyib ki, insan çalışmalıdır ki, öz Vətəninin, dövlətinin hərbi, quruculuq, təhsil və s. sahəsində olan əsas dövlət mükafatlarını alsın: "Vətəninə, xalqına, insanlara, cəmiyyətə xidmətlərə görə bu mükafatları almaq daha vacib şərtdir. Hansısa mücərrəd mükafatı almaq üçün Vətəninə, xalqına, dövlətinə xəyanət etmək yolunu tutmaq yolverilməzdir".

Qeyd edək ki, dünən Avropa Parlamenti insan haqları üzrə nüfuzlu Saxarov mükafatının laureatını açıqlayıb. Saxarov mükafatına namizədliyi irəli sürülənlər arasında Azərbaycanda erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və vətənə xəyanətdə, eləcə də digər ağır cinayətlərdə ittiham olunaraq həbs edilmiş Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun da adı var idi. Lakin Avropa Parlamenti Leyla Yunusu bu mükafata layiq görməyib. Mükafat Konqodan olan ginekoloq Deniz Mukveqeyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti