...

Türkiyə Misir bazarına vida edir?

Siyasət Materials 29 Oktyabr 2014 13:32 (UTC +04:00)
Türkiyə-Misir əlaqələrinin keçmişinə nəzər salınsa, bu əlaqələrin ən yüksək zirvəsinin Misirdə “Müsəlman Qardaşlar” təşkilatının hakimiyyəti illərinə təsadüf etdiyini görmək olar.
Türkiyə Misir bazarına vida edir?

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Türkiyə-Misir əlaqələrinin keçmişinə nəzər salınsa, bu əlaqələrin ən yüksək zirvəsinin Misirdə "Müsəlman Qardaşlar" təşkilatının hakimiyyəti illərinə təsadüf etdiyini görmək olar.

Həqiqətən də Türkiyə hakimiyyətinin sabiq prezident Məhəmməd Mursinin simasında "Müsəlman Qardaşlar" hakimiyyətinə göstərdiyi dəstək az deyildi.

Hətta "Müsəlman Qardaşlar"ın siyasi və konservativ fəaliyyət təcrübəsinə sahib olmalarına baxmayaraq, Azadlıq və Ədalət Partiyasının qurulması üçün Türkiyədəki AKP təcrübəsindən faydalanmışdılar. Lakin nəzərə almaq lazımdır ki, dövlətin idarə edilməsi üçün sadəcə siyasi təcrübə deyil, kadrlara da ehtiyac var. 30 illik Hüsnü Mübarək hakimiyyəti zamanı siyasi repressiyalara immuniteti olan "Müsəlman Qardaşlar" təşkilatının isə ciddi kadr və siyasi idarəetmə problemləri var idi. Hətta Baş nazir Hişam Qəndil hökumətinin 2/3-nin sabiq prezident Hüsnü Mübarəkin kadrları olduğu bildirilirdi. Təbii ki, bu da gec-tez öz nəticəsini verməli idi.

"Müsəlman Qardaşlar" Misirdə yenicə hakimiyyətə gələrkən Türkiyə kəşfiyyatının sabiq analitiki Mahir Kaynak Trend-ə açıqlamasında Misir ordusunun hakimiyyətdən heç vaxt imtina etməyəcəyini bildirmiş və ordunun ilk fürsətdə Misirdə hakimiyyəti ələ keçirəcəyini demişdi.

Misirdə "Müsəlman Qardaşlar" hakimiyyətinin hərbi, çevriliş yolu ilə devrilməsinə dünya dövlətlərinin münasibəti birmənalı olmadı. Hərbi çevrilişdən sonra yaradılan müvəqqəti hökumətə qarşı ən sərt tənqid isə Türkiyə hökumətindən gəldi. Türkiyə hökuməti Prezident Abdel Fəttah əl-Sisini hakimiyyəti hərbi yolla ələ keçirməkdə günahlandırdı, Misir isə öz növbəsində Ankaranın əleyhinə bir sıra ittihamlar irəli sürdü.

Ankara və Qahirə arasında davam edən soyuq savaşın məntiqi ardıcıllığı olaraq, bu il oktyabrın 28-də Misir hökumətinin Türkiyə ilə 2012-ci ildə imzalanmış iqtisadi müqavilələri ləğv etdiyi bildirildi. Daha sonra Misirin Ticarət və Sənaye Nazirliyindən verilən açıqlamada Ankara ilə Qahirə arasında iqtisadi müqavilələrin qüvvədə olduğu bəyan edildi.

Bu gün Misirin hazırkı iqtisadi vəziyyəti nəzərə alınsa, söyləmək olar ki, ölkələr arasında münasibətlərin soyuq olmasına baxmayaraq, Ankara ilə 27 müqavilənin ləğv edilməsi Qahirəyə yaxşı heç nə vəd etmir.

2012-ci ildə imzalanan müqavilələr müasir nəqliyyat sisteminin inkişaf etdirilməsi (dəmir yolları və dənizçilik), istehlakçı hüquqlarının qorunması, bazara nəzarət, gömrük, antiinhisar, mülki aviasiyanın inkişafı, əkinçilik, maldarlıq, səhiyyə, (tibbi xidmətlərin təkmilləşdirilməsi, dərmanların tərkibinin araşdırılması), məşğulluq, şəhərsalma, polis akademiyalarının əməkdaşlığı, tarixi abidələrin restavrasiyası və digər sahələri əhatə edir. Bunlarla yanaşı, Türkiyənin "Eximbank"ı ilə Misirin Mərkəzi Bankı arasında kredit sazişləri imzalanmışdı.

Misirdə sabiq prezident Məhəmməd Mursinin simasında "Müsəlman Qardaşlar" ortaq düşmən hesab edilsə də, etiraf etmək lazımdır ki, ölkənin iqtisadi həyatını canlandıracaq ən ciddi müqavilələrin imzalanması məhz "Qardaşlar"ın hakimiyyəti dövrünə təsadüf edir.

Yaxın zamanlarda Ankara-Qahirə siyasi münasibətlərində ciddi irəliləyiş gözlənilməsə də, imzalanan iqtisadi müqavilələrin ləğvi real deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti