Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanın müxalifətyönlü partiyasının bələdiyyə üzvlüyünə 332 namizədi imza toplayıb.
"Partiyamızın 670 nəfər üzvü bələdiyyələrə namizəd olmaq üçün müraciət etmişdi, onların 332 nəfəri imza toplayaraq sənədlərini dairə seçki komissiyalarına təhvil verib", - çərşənbə axşamı Trend -a Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.
Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Əliyevin sözlərinə görə, imza toplayan partiya üzvlərinin neçə nəfərinin namizədliyinin qeydiyyata alınması barədə məlumat yoxdur. "Biz seçkilərdə partiya kimi də iştirak edirik. Partiya adından namizədliyi irəli sürülən 5 nəfərdən 4-ü artıq müvafiq dairə seçki komissiyalarında qeydiyyata alınıb", - ALDP sədri əlavə edib.
АLDP 1999-cı ildə yaradılıb. 2000-ci ildə partiyanın sədri Zakir Məmmədov vəfat etdikdən sonra 2001-ci ildə ALDP ikiyə bölünüb. Valeh İbadov və Fuad Əliyev hər ikisi ALDP adına iddia ediblər. 2004-cü ildə Ali Məhkəmənin qərarı ilə Fuad Əliyevin rəhbərlik etdiyi partiya ALDP kimi tanınıb və dövlət qeydiyyatından keçib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]