...

Səadət Bənənyarlı: İnsan hüquqları üzrə işçi qrupunun bərpası vətəndaş cəmiyyətinin dövlət strukturları ilə dialoquna təkan verəcək

Siyasət Materials 22 Oktyabr 2014 18:23 (UTC +04:00)
Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun fəaliyyətinin bərpa edilməsi ölkədə insan haqlarının vəziyyətinin yaxşılaşdırılmasına böyük töhfə olacaq.
Səadət Bənənyarlı: İnsan hüquqları üzrə işçi qrupunun bərpası vətəndaş cəmiyyətinin dövlət strukturları ilə dialoquna təkan verəcək

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun fəaliyyətinin bərpa edilməsi ölkədə insan haqlarının vəziyyətinin yaxşılaşdırılmasına böyük töhfə olacaq. Bu barədə Trend-ə işçi qrupunun katibliyində təmsil olunan hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib.

S.Bənənyarlı bildirib ki, ümumiyyətlə, məhkəmələr tərəfindən hüquqları pozulan insanlar müraciət edərlərsə, onların işləri araşdırılacaq, əvvəlcə həmin qrupa daxil olan vətəndaş cəmiyyəti üzvləri ilə görüş keçiriləcək, sonra isə həmin iclaslara çağırılacaq. Daha sonra qrupun qərarları tövsiyə şəklində müvafiq qurumlara təqdim olunacaq.

Onun sözlərinə görə, qrupun bərpası bütün bu məsələlərin həllində müsbət rol oynayacaq. Eyni zamanda, qrupun bərpası vətəndaş cəmiyyətinin dövlət strukturları ilə dialoquna təkan verəcək: "Əslində qrupa daxil olan insanların dövlət strukturları ilə fəaliyyəti davam edirdi, amma belə bir dialoqun bu şəkildə aparılması müsbət bir hal olacaq".

S.Bənənyarl qrupun növbəti iclasının bir aydan sonra keçirilməsinin planlaşdırıldığını deyib.

Qeyd edək ki, işçi qrupunun bu gün keçirilən iclasında təşkilati məsələlər müzakirə edilib və qrupun həmsədrləri və katibləri seçilib.

Qrupun həmsədrləri Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Sahib Məmmədov seçiliblər.

Həmçinin qrupun adı dəyişdirilərək İnsan Hüquqları üzrə Birləşmiş Qrup adlanıb.

Xatırladaq ki, 2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti